Məhkəmə qərarları › İş №2(011)-359/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-359/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-359/2021 22.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh1, onun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzildən Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Hazırda həmin mənzil 2019-cu il tarixdə qeydiyyata alınmış, iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Mənzili aldıqdan sonra iddiaçının xəbəri olmadan cavabdeh həmin mənzildə qeydiyyata düşmüşdür. Cavabdehin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və X1 mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X7 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 öz izahatında bildirdi ki, mübahisəli 3 otaqlı mənzil 1976-cı ildə ona orderlə verilmişdir. 1994-cü ildə X4 adına General Mehmandarov küçəsi, ev 20A, 5 saylı mənzili almış, daha sonra Fərzəli mənzili ona hədiyyə vermişdir. Mübahisəli mənzildən köçdükdən sonra o həmin mənzili qızına bağışlamışdır. Qızı həmin vaxt evli olmuşdur.1994-cü ildə mənzildən çıxanda o, öz qardaşının ailəsinə, uşaqlarına mənzildə yaşamağa icazə vermişdir. Onlar 1994-cü ildən həmin mənzildə yaşayırlar. Lakin onların ora qeydiyyata düşməsinə nə özü nə qızı tərəfindən razılıq verilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzil xx xxxxxx 1976-cı ildə order əsasında iddiaçının atası X6 dövlət tərəfindən verilmişdir. Meyti Abdullayev 1994-cü ildə öz qardaşı X10 və onun uşaqlarına sözügedən mənzildə yaşamağa icazə vermişdir. Əhməd Həsənov həmin ildən öz ailəsi ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxx 2021-ci il tarixdə verilmiş məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzil xx xxxxxx 1995-ci il tarixdə ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Məhkəmə iddia tələbinin cavabdehlər X8 və Cavabdeh1 mənzildən istifadə hüquqlarının itirilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan ailə hüquq münasibətləri 1976-cı ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1976-cı ildə Meyti Həsənov və Əhməd Həsənov qardaşlarına order əsasında dövlət tərəfindən mübahisəli ünvanda yerləşən iki mənzil verilmişdir. Meyti Həsənova 28 saylı mənzil, Əhməd Həsənova isə 28 A saylı mənzil verilmişdir. 1976-cı ildən 1994-cü ilədək Əhməd Həsənov öz ailəsi ilə 28A saylı mənzildə, Meyti Həsənov isə 28 saylı mənzildə yaşamışlar. 1994-cü ildə Meyti Həsənov öz ailəsi ilə birlikdə 28 saylı mənzildən General Mehmandarov küçəsində yerləşən mənzilə köçmüş, qardaşı Əhməd Həsənova və onun ailə üzvlərinə özünə məxsus mənzildən istifadə etmələri üçün icazə vermişdir. Bu hal Meyti Həsənovun məhkəmə iclasında verdiyi izahatlarla da sübuta yetirilmişdir. 1994-cü ildə Meyti Həsənov ailəsi ilə birlikdə köçdükdən sonra 28 saylı mənzildə Əhməd Həsənov və oğlu Cavabdeh1 yaşamağa başlamışlar. Digər oğlu Cavabdeh2 isə ailəsi ilə birlikdə 28A saylı mənzildə yaşamağa başlamışdır. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28A saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli Qərarının hüquqi mövqeyindən çıxış edərək məhkəmə belə hesab edir ki, hazırkı mülki iş üzrə münasibətlər 2000-ci ildən əvvəl yarandığı üçün köhnə Mənzil Məcəlləsinin normaları tətbiq edilmişdir, lakin həmin məcəllənin normalarında istifadə hüququna xitamla bağlı müddəa nəzərdə tutulmadığı üçün Mülki Məcəllənin kompensasiya ilə bağlı normaları analogiya üzrə hazırkı mülki işə tətbiq edilməlidir. Mülki Məcəlləyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə belə hesab edir ki, cavabdehlər X8 və Cavabdeh1 mənzildən istifadə hüquqlarının itirilməsinə yalnız mülkiyyətçinin kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalanan hallara qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlər X12 və Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə 1994-cü ildən ünvan 1 ünvanda yaşadıqlarından, həmin mənzildə qeydiyyatda olduqlarından və onların yaşayış sahəsindən istifadə hüququ mövcud olduğundan iddia tələbi onlara aid olan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 mənzildən istifadə hüququnun itirilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 özünə məxsus evin olmasını qeyd etmiş, hazırkı evdən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırda Cavabdeh2 daimi yaşamaq üçün mülkiyyəti mövcuddur, ona görə də evlə bağlı zərurəti aradan qalxmışdır. Odur ki, Cavabdeh2 özünə aid evi olduğu və mübahisəli yaşayış sahəsi ilə bağlı tələbatı aradan qalxdığı üçün ona aid hissədə iddia tələbi təmin edilməli, Cavabdeh2 kompensasiya ödənilmədən onun mübahisəli mənzildən istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzilindən istifadə hüquqları itirilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzilindən istifadə hüquqları itirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar