Məhkəmə qərarları › İş №2(011)-3602/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3602/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3602/2021 14.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Atabay oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna itirilməsi və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi və onun həmin mənzildən məcburi qaydada çıxarılması tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 04.09.2020-ci il tarixdə ona məxsus ola ünvan 2 ünvanında yerləşən mənzili AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 101000 manat ödəyərək almışdır. Əmlakı aldıqdan sonra cavabdeh iddiaçıdan köçməyi üçün müddət istəmişdir. İddiaçı da onunla razılaşmış, cavabdehə 3 ay müddət verdi. Alqı-satqıdan sonra 6 ay keçməsinə baxmayaraq cavabdeh hələ də evdən çıxmamışdır. Cavabdeh dəfələrlə tələb etsə də iddiaçının bu tələblərinə məhəl qoymadan, mənzildən çıxmayacağını açıq şəkildə iddiaçıya bildirmişdir. İddiaçı mülkiyyətində cavabdehin hərəkətləri nəticəsində istifadə edə bilmir. İddiaçı bildirmişdir ki, cavabdehin iddiaçının evində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Onun iddiaçının mənzilində qeydiyyatda olması iddiaçının mənzili ilə bağlı sərəncam vermək və sairə hüquqularını məhdudlaşdırmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Atabay oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh müvafiq qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəməyə xəstəliyi ilə əlaqədar üzrlü səbəb təqdim edərək iclasda iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 185.6-cı maddəsinə istinadən tərəf üzürlü səbəb təqdim etdiyi təqdirdə məhkəmə iclası tərəfin iştirakı olmadan da keçirilə bilər. Cavabdeh iştirak etdiyi 07.05.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəməyə verdiyi izahatında göstərdi ki, o, İddiaçı 60000 ABŞ dolları borc almışdır. İddiaçı borc müqabilində ünvan 3 ünvanında yerləşən mənzili iddiaçının adına keçirtməyi istədi. İddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən borc ödənildikdən sonra iddiaçı mənzili yenidən cavabdehin adına alqı-satqı müqaviləsinə əsasən keçirtməli idi. Cavabdeh iddiaçıya borcundan 95000 manatı qaytarmışdır. Lakin cavabdeh sonradan iddiaçı tərəfindən aldadıldığını öyrəndi. Məhkəmə proses iştirakçılarının izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 14.09.2020-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən mənzilini alıcı İddiaçı satmışdır. Müqavilənin 6-cı bəndinə əsasən satılan mənzil üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixdən əmələ gəlir. Həmin müqavilənin 8-ci bəndinə əsasən isə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi öhdəsinə götürürmüşdür. Həmin müqavilənin 11-ci bəndinə əsasən isə satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə göstərilən 14.09.2020-ci il tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən elektron çıxarış). Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Cavabdeh tərəflər arasında imzalanmış 14.09.2020-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin görünüş üçün imzalandığı bildirsə də, məhkəməyə bu halı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehin istinad etdiyi halları sübuta yetirilmədiyinə görə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınaraq qızı ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh həmin mənzildən istifadə hüququnun saxlanılması və onun həmin mənzildə yaşamağa davam etməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilərək, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 4 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilərək, Cavabdeh ünvan 4 saylı mənzildən məcburi qaydada çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar