Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3549/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi yaında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi” barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və bildirişə əsasən o, anbardar vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının bildirdiyinə görə, heç vaxt cavabdeh qurumda işləməməmişdir.
2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bilirişinin “Əmək və Məşğulluq” altsistemində yerləşdirilməsi barədə iddiaçının müraciəti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi yaında X1 Xidməti tərəfindən yerinə yetirilməmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçı onunla Cavabdeh MMC arasında başlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron infirmasiya sisteminə daxil edilməsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o “anbardar" vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinin bir nüsxəsi ona təqdim edilməmişdir. Bir müddət sonra cavabdeh öz fəaliyyətini dayandırmışdır. Lakin bu günə kimi mərkəzləşdirilmiş elektron informasiya sistemində onun cavabdehdə işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Cavabdeh öz fəaliyyətini dayandırsa da, lakin onunla bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr qəbul etməmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini təmin etməmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Müfəttişliyin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini cavabdeh təmin etməlidir. Həmçinin, məktubda o da bildirilmişdir ki, işə götürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun icrası mümkün deyildirsə, iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bundan sonra o, mübahisənin məhkəmədən kənar həli üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən mediasiya sessiyasında iştirak edən olmadığı üçün mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Elektron informasiya sistemində onun hal-hazırda cavabdehdə işlədiyi, yəni əmək müqaviləsinin qüvvədə olması görünür. Cavabdeh fəaliyyətini dayandırdığı üçün Cəmiyyətin məsul şəxslərini tapıb, elektron sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edilməsini tələb edə bilmir. Bu səbəbdən də aralarında yaranan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, məsələni aydınlaşdırmaq məqsədilə cavabdehin hüquqi ünvanına gedib, lakin ora fərdi evdir və sakinlər yaşayır, həmin şəxslərin isə ümumiyyətlə belə bir qurumdan xəbərləri yoxdur. Cavabdeh Cəmiyyətdə heç vaxt işləməyib, onunla əmək müqaviləsi bağlanmayıb, o, belə bir müqavilə imzamamışdır.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
8. Maddə 42.1 Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
9. Maddə 42.2 Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
10. Maddə 43.1 Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
11. Maddə 44.1 Əmək müqaviləsi yazılı formada bağlanır.
12. Maddə 44.2 Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
13. Maddə 44.3 Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
14. Maddə 46.5 Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
21. Məhkəmə qeyd edir ki, tərəflərin öz iddia tələblərinin hüquqi əsasları kimi hansı dəlilləri irəli sürmələrindən asılı olmayaraq məhkəmə müstəqil şəkildə iddia tələbinin hüquqi əsasını müəyyənləşdirməlidir.
22. İşin müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı ilə əmək müqaviləsinin bağlanması barədə elektron informasiya sistemində məlumatlar qeydə alınsa da, əslində iddiaçı ilə cavabdeh arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin tərəfləri, əmək müqaviləsinin məzmunu, əmək müqaviləsinin forması ilə bağlı müddəalardan da göründüyü kimi, əmək müqaviləsi iki tərəfin (işçi və işəgötürən) razılığı və iradəsini ifadə edən yazılı formada bağlanır. Əmək müqaviləsinin yazılı formada bağlanması, müqaviləni bağlayan tərəfindən onu imzalaması müqavilənin etibarlılığı üçün ən vacib şərtlərdəndir.
24. İddiaçı məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, cavabdeh Cəmiyyəti tanımır, orada işləməmiş, onunla aralarında heç bir əmək münasibətləri yaranmamış və mövcud olmamışdır. Bu halda isə məhkəmə hesab edir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı qanunvericiliyin müəyyən etdiyi ən vacib şərtlərdən olan müqavilənin işçi tərəfindən imzalanması, yəni onun müqavilənin bağlanması üçün iradə ifadəsinin mövcud olması şərti mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, qeyd edilənlər yəni, əmək müqaviləsinin yalnız işəgötürən tərəfindən tərtib edilməsi isə, mahiyyət etibarı ilə, əmək müqaviləsinə xitam verilməsinin deyil, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır.
25. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və işin məhkəmədə araşdırılan faktiki hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il tarixdə bağlanılmış əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmadığından etibarsız hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı