Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3599/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun idddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şərik işlədiyi cavabdeh ilə xırda ticarətlə məşğul olmuşdur. Sonradan işlərinin alınmaması ilə əlaqədar cavabdeh tərəfindən həmin mağaza satılmış, o, iddiaçıya 6.000 ABŞ dolları məbləğində pul ödəməli olduğu halda ödəməmişdir. İddiaçı dəfələrlə cavabdehdən pulu tələb etsə də, o, ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında bildirdi ki, cavabdehlə birlikdə 1993-cü ilin mart ayında mağaza açıb mal satmışlar. Mağazanı açarkən 1.200 dollar pul qoymuşlar. Onların 750 manat mənfəətləri olmuşdur. O, 1993-cü ilin avqust ayında yol qəzasına düşmüş və bir müddət işləməmişdir. Həmin dövrdə cavabdeh mağazanı tək işlətmişdir. Cavabdeh mağazanı 1996-cı ildə 1.900 dollara satmışdır. O, iddiaçıya 950 dollar verməli olduğu halda, 4 il ərzində cəmi 250 dollar vermişdir. Məhkəmə iclasında X3 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, izahatında bildirdi ki, onlar mağaza açarkən hər biri 200 dollar pul qoymuşlar. Ayda 50- 100 dollar mənfəət əldə etmişlər. O, təxminən bir il mağazanı tək işlətmişdir. O, oğlunun yanında iddiaçıya 200 dollar vermişdir. 2015-2016-cı illərdə ona qarşı polisə şikayət verilmişdir. Mağaza 1.400 dollara satılmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehlə aralarında ticarət münasibətlərinin olmasına və şərik işlədiklərinə istinad etmiş və cavabdehdən işlətdikləri mağazanın satılması ilə bağlı gəlirlərin ona geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdehin onun qarşısında 6.000 ABŞ dolları məbləğində pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı cavabdehdən 6000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq idddiaçıya qaytarılması barədə tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3599/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3599/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver