Məhkəmə qərarları › İş №2(011)-3551/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3551/2022

29.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3551/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, İsrafilzadə (Hidayətli) Səmayə Xəyyam qızına və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2 saylı evin, 122 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz və faktiki hallarına görə, qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 4 otaqlı 2 saylı evin 122 saylı mənzil (bundan sonra – Mənzil) iddiaçıya məxsusdur və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2005ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdehlər - Cavabdeh3 və Cavabdeh1 iddiaçının oğlu, Səmayə İsrafilzadə isə iddiaçının gəlini, Cavabdeh1 keçmiş arvadı olmuşdur və onların nikahı pozulmuşdur. Cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə yaşamırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda da mülkiyyətındədir. Cavabdehlər 5 ildən çox müddətdir ki, həmin mənzildə yaşamırlar, övladları Cavabdeh1, Cavabdeh3 uzun müddətdir ki, həmin mənzildə yaşamadıqlarına baxmayaraq, mənzildən qeydiyyatdan çıxmaq üçün faktiki hərəkətsizlik göstərirlər. Digər cavabdeh Səmayə İsrafilzadə isə keçmiş gəlinidir və 2016-cı ildən oğlu ilə olan nikahları pozulmuşdur. Cavabdehlərin qeydiyyatdan çıxarılması məhkəmə qaydasında həll edilməlidir. Hal-hazırda mülkiyyətçi kimi ona məxsus mənzili satmaq, ipotekaya qoymaq üçün maneə yaratdığından məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclası zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbini qəbul etmədiklərini bildirdilər. Cavabdeh Səmayə (Hidayətli) İsrafilzadə isə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və işdə iştirak edən cavabdehlərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçının mənzilə dair mülkiyyət hüququ 2005-ci il tarixdə yaranmışdır. Ona görə də hazırkı mübahisəyə, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi nəzərə alınmaqla, Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməlidir. Həmin müddəda mülkiyyətçi ilə bərabər onunla birlikdə yaşayan ailə üzvələrinin istifadə hüquqlarının yaranması əsasları göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, mülkiyyətçinin ailə üzvlərinin istifadə hüquqlarının yaranması üçün əsas şərt onların mülkiyyətçi ilə ailə münasibətləri daxilində birlikdə yaşamalarıdır. Cavabdehlər – Cavabdeh1 və Cavabdeh3 iddiaçının ailə üzvü, övladları olması, eləcə də onların yetkinlik yaşına çatanadək iddiaçı ilə birlikdə Mənzildə yaşamaları işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələri ilə müəyyən edilir ki, Cavabdeh3 xx.xx.1990-ci il tarixdə, Cavabdeh1 isə xx.xx.1992-ci il tarixdə doğulmuşlar və Mənzil 2005-ci il alınarkən onlar yetkinlik yaşına çatmamışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” AR Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. MM-nin 228-ci maddəsi mülkiyyətçinin ailə üzvələrinin mənzildən istifadə hüququnun yaranması üçün iki əsas müəyyən etmişdir: şəxsin mülkiyyətçinin ailə üzvü olması və mülkiyyətçi ilə birgə yaşaması. Yuxarıda qeyd edilən işin hallarından da görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçının ailə üzvləridir (oğludur). Göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsinə və Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçıya məxsus mənzildən istifadə hüququ yaranmışdır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənatə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının övladları kimi yetkinlik yaşına çatanadək Mənzilə köçərək iddiaçı ilə birlikdə yaşadıqlarından, onların Mənzildən istifadə hüquqları yaranmışdır. İddiaçının tələbi isə onların Mənzilə dair istifadə hüquqlarına xitam verilməsi ilə bağlıdır. Mülkiyyətçi ilə birlikdə yaşayan şəxslərin istifadə hüquqlarına xitam verilməsinin əsasları isə Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq həll edilməlidir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək onların istifadə hüquqlarına xitam verilməsinə etiraz etdilər. Beləliklə, iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1a aid hissəsinə dair məhkəmə hesab edir ki, onların istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kompensasiya verilmədən iddiaçıya məxsus Mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün əsaslar da mövcud deyil. Belə ki, ƏMDK Yanında DƏDKR 1 saylı İnzibati Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, cavabdehlərin adına hər hansı daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli qərarında müəyyən etmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Digər cavabdeh Səmayə İsrafilzadəyə aid hissədə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, işin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da göründüyü kimi, Səmayə İsrafilzadə iddiaçının keçmiş gəlinidir və Mülki Məcəllənin 228.5ci maddəsinin mənası baxımından iddiaçının ailə üzvü hesab edilmir. Odur ki, ona münasibətdə iddia tələbinin əsasını MM-nin 228.1 və 228.2-ci maddələri təşkil edir. Həmin Məcəllənin 228.1 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddənin birinci cümləsi isə müəyyən edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşin yuxarıda qeyd edilən hallarından isə görünür ki, iddiaçı ilə Səmayə İsrafilzadə arasında istifadə hüququ ilə bağlı müqavilə bağlanmamış və onun istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Bu halda Səmayə İsrafilzadənin iddiaçıya məxsus Mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassızdır. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdeh X1 mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra İsrafilzadə (Hidayətli) Səmayə Xəyyam qızının Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2 saylı evin, 122 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar