Məhkəmə qərarları › İş №2(011)-3681/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3681/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3681/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.020 manatın, ekspert rəyinə görə ödənilmiş 200 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin yay aylarında Babək prospektində yerləşən avtomobil təkər bazarında tanışı Adışirin adlı şəxsə satmaq üçün ümumi qiyməti 5000 manat olan dörd komplekt 18-20-lik disk və təkərlər vermişdir. Mütəmadi olaraq disk və təkərlərin satılıb-satılmamasını yoxlamışdır. 17.04.2019-cu il tarixdə yenidən bazara gedərək disk və təkərlərin satılıb-satılmaması yoxladıqda, nə disk və təkərlərin satıldığını, nə də, həmin yeri işlədən Adışirin adlı şəxsin olduğunu görmüşdür. Dərhal Adışirininlə əlaqə saxlamış, disk və təkərlərin satılıb-satılmaması soruşduqda, ona bildirmişdir ki, onu tapa bilmədiyi üçün dörd komplekt 18-20-lik disk və təkərləri üzbəyüz təkər təmiri yerində işləyən (Qaqaş ləğəbli) Məzahir adlı şəxsə onun icazəsi olmadan vermişdir. (Qaqaş ləğəbli) Məzahir adlı şəxsin mobil nömrəsinə zəng etmiş, sonradan şəxsiyyəti bəlli olan, Cavabdeh1 bildirmişdir ki, dörd komplekt 18-20-lik disk və təkərlər ona Adışirin tərəfindən verilib və o, onları satıb. Disk və təkərlərin mənimsənmiş pullarını qaytarmasını tələb etmiş, Cavabdeh1 cavabında bildirmişdir ki, nə dörd komplekt 18-20-lik disk və təkərləri, nə də onların pulunu xərclədiyinə görə qaytara bilmir. Dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq, dörd komplekt 18-20-lik disk və təkərlərin mənimsəməsi barədə şikayətini bildirmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən zəng gəlmiş və ərizə yazmaq üçün bölməyə dəvət olunmuşdurÜstündən bir ay keçdikdən sonra, 26.04.2019-cu il tarixli, 088 3804Ə-3219 nömrəli məktuba əsasən, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB tərəfindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, mülki məsələdir, məsələnin həlli məqsədi ilə məhkəmyə müraciət etməyim məsləhət görülmüşdür. Bakı şəhəri Nizami rayon Prokurorluğuna şikayət yazmış, Prokurorluğun 17.01.2020-ci il tarixli, №700-Ş-19 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciətinə baxılmış, məlum edilmişdir ki, eyni məzmunlu müraciəti əsasında Bakı şəhəri, Nizami rayon RPİ-nin sahə rəisi, polis moyoru Lətif Əliyev tərəfindən araşdırma aparılmış, toplanmış materiallarda cinayət tərkibi olmadığından material 26.04.2019-cu il tarixdə işə alınmaqla, ərizəsində qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Bakı şəhəri Nizami rayon polis İdarəsinin 23-cü polis bölməsində RPİ-nin sahə rəisi, polis moyoru Lətif Əliyevə Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlarında avtomobilə dair disk və təkərin götürərək satdıqlarını boynuna alaraq təsdiq edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlar etiraf izahatı kimi qəbul edilməli və bu da, iddianın təmin edilməsi üçün əsasdır. Avtomobilə dair disk və təkərlərin qiymətləndirilməsi üçün X5 və Ekspertiza Mərkəzinə rəsmi müraciət etmiş, 17.05.2021-ci il tarixli rəyə əsasən dair disk və təkərlərə 5.020 manat qiymət müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi üçün 200 manat ödəniş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, 2016-cı ilin yay aylarında Məzahir vasitəsi ilə tanıdığı Ruslan adlı şəxs ona bir komplekt Mitsubishi Galant minik markalı nəqliyyat vasitəsinə aid 4 ədəd və müxtəlif növ avtomobillərə aid 8 ədəd işlənmiş vəziyyətdə olan disk və təkərləri satılması üçün vermişdir. Təkərləri qəbul etməzdən əvvəl Ruslana təkərlərin çox işlənmiş olmasını və ancaq “Mercedes” avtomobillərinin disk və təkərlərini satdığını və ümumiyyətlə bu təkərlərin çətin satılacağını demişdir. Malı qəbul etdikdən sonra onları vitrinə deyil, işlədiyi obyektin arxa hissəsinə yığmışdır, çünki malın dəyəri olsaydı, satıb öz xeyrini götürərdi. 2018-ci ildə fəaliyyətini dayandırmağa qərar vermişdir. İşlədiyi obyekti təhvil verməli idi. Ruslana dəfələrlə zəng etmiş, lakin onunla əlaqə saxlaya bilməmişdir. Ona görə də, Məzahirə müraciət edərək, Ruslanı tapmasını demişdir. X3 Respublikada olmadığını və təkərləri ona verməsini, o isə öz növbəsində malı Ruslana təqdim edəcəyini bildirmişdir. Məzahir əl arabası ilə təkərləri gəlib aparmışdır. Polisdə yazdığı ərizəni təsdiqləyir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, Adışirin ona zəng vuraraq artıq təkər satışı ilə məşqul olmayacağını və obyekti təhvil verməli olduğunu, lakin Ruslanın disk və təkərlərinin qaldığını və onunla əlaqə saxlaya bilmədiyini demişdir. Ruslanın dostu İbrahim ona X1 və malı ona verməsini bildirmişdir. Bu səbəbdən həmin disk və təkərləri İbrahimə vermişdir. Həmçinin qeyd etmək istəyir ki, iddia ərizəsində qeyd olunan avtomobillərin disk və təkərləri olmayıb. X4 minik markalı nəqliyyat vasitəsinə aid 4 ədəd və müxtəlif növ avtomobillərə aid 8-9 ədəd işlənmiş vəziyyətdə olan disk və təkər olmuşdur və təkərlərin hamısı işlənmiş idi. Polis bölməsində verdiyi ərizəni təsdiqləyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis mayoru Lətif Əliyevin ərzəyə baxılmasının nəticəsinə dair 26.04.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı AR-nın DİN-nin 102 xidmətinə və Nizami RPİ-nin 23-cü PB-nə ərizə və izahat verərək bildirmişdir ki, bir neçə il bundan əvəl təkər bazarında Şirin adlı şəxsə satmaq üçün 4-6 komlekt disk-təkər vermiş bir neçə gün əvəl bazara gəlmiş Şirinin işləmədiyini bilib ona zəng edib təkər və diskilərinin harada olmasını soruşduqda dostu Qaqaşa verdiyini bildirmiş, Qaqaşla əlaqə saxladıqda məhrum dosdu İbrahimə verdiyini bildirmişdir. Ərizə əsasında Cavabdeh2 izahatında bildirmişdir ki, 2016-cı ildə tanışı Qaqaş Ruslanla onun iş yerinə gəlmiş və orada Ruslanla tanış etmiş, sonradan Ruslan satdıq üçün bir komplekt diski-təkər və 8 ədəd əlavə diski-təkəri olmasını bildirdikdə Adışirin bildirib ki, “gətir qoy yanıma nə vaxt satılsa puluvu verərəm”, Ruslan dis-təkərləri gətirib ona vermiş, Adışirin 2018-ci ilin sentyabr ayında işdən çıxdığı üçün diski-təkərləri götürmək məqsədi ilə Ruslanla əlaqə saxlaya bilməmiş, ona görə Qaqaşla əlaqə saxlamış və diski-təkərləri ona vermişdir. Cavabdeh1 eyni məzmunlu izahat verərək Cavabdeh2 izahatını təsdiq edərək əlavə izah etmişdir ki, məhrum qonşusu İbrahim onu Ruslanla tanış etmiş, Ruslanla əlaqə saxlaya bilmədiyi üçün İbrahimə demiş, təxminən 10- 15 gündən sonra İbrahim Məzahirə bildirmiş ki, Ruslanla əlaqə saxlamış, Ruslan hal-hazırda Türküyədədir. Demişdir ki, Qaqaşdan təkər-diskiləri götür, Cavabdeh1 təkər və diskiləri İbrahimlə birlikdə daşıyıb İbrahimgilin həyətlərinə yığdıqlarını bildirmişdir. Göründüyü kimi, ərizədə göstərlən məsələ mülkü mübahisəlidir və bu səbəbdən AR DİN-nin 23.11.2011-ci il tarixli 680 N-li əmrinə əsasən şikayətçiyə məsələnin həlli məqsədilə məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. İddiaçı tərəfindən təqdim olunmuş, X5 və Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli rəydən görünür ki, İddiaçı sifarişi ilə qiymətləndirilmiş «Mitsubishi Galant» minik/sedan markalı avtomobilə aid 4 ədəd 215/60/R16 ölçülü disk və təkərlərin, «Mazda CX9» avtomobilə aid 255/60/R20 ölçülü 1 ədəd işlənməmiş halda olan təkər disk ilə birlikdə, «Porche Cayenne» markalı avtomobilə aid işlənməmiş halda olan 4 ədəd təkərlərin diskləri ilə birlikdə və 235/40/R18 ölçülü 4 ədəd universal (Momo) disk və təkərlərin 2018-ci ilə olan qiyməti 5.010 manat müəyyən edilmişdir. Məhkəmənin 24.05.2021-ci il tarixli qərarına əsasın "xxxx" MMC tərəfindən verilmiş 05.10.2021-ci il tarixli rəydən görünür ki, Mitsubishi Galant minik markalı nəqliyyat vasitəsinə aid 4 ədəd 215/60/R16 ölçülü disklərin (işlənməmiş halda) 2016-2018-ci illərə uyğun orta bazar qiyməti 1 ədədi -150 manat, 4 ədədi - 600 manat, Mitsubishi Galant minik markalı nəqliyyat vasitəsinə aid 4 ədəd 215/60/R16 ölçülü təkərlərin (işlənməmiş halda) 2016-2018-ci illərə uyğun orta bazar qiyməti 1 ədədi -100 manat, 4 ədədi - 400 manat, ümumilikdə müxtəlif növ avtomobillər (sedan, hetçbek, suv, universal və.s.) üçün 1 ədəd işlənmiş vəziyyətdə olan diskin hazırkı vaxta orta bazar qiyməti 50-500 manat, ümumilikdə müxtəlif növ avtomobillər (sedan, hetçbek, suv, universal və.s.) üçün 1 ədəd işlənmiş vəziyyətdə olan təkərin hazırkı vaxta orta bazar qiyməti 20-120 manat manat arasında olduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, iddiaçı 2018-ci ildə cavabdehlərə ümumilikdə 5020 manatlıq mal verdiyini iddia edir. Lakin iddiaçının bu iddiası qismən əsaslıdır. Belə ki, cavabdehlər həm 23-cü PB-də, həm də məhkəmədə verdikləri izahatlarında iddiaçı tərəfindən onlara 12 ədəd işlənmiş disktələrin verildiyini etiraf etmiş, bu halın təkzib olunması üçün iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Həmçinin, Cavabdeh1 qeyd olunan disk-təkərləri İbrahim adlı şəxsə verdiyini göstərsə də, buna dair sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab ki, tərəflər arasında yaranmış mübahisə həll edilərkən tərəflərin izahatlarındakı məlumatlar əsas götürülməlidir. Belə ki, işdə yazılı sübut, maddi sübut və ya digər sübutlar yoxdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə İddiaçı məxsus 12 ədəd disk-təkərin iş üzrə Cavabdeh1 tərəfindən satılması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 12 ədəd disk-təkərə görə, diskin 1 ədədinin qiyməti 80 manat, təkərin bir ədədinin qiyməti 40 manatdan hesablanmaqla, 1440 manat pul (12x120=1440) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun 9 manathissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, qiymətləndirmə xərci olan 200 manat pulun 60 manat hissəsi Cavabdeh1, 140 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1440 (bir min dörd yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qiymətləndirmə xərci olan 200 (iki yüz) manat pulun 60 (altmış) manat hissəsi Cavabdeh1, 140 (bir yüz qırx) manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar