Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3696/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçinin tələbi: Ərizəçi onun 1971-ci ildən 1993-cü ilədək Kəlbəcər Rayon Uşaq Xəstəxanasında işlədiyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin dəlilləri ondan ibarət olmuşdur ki, o, xx.xx.1945-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuşdur. Orada məktəbi bitirdikdən sonra xx.xx.1971-ci il tarixdə Kəlbəcər Rayon Uşaq Xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna arayış təqdim etməlidir. Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də ərizəçiyə bildirmişdirlər ki, xəstəxananın və ümumiyyətlə Kəlbəcər rayonunun həmin dövr üçün arxivi işğal zonasında qaldığı üçün bu barədə arayışın verilməsi mümkün deyildir. Ərizəçiyə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin əmək kitabçasında 1971-ci il tarixdə 1993-cü il tarixədək Kəlbəcər Rayon Uşaq Xəstəxanasında işlədiyinə dair sübut olmadığına görə sosial sığorta stajı hesablanmamışdır. Bu səbəbdən ərizəçi 1971-ci il tarixdən 1993-cü il tarixinədək əmək stajının olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin ərizəyə dair dəlilləri Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: Azərbaycan Respublikası “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal olunan zaman arxiv sənədləri işğal zonasında qaldığına görə ərizəçinin 1971-1993-cü il aprel ayına kimi Kəlbəcər rayon Uşaq Xəstəxanasının hakimi vəzifəsində işlədiyi barədə məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kəlbəcər Rayon İcra Hakimiyyəti Kəlbəcər Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ərizəçinin 1971-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər Rayon Uşaq Xəstəxanasının Baş həkimi vəzifəsində işləməyi barədə Kəlbəcər Rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd olmadığı üçün ərizəçinin tələbinə uyğun hüquqi sənəd vermək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, o, 1969-cu ildən Kəlbəcər Rayon Xəstəxanasında işləyib. Ondan sonra həmin xəstəxanaya Ələmdar həkim işləməyə gəlib xəstəxanaya. Onlar 1993-cü ilədək Kəlbəcər Rayon Uşaq Xəstəxanasında birlikdə işləyiblər. Ərizəçi baş həkim vəzifəsində işləyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə birlikdə Tibb Universitetində oxuyub. Universiteti bitirən kimi Kəlbəcər Rayon Uşaq Xəstəxanasında işləməyə başlamışdırlar. Ərizəçi baş həkim vəzifəsində işləyib, o, isə pediatr olub. 1971-ci ilin avqust ayından Kəlbəcər rayonu işğal olunanadək orada işləyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi Kəlbəcər rayonunda tanımışdır. Belə ki, 1984-cü ilin mart ayınında onu ərizəçinin əmrinə əsasən işə götürmüşdürlər. O, Ələmdar həkimin sürücüsü olmuşdur. O, Kəlbəcər rayonu dağılanadək, Kəlbəcər rayonu işğal olunanadək Kəlbəcər Rayon Uşaq Xəstəxanasında işləyib. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.2.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda,»məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PASa daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. 2.5-ci bənd. Əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta staji məhkəmə qaydasında müəyyən edilir İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən müddəalardan da görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki dispozitiv şərt tələb olunur: birincisi, belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı, ikincisi, ərizəçinin bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməsi imkanının olmaması (bu imkanın tükənməsi). Ərizəçinin iş satıjının olması faktının müəyyən edilməsi tələbi gələcəkdə onun pensiya alması məqsədilə irəli sürülmüşdür. Bu halda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt onun əmlak hüququnun yaranması ilə bağlıdır və qeyd edilən birinci şərt mövcuddur. Həmçinin, iş materialları ilə ikinci şərtin də mövcud olması müəyyən edilir. Belə ki, ərizəçinin ərizəsində göstərdiyi iş stajının müəyyən edilməsi onun əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan, həmin dövr üzrə iş stajını təsdiq edə biləcək rəsmi sənəd (əmək kitabçası) isə ərizəçinin Azərbaycan Respublilası Kəlbəcər rayonundan qaçqın düşməsi səbəbindən orada qaldığından və əriəzçinin həmin sənədi əldə etməsi mümkün olmadığından ərizəçi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş materialları və şahid ifadələri əsasında müəyyən edilir ki, ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Kəlbəcər Rayon Uşaq Xəstəxanasında baş həkim vəzifəsində işləməsi barədə tələbi əsaslıdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi tamamilə üzrlü hesab edilə biləcək bir səbəbdən əmək stajını təsdiq etmək imkanından məhrum olmuşdur. Belə ki, Kəlbəcər rayonu Kəlbəcər Rayon Dövlət Arxivi və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsdən alınmış məlumatlardan da görünür ki, arxiv sənədləri işğal zonasında qaldığına görə ərizəçinin 1971-ci ildən 1993-cü ilin aprel ayınadək Kəlbəcər Rayon Uşaq Xəstəxanasında baş həkim vəzifəsində işlədiyinə dair sənədləri əldə etmək mümkün deyildir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə təmin edilərək, ərizəçinin xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər Azərbaycan Respublikası Kəlbəcər Rayonun Kəlbəcər Rayon Uşaq Xəstəxanasında işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1945-ci il tarixdə Azərbaycan Respublikası Kəlbəcər rayonunda doğulmuş Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1993-ci il tarixədək Kəlbəcər Rayon Uşaq Xəstəxanasında baş həkim vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3696/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3696/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver