Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3705/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-nın tərəflər arasında paya uyğun bölünməsi və naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 113 saylı evin 66 saylı mənzili sahəsi 13,55 m2, 16,59 m2 və 16,59 m2 olan üç yaşayış otağından ibarət olmaqla, ümumi sahəsi 71,13 m2-dir. Həmin mənzil əvvəllər atası - mərhum X2 mülkiyyətində olmuş, onun vəfatından sonra isə həmin mənzilə onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissədə payı müəyyən edilmişdir. Bu mənzilə miras açılarkən notarius tərəfindən bacısı-cavabdeh X3 ilə əlaqə saxlanılaraq qanun üzrə vərəsə kimi pay alması üçün notariat ofisin gəlməsi təklif edilsə də, lakin bacısı gəlməmişdir. Ona görə də notarius tərəfindən həmin mənzilə dair ona ½ hissədə paya dair şəhadətnamə verilərkən, digər ½ hissədə pay atasının adında açıq saxlanılmışdır. Hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** sayl Çıxarışa əsasən ünvan 1-ya ½ hissə payda mülkiyyət hüququ əldə etmişdir. Cavabdehlə münasibəti yaxşı deyil, dəfələrlə bacısına mənzilin paya uyğun aralarında naturada bölgüsünü və ya satılaraq əldə ediləcək pulun aralarında bölünməsini təklif etsə də, lakin cavabdeh bu təkliflərinin heç birinə razıhq verməyərək, ümumiyyətlə mənzilə dair onun heç bir təklifini qəbul etməyəcəyini bildirir. 2023-cü ildə o, Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzilin hərrac yolu ilə satılması və əldə edilən pulun cavabdehlə aralarında bölünməsini xahiş etsə də, lakin iddiam təmin edilməmişdir. Belə ki, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1149/2023 saylı qətnaməsində buna səbəb kimi belə qeyd edilmişdir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qətnamədə ona tövsiyə olunmuşdur ki, əvvəlcə mənzilin paya uyğun bölünməsi və naturada ayrılması barədə iddia qaldırmalıdır. Buna görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 71,13 kv.m olan mənzil X2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 71,13 kv.m olan mənzil ½ hissədə İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, qalan ½ hissə açıq saxlanılmışdır. İş matriallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, ünvan 1-a dair qanun üzrə vərəsəlik qaydasında ½ hissədə iddiaçının payı müəyyən edilmiş, qalan ½ hissədə isə açıq qalmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1149/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılması və digər” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – Mənzil) tərəflərin ataları Faiq Hacıyevə məxsus olmuş, onun ölümündən sonra Mənzilə dair qanun üzrə vərəsəlik qaydasında ½ hissədə iddiaçının payı müəyyən edilmiş, qalan ½ hissədə isə açıq qalmışdır. İddiaçının paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. Faiq Hacıyevin qanun üzrə vərəsələri iddiaçı və cavabdehdir. Mənzildə hazırda cavabdeh yaşayır. İş materiallarında olan Qəbzlərdən görünür ki, İddiaçı tərəfindən cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4734 saylı 1508.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 113 saylı evin 66 saylı mənzili naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 71,13 kv.m, 3 otaqlı mənzil xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissədə paylı mülkiyyət üzrə İddiaçı məxsusdur, qalan ½ hissədə isə açıq qalmışdır, hazırda həmin evdə cavabdeh yaşayır, həmin mənzilin naturada ayrılması barədə tərəflər arasında mübahisə mövcuddur, payın ayrılması üsulu və şərtləri haqqında məhkəmədən kənar qaydada tərəflər arasında razılıq əldə edilməmişdir. Məhkəmə, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək qeyd edir ki, həmin rəy sübut kimi qəbul edilməli, mənzilin paylara uyğun olaraq naturada ayrılması məsələsinin həllində ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ekspertin gəldiyi nəticəyə görə mənzilin texniki cəhətdən ayrılması mümkün olmadığından, iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən, ...fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər..., əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 71,13 kv.m, 3 otaqlı mənzilinin ona məxsus ½ hissəli payının natura şəklində ayrılması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 71,13 kv.m, 3 otaqlı mənzilinin ona məxsus ½ hissəli payının natura şəklində ayrılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (yüz əlli) manat pul məbləği İddiaçı alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3705/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3705/2024
30.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver