Məhkəmə qərarları › İş №2(011)-352/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-352/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-352/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh3 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnaxitam verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 72 saylı evin, 103 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00113-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 20 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 mülkiyyətində olan ünvan 1 mənzil 103 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2015-ci il tarixli 2015/00113-01 İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh5 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı ‘‘borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Xətai Rayon Məhkəməsində iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-2349/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh5 yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 mənzil 103 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması və həmin əmlak satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları qət edilmişldir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Xətai rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X3” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X3” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X2 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X2 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 mənzil 103 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. (Qeydiyyat nömrəsi **********, tarix: xx.xx.2019) Xətai rayon İcra və Probasiya Şöbəsi icra sənədinin tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixə, saat 11:00 mənzilin boşaldılması ilə bağlı icra təyin etmiş və mənzili boşaldaraq həmin tarixə akt tərtib edərək mənzili mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilmişdir. Lakin ipoteka predmeti olan əmlakın artıq İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil veriməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 hal-hazırda da ünvan 2 mənzil 103 ünvanında qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görədə hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadına əsasən mülki işin icraatına Cavabdeh5 münasibətdə xitam verilmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və mülki işə iddiaçının iştirakı olmadan baxılaraq qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəməyə xx.xx.2020-ci il tarixli etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı BOKT ASC ilə cavabdehin mərhum atası arasında borcun ipoteka predmetinə yönəldilməsi üzrə məhkəmə mübahisəsi bitdikdən sonra hazırkı iddiaçı ilə şifahi razılaşma əsasında ödəniş edilmiş və müəyyən məbləğdə pul vəsaiti ödənilmişdir. Bu səbəbdən də, cavabdeh hesab edir ki, tərəflə mərhum atası arasında ümumi razılaşma əsasında ödənilmiş vəsaitlərin geri qaytarılması və yaxud qalan məbləğin ödənilməsi üçün cavabdehlərə müəyyən vaxt verməli idi. Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək pr, 72 saylı evin 103 saylı mənzili ilkin satış qiyməti 48493 manat məbləğində, 15% endirimlə olan qiyməti 41219.05 manat, 25% endirimlə satış qiyməti isə 30914,28 manat məbləğində müəyyən edilərək “X3” MMC tərəfindən hərraca çıxarılmışdır. Alıcı İddiaçı BOKT ASC ipoteka 30914,28 manat qiymətlə əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 72, mənzil 103, İddiaçı BOKT ASC-nə 30914,28 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək pr, 72 saylı evin 103 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə İddiaçı BOKT ASC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Babək pr, 72 saylı evin 103 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3975/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh5 cavabdeh “X3” MMC-nə qarşı, üçüncü şəxs Xətai Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 14962/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3975/2019 saylı məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli mənzil keçirilmiş hərrac nəticəsində satın alındığından, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 72 saylı evin 103 saylı mənzilinə dair İddiaçı BOKT ASC-nin adına qeydiyyatın aparıldığından mübahisəli mənzil üzərində iddiaçının bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir şəxsin mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehlərin mübahisəli mənzildən qeydiyyatda qalması İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 72 saylı evin 103 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar