Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3742/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nədairiddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.350 manat borclu olduğu məbləğin iddiaçıya ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə Babək prospektində yerləşən X1 tanış olmuşdur. O, həmin şadlıq sarayında bir neçə dəfə musiqiçi kimi iştirak etmişdir. Beləliklə Zaurla münasibətləri yaranmışdır. Zaur Murad və Fərhad şadlıq saraylarını şərik olaraq işlətdiyini bildirmişdir. O, 2019-cu ilin noyabr ayının əvvəlindən Murad şadlıq sarayının musiqi işlərini, hər toydan 200 manat əmək haqqı verməklə 1.500 manat məbləği bir il müddətində ona həvalə etməyi təklif etmişdir. İddiaçı bu təklifə razılıq vermişdir. O, 2019-cu ilin sentyabr ayında 1.500 manat məbləğində pulu Fərhad şadlıq sarayının həyətində yerləşən çay evində dostu X2 ilə birlikdə Zaura vermişdir. İddiaçı toyların başlamasına on gün qalmış Zaurun Murad şadlıq sarayını təhvil verdiyini öyrənmişdir. Bundan sonra Zaur ilə dəfələrlə əlaqə saxlamış, o da iddiaçıya 1.500 manat borcu qaytaracağına söz vermişdir. Cavabdeh daha sonra iddiaçıya hər həftə 150 manat qaytaracağını bildirmiş, ona 150 manat pulu qaytarmış, daha sonra ona zəng çatmamışdır. Bu günə qədər də o, 1.350 manat borcu qaytarmaqdan boyun qaçırır. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.350 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, öz izahatında cavabdehin hər həftə 150 manat ödəyəcəyini, lakin bu günədək borcunu ödəmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, onun təmin olunmasını xahiş etdi. O, izahatında iddiaçıdan 1.500 manat aldığını, obyektin başqa şəxsə verildiyini, iddiaçıya 150 manat pulu dekabrda verdiyini, iddiaçının isə yanvar ayında polisə müraciət etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında razılaşma olmuş və o, cavabdehə 1.500 manat pul vermişdir. Cavabdeh borcu qaytarmağı öhdəsinə götürsə də, o öhdəliyini yerinə yetirməmiş, 150 manat pulu qaytarmış, pulun qalanını ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş və onu ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1.350 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1.350 (bir min üç yüz əlli) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3742/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3742/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver