Məhkəmə qərarları › İş №2(011)-3696/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3696/2023

14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3696/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra DSMF) nümayəndəsi Nümayəndə və Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1976-cı il tarixdən 23 avqust 1993-cü il tarixə kimi Cəbrayıl rayonu, Maralyan adına kolxozda kolxozçu işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması (sosial sığorta stajının bərpası) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəyə uyğun ifadə verərək bildirdi ki, o xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi Maralyan adına kolxozda kolxozçu işləmişdir, məlum hadisələrdən sonra ərizəçi Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hər şeyi orada qalmış və Bakı şəhərində məskunlaşmışdır, bundan başqa xx.xx.2019-cu il tarixdən hazıradək əmək fəaliyyətini davam etdirir, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir, lakin Cəbrayıl rayonunda işlədiyi 1976-1993-cü illərə dair əmək kitabçası Cəbrayıl rayonunda işğal zonasında qaldığından iş stajını sübut edə bilmir, kolxoz sədrinin adı Əvəz olmuşdur, orada işləyərkən onunla bir çox insanlar işləmişdir, həmin şəxslər də onun həmin tarixlərdə kolxozçu kimi işləməyini təsdiq edirlər. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi H.F.Sadıqov bildirdi ki, Ərizəçi Maralyan adına kolxozda işləməsi ilə bağlı nəsə deməyə onun yaş həddi imkan vermir, lakin Cəbrayıl rayon İcra Hakimiyyətinin keçmiş nümayəndəsi Çingiz adlı şəxslə əlaqə saxlamışdır, o Ərizəçi həmin dövrdə Maralyan adına kolxozda işlədiyini təsdiq etmişdir. Məhkəmə iclasında maraqlı şəxs DSMF-nun nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirdi ki, Ərizəçi yaşa görə avtomatlaşdırılmış pensiya almış, son xidməti yoxlama aparılarkən kolxozda işlədiyi müddətə aid məlumatlar olmadığı üçün pensiya ödənişləri dayandırılmışdır. Sonda o, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin nümayəndələrinin izahatlarını, habelə şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X2 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, onunla eyni kənddə yaşamışlar, özü Lenin adına kolxozda 1974-1993-cü illərdə, 1976-cı ildən 1993-cü ilə qədər isə ərizəçi ilə birlikdə işləmişdir, kolxoz sədrinin adı Əvəz olmuşdur, ərizəçinin həmin kolxizda xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər kolxozçu vəzifəsində işləməsini təsdiq edir. Məhkəmə iclasında şahid X3 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi tanıyır, onunla eyni kənddə yaşamış, həmin dövrdə kolxozda mühasib işləmişdir, mühasib olaraq ona əmək haqqı hesablanmışdır, kolxoz sədri X7 olmuşdur, ərizəçinin həmin kolxozda 01.08. 1976-cı ildən xx.xx.1993-cü ilə qədər kolxozçu vəzifəsində işləməsini təsdiq edir. İş materiallarında olan 061471 saylı xx.xx.2006-cı il tarixdə doldurulan Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi orta təhsillidir, xx.xx.2020-ci il tarixdən halhazıradək "xxxx" MMC-də xadimə vəzifəsində işləyir. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş 11/15 №-li 18 aprel 2023-ci il tarixli arxiv arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Maralyan adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır. İş materiallarında olan 96 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 46 №-li arayışdan görünür ki, Ərizəçi General Mehmandarov küçəsində, ev 98, mənzil 46 ünvanında Cəbrayıl rayonundan məcburi köçkün kimi öz şəxsi mənzilində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş AA seriyalı 429145 saylı “məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi 1993-cü ildə daimi yaşayış yeri Cəbrayıl rayonunu tərk etmişdir. İş materiallarında olan DSMF tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərkəzi filiala təqdim etdiyi əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 7 il 7 ay sığorta stajına uyğun olaraq 4829,97 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ərizəçi adına aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Cəbrayıl rayon Məhkəməsinin 2(072)-544/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X1 01 iyul 1974-cü ildən 23 avqust 1993-cü ilə kimi Cəbrayıl rayon Maralyan adına kalxozda kalxozçu işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında qərardan görünür ki, xx.xx.1959-cu il tarixində ünvan 2 ünvanında yaşayan vətəndaş Ərizəçi xx.xx.2021-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş cəmi 1374,19 manatın tələb olunaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan 5-40/2-363/2023 saylı, 13 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Cəbrayıl rayonunun Maralyan kolxozu 1976-cı ildən 1991-ci ilə qədər Lenin kolxozu, 1991-ci ildən 1993-cü ilə qədər Maralyan kolxozu adı ilə fəaliyyət göstərmişdir. Cəbrayıl rayonunun ərazisi 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilərkən Maralyan kolxozunun 1976-1993-cü illərdə fəaliyyətinə dair bütün sənədlər işğal zonasında qalmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində anadan olmuşdur, hazırkı ərizə iş stajı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədədir, faktın müəyyən edilməsi ərizəçiyə "güzəştli şərtlərlə əmək pensiyası" təyin edilməsi məqsədilə lazımdır, o, əmək stajını təsdiq edən lazımi sənədi almaq məqsədilə Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon dövlət arxivinə, DSMF-yə müraciət etmişdir, Cəbrayıl rayonu ərazisində Maralyan adına kolxoz mövcud olmuşdur, 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən zaman həmin kolxozun bütün arxiv sənədləri işğal ərazisində qalmışdır, ərizəçi Cəbrayıl rayonundan məcburi köçkündür, X2 və X3 müxtəlif tarixlərdə Cəbrayıl rayonunda yerləşən Maralyan adına kolxozda ərizəçi ilə birgə işləmişlər, onlar ərizəçini kolxozda işlədikləri (1976 – 1993-cü illər üzrə) vaxtdan tanıyan və onun kolxozçu fəzifəsində işləməsi faktını təsdiq edirlər. Məhkəmə qeyd edir ki, Ərizəçi xx.xx.1976-xx.xx.1993-cü il ərzində Maralyan adına kolxozda (kolxozçu) işləməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli (pensiya hüququ) olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, ərizəyə münasibətdə hesab edir ki, Ərizəçi Maralyan adına kolxozda xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi kolxozçu vəzifəsində işləməyi iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 13.3-cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi Cəbrayıl rayonu, Maralyan adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçi Cəbrayıl rayonunda məcburi köçkün olmaqla, xüsusi icraat qaydasında ərizənin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğundan, hazırki ərizə üzrə ərizəçi və maraqlı şəxsdən dövlət rüsumu alınmamalı, dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi Cəbrayıl rayonu, Maralyan adına kolxozda “kolxozçu” vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar