Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3700/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, mənzil 26-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 mənzil 26 ünvanında yerləşən mənzili xx xxxxxx 2014-cü il tarixdə bağlanmış **********13914/1 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdehlərdən (X1, X2, Cavabdeh) almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, seriya RX ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyətindədir. Cavabdeh alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasa da, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin xx.xx.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, formal olaraq orada qeydiyyatda qalmışdır, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bununla yanaşı, bu onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnir. Belə ki, adıçəkilən maddənin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Ona məxsus mənzildə onunla əlaqəsi olmayan şəxsin mülkiyyətçinin iradəsi əleyhinə daimi qeydiyytada olması iddiaçı üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, mənzili satacağı halda onların yazılı razılıq ərizəsini almalı olması, həmin şəxsə ünvanlanacaq poçt göndərişlərinin iddiaçıya məxsus mənzilə gələcək olması və s.) yaradır. Bu isə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur. Hesab edir ki, mənzilin alqı-satqısı nəticəsində mülkiyyətçinin dəyişməsi, cavabdehin sözügedən mənzildən qeydiyyatdan çıxması barədə öhdəlik götürməsi və mənzildə cavabdehə məxsus əmlakın olmaması Cavabdeh mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə əsas olmuşdur. Hazırda cavabdehin harada yaşaması iddiaçıya məlum deyil. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, mənzil 26-dan məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı, X1 və “xxxxxxxxxx” ASC arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 57 saylı evin, 26 saylı mənzilinə dair **********13914/1 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı X1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 57 saylı evin, 26 saylı mənzilini alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin 4.6.4-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı satıcı öhdəsinə götürmüşdür. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, mənzil 26 İddiaçı xüsusi mülkiyyətindədir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surəti). Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, mənzil 26-da qeydiyyatdadır (Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli Arayış). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, mənzil 26-ya dair mənzilin keçmiş mülkiyyətçisinin adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mənzilin keçmiş mülkiyyətçisinin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxmaması İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Beləliklə, iddia təmin edilərək, Cavabdeh mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 57 saylı evin 26 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3700/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3700/2020
07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver