Məhkəmə qərarları › İş №2(011)-3651/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3651/2022

30.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3651/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şahismayıl İsmayılovun Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şahismayıl İsmayılov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 34, 103 saylı mənzili keçmiş mülkiyyətçisindən 15 noyabr 1996-cı il tarixdə 36 saylı Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almışdır. 02 avqust 2017-ci il tarixli çıxarışa əsasən iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh yaşayış sahəsini satdıqdan sonra satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Anaxanım İsmayılova iddiaçı Şahismayıl İsmayılovun əridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan notariat işindən görünür ki, iddiaçı Şahismayıl İsmayılov Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 34, 103 saylı mənzili keçmiş mülkiyyətçisindən 15 noyabr 1996-cı il tarixdə 36 saylı Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Şahismayıl İsmayılov Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 34, 103 saylı mənzili 1996-ci ildə alğı-satqı müqaviləsinə əsasən mülkiyyətinə qəbul etmişdir. Cavabdeh iddiaçının ailə üzvü deyildir, həmin mənzildə hazırda yaşamır, hansı hüquqi əsaslarla mübahisəli mənzildə qeydiyyata alınması barədə heç bir məlumat mövcud deyildir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil 1996-cı ildən iddiaçının mülkiyyətinə keçdiyindən hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması və mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə edilməsi üçün mülkiyyətçinin ailə üzvü olmaq mütləq şərt kimi göstərilmişdir. İş materiallarından və iddiaçının izahatlarından da görünür ki, cavabdeh iddiaçının ailə üzvü deyildir. Məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olan alğısatqı müqaviləsi ilə bağlı notariat işinin materialları təhlil edilmiş, cavabdehin mənzilin keçmiş sahibinin ailə üzvü olması və ya həmin dövrdə həmin mənzildə qeydiyyatda olması ilə bağlı hər hansı hal aşkar edilməmişdir. Beləliklə, Cavabdeh həmin mənzilə istifadə hüququnun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Cavabdeh mənzildə formal qeydiyyatda qalmaqla iddiaçının mülkiyyəti ilə bağlı qanunla qorunan hüquqları pozulur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından, həmin mənzildə hazırda yaşamadığından, hansı hüquqi əsaslarla mübahisəli mənzildə qeydiyyata alınması barədə heç bir məlumat mövcud olmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Şahismayıl İsmayılov Cavabdeh qarşı - cavabdehin Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi cavabdehin istifadə hüququ olmadığından rədd edilsin. İddiaçı Şahismayıl İsmayılov tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar