Məhkəmə qərarları › İş №2(011)-3540/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3540/2025

16.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3540/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “əsassız işdən çıxarılmanın ləğvi, işə bərpa, əmək haqqı və dəymiş ziyanların tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən “Elit Leasing" MMC-nin Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçının işdən azad edilməyinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin əsassız hesab edilərək ləğv edilməsi, iddiaçının işə bərpa olunmağı, bu müddət ərzində qeyd olunan maddə ilə işdən azad olunduğundan başqa yerdə iş tapa bilmədiyi üçün işləmədiyi dövr ərzində kredit ödənişlərinin ödənilməsi və minimum yaşayış məbləğini nəzərə alaraq ümumilikdə ona dəymiş 4000 manat məbləğində maddi ziyanın, keçirdiyi kəskin əsəb, həyacan, streslər və təhqirlər nəicəsində ona dəymiş mənəvi ziyanın qismən də olsa ödənilməsi məqsədi ilə 5000 manat məbləğində mənəvi ziyanın, işlədiyi dövr ərzində cavabdeh tərəflə əvvəlcədən olmuş razılaşmaya əsasən müştərilərdən pulların yığılmasına əsasən ona ödənilməli olan 1500 manat məbləğində faiz pulun və mediasiya və digər məhkmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh "Elit Leasing” MMC ilə əmək müqaviləsi bağlayaraq lizinq mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə isə müqavilə yenilənərək MMCnin Aktivinin İdarə olunması Şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdur. İşlədiyi dövr ərzində heç bir cəza və nöqsanı olmamışdır. Öhdəsinə düşən vəzifəni vicdanla və məsuliyyətlə icra etmiş, hətta dəfərlərlə iş vaxtından sonra belə işlərdə problem olmasın deyə öz. xidməti funksiyasını davam etdirmiş və MMC-nin inkişafında böyük əməyi olub. MMC-nin işləri artdıqdan sonra rəhbərlik tərəfindən işə qəbul olunmuş bir sıra əməkdaşlar onu gözdən salmaq məqsədi ilə rəhbərliyə onu pisləməyə başlamışlar və bunun nəticəsində xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən əsassız olaraq Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəssinin “c” bəndinə əsasən işdən azad olunmuşdur. Lakin Cavabdeh MMC tərəfindən iddiaçının işdən azad olunmağı tam əsassızdır və bu proses kobud qanun pozuntuları ilə müşahidə olunaraq həyata keçirilmişdir. Belə ki. son zamanlar işlədiyi dövr ərzində yeni icraçı direktor işləyən Hidayət Həsənov və sıra digər işçilər təsisçi Elnur Yusifovla onlardan öncə işlədiyinə görə iddiaçını qaralamaq məqsədi ilə barəsində təsisçiyə şər-böhtan xarakterli yalan məlumatlar çatdıraraq onu gözündən salmağa çalışmışlar və buna müvəffəq olduqdan sonra başladılar el arasında deyimlə desək “mənim torbamı tikməyə”. Bundan əlavə onlar dəfələrlə iddiaçı ilə kobud danışaraq ona hədə qorxular gəlməyə başladılar. İddiaçı isə ailəsində aldığı tərbiyəyə görə onlara cavab vermirdi və çalışırdı ki, etik davranış qaydalarını pozmayaraq hörmətlə onlarla davransın. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam vaxtlarında yenə onunla kobud danışaraq mübahisələr edildi və iddiaçı özünü pis hiss edərək başından kəskin ağrılar başladığından həmin tarixdə başladığından həmin tarixdə iş vaxtımdan yarım saat tez olaraq, yəni saat 17:30 radələrində işdən çıxıb evə getmişdir. Evdə dərman qəbul edib, müalicə aldı. Səhərisi gün yəni xx.xx.2024-cü il tarixdə saat 09:00-da işdə olarkən yeni icraçı direktor Hidayət Həsənov ona yaxınlaşaraq onunla mübahisə etməyə başladı və tələb etdi ki, bir gün öncə işdən yarım saat tez getməyi ilə əlaqədar izahat versin. İddiaçı şifahi olaraq ona həmin vaxtı özünü pis hiss etdiyini bildirmişdir. Bu zaman o iddiaçıdaın tələb etdi ki, heç bir səbəb olmadan öz ərizəsi ilə işdən çıxsın. İddiaçı bunun səbəbini soruşduqda isə o iddiaçını təhqir edərək ona dedi ki, "gör mən sənin dalından təpik vurub burdan rədd edim səndə bax". Beləliklə onlar iddiaçını işdən xaric etdilər. Lakin xaric olunmasının səbəbi barədə nə araşdırma ilə onu tanış etdilər, nə də ki, xaric olunmağı ilə əlaqədar əmrin surətini ona təqdim etmədilər. Yalnız əmək kitabçasını ona təhvil verib, onu ordan qovdular. Hətta iddiaçı həmişə aldığı əlavə olaraq yığımdan olan 1500 manat faizimi onlardan tələb etdikdə onu da ödəməkdən imtina etdilər. İddiaçı əsassız işdən çıxarılmağı ilə bağlı iş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin 142 qaytar xəttinə müraciət etmiş, lakin Əmək Müfəttişliyi Xidmətindən aldığı cavab məktubundan ona məlum oldu ki, Xidmət tərəfindən müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar cavabdeh tərəfə onun işdən xarc olunmağı ilə bağlı aidiyyəti sənədlərin təqdime dilməsi üçün sorğu verilsə də, cavabdeh tərəf X3 də laqeyd yanaşaraq araşdırma müddəti ərzində sənədləri təqdim etməmişdir.Çox güman ki, həmin ərəfədə iddiaçının işdən çıxarılmasının qanuni əsaslarla olmadığından və bu proses qanuna zidd oalraq iddianın hüquqlarını pozularaq həyata keçirildiyindən dərhal hər hansısa bir sənəd təqdim edə bilməmişlər. Həmçinin əsassız işdən çıxarılmasının ləğvi, işə bərpa olunması və əmək haqqı tələbi ilə əlaqədar prosessual qaydada Bakı şəhəri 2 saylı Mediasiya Təşkiatına müraciət etmiş və hətta Mediasiya dövründə belə cavabdeh tərəf iclasda iştirak etməmişdir. Beləliklə də, həm X2 araşırması zamanı həm də. Mediasiya dövrü əv.ində cavabdeh tərəfin heç bir əsas göstərmədən zəruri sənədlərin təqdim etməməsi və mediasiya iclasında iştirak etməməsi cavabdeh tərəfin iddiaçını əsassız Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəssinin “c” bəndi ilə işdən azad etməsinə dəlalət edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, həmçinin yazılı şəkildə ərizəsini təqdim edərək, bildirmişdir ki, iddiaçı tərəfindən MMC-də çalışaraq, əməkdaşlara qarşı qeyri etik hərəkətlər, kobudçasına davranış və hədə qorxular edilirdi. Nəticədə MMC-nin əməkdaşları tərəfindən direktora yazılı şəkildə müraciət olunmuşdur. Həmin müraciət nəticəsində İddiaçı dəvət olunaraq, ondan izahatın yazılması xahiş edilmişdir. Lakin İddiaçı tərəfindən izahatın yazılmasına imtina edilmişdir. Bundan başqa İddiaçı tərəfindən MMC-nin mühasibindan möhür tələb edilmişdir ki, müştəriyə verilmiş etibarnaməyə özü şəxsən möhür vursun. Halbuki, İddiaçı MMC-nin möhürünü özündə saxlamağı və möhürdən istifadə edilməsi səlahiyyəti yox idi. Bundan başqa İddiaçı tərəfindən qanundan kənar müqaviləyə aidiyyəti olmayan şəxsə etibarnamə vermək niyyətində olaraq, (özündən şəxsi kompyuter vasitəsi ilə kənar şəxsə nəqliyyatın idarə olunması üçün hazırlayıb çap etmişdir) direktor otağına daxil olub həmin etibarnamənin imza olunmasını tələb etmişdir. Həmin etibarnamə qanuna zidd olduğu üçün, MMC-nin direktoru tərəfindən imtina olunmuşdur. Buna cavab olaraq İddiaçı tərəfindən direktora nalayiq sözlər deyilmiş, sonradan isə otaqda olan və MMC-yə məxsus stəkanı zərbə ilə yerə çırpmışdır. Bu kimi hərəkətlər qeyri adekvat hərəkət idi. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-H- 8000/2025 saylı məktubunda görünür ki, iddiaçının müraciətinin araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün Xidmət tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemindəki məlumatlara əsasən AZ1129, ünvan 1 ünvanına, eyni zamanda, AZ1052, ünvan 2 ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2-95305/2024 saylı məktub göndərilmişdir. Lakin keçən dövr ərzində Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən heç bir cavab verilməmiş və sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirimiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı iddiaçı Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özürün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxıd bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi məlum olmuşdur. Təqdim edilən xx.xx.2024-cü il tarixli 3-17-5/1 - H-68520/2024 saylı izahata əlavə edilən bank hesabdan çıxarışa əsasən əmək müqaviləsinə xitam verilən gün son haqq-hesabın ödənildiyi məlum olmuşdur. Həmçinin qeyd edilmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən sənədlər təqdim olunacağı təqdirdə iddiaçının müraciətinə baxılaraq, cavablandırılacaqdır. 0010205 saylı əmək kitabçasının surətinnən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 02 nömrəli əmr ilə Cavabdeh MMC-yə lizinq mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli əmr ilə Cavabdeh MMC-yə X1 müdir vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixli 15 saylı əmr ilə AR-nın ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMCnin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat ilkin mediasiya və 10 manat poçt,kargüzarlıq və sair xərclər iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixində imzalanmış əmək müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin Aktivlərin idarə olunması şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.2 maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 72-ci maddəsinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Həmin Məcəllənin 80.1-ci maddəsi ilə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmçinin 80.2 maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsaəsn əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-yə lizinq mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixindən Cavabdeh MMC-yə Aktivlərin idarə olunması şöbəsinə müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71 -72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən digər işçilərin izahatları və aktlarından isə işin normal ahənginə pozan halın baş verməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı MMC-nin möhürünü əldə etməmiş, əldə etmədiyinə görə də hər hansı sənədə möhür vurmamışdır. Həmçinin mülki işin materiallarına əlavə edilməmiş, lakin məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən göstərilmiş videoya münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən otaqda tək olarkən fincanı sındırması da işin normal ahənginə təsir etmədiyindən, işçinin əmək funkisiyalarını kobud surətdə pozması demək deyildir. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır. Məhkəmə iddia tələblərinin “qeyd olunan maddə ilə işdən azad olunduğundan başqa yerdə iş tapa bilmədiyi üçün işləmədiyi dövr ərzində kredit ödənişlərinin ödənilməsi və minimum yaşayış məbləğini nəzərə alaraq ümumilikdə ona dəymiş 4000 manat məbləğində maddi ziyanın” cavabdehdən alınması hissəsində hesab edir ki, əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsində yazılmışdır ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Lakin iddia tələblərindən görünür ki, iddiaçı işdən azad olmamışdan əvvəl də kredit borcu olmuşdur. Həmin kredit borcu iddiaçının işsiz qalması ilə əlaqədar yaranmamışdır. Ona görə də onun aylıq kredit ödənişləri qeyd edilən maddənin təsir dairəsinə düşmür. Bundan başqa qanunvericilikdə iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqını tələb etmək hüququ verilmişdir. Belə olan halda minimum yaşayış məbləğinin cavabdehdən tutulmasının hüquqi əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələblərinin “keçirdiyi kəskin əsəb, həyacan, streslər və təhqirlər nəicəsində ona dəymiş mənəvi ziyanın qismən də olsa ödənilməsi məqsədi ilə 5000 manat məbləğində mənəvi ziyanın” cavabdehdən tutulması hissəsində hesab edir ki, əsassızdır. Belə ki, iddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehlərin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir Məhkəmə iddia tələblərinin “işlədiyi dövr ərzində cavabdeh tərəflə əvvəlcədən olmuş razılaşmaya əsasən müştərilərdən pulların yığılmasına əsasən ona ödənilməli olan 1500 manat məbləğində faiz pulun cavabdeh tərəfindən ödənilməsi” hissəsində hesab edir ki, əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4- cü bəndində işçiyə əmək haqqından əlavə ödənişlərin ödənilməsi barədə hər hansı şərt mövcud olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 15 nömrəli əmr ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin Aktivlərin İdarə olunması Şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: AR Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddiaların məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən və o, öz üzərinə düşən 50 manat məbləğində mediasiya xərcini ödədiyindən, ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıya tutulmalı, qalan 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 15 nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin Aktivlərin İdarə olunması Şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar