Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3748/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə iddiaçı arasında tanışlıq münasibətləri ilk dəfə məhz qızıl əşyalarının satışı ilə bağlı yaranmışdır. Daha sonra davamlı olaraq cavabdeh iddiaçıdan qızıl əşyaları almış və cavabdehə etibar etdiyindən aldığı qızıl-zinət əşyalarının dəyərini hissə-hissə ödəməyə şərait yaradılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçıdan qeyd edilmiş qızıl əşyaların dəyərini hissə-hissə ödəmək şərtilə almışdır:
1. Bir ədəd qolbaq 585 prob- 1.65 qram- qiyməti 137 manat
2. Bir ədəd qolbaq 585 prob- 5.50 qram- qiyməti 456 manat
3. Bir ədəd qolbaq 585 prob- 5.35 qram- qiyməti 444 manat
4. Bir ədəd qolbaq 585 prob- 2.25 qram- qiyməti 187 manat
5. Bir ədəd qolbaq 585 prob- 3.00 qram- qiyməti 249 manat
6. Bir ədəd boyunbağı 585 prob- 2.90 qram- qiyməti 241 manat
7. Bir ədəd sırğa 585 prob- 2.95 qram- qiyməti 245 manat
8. Bir ədəd sırğa 585 prob- 2.20 qram- qiyməti 182 manat
9. Bir ədəd qolbaq 585 prob- 1.35 qram- qiyməti 112 manat
10. Bir ədəd boyunbağı 585 prob- 23.30 qram- qiyməti 1934 manat
11. Bir ədəd qolbaq 585 prob- 8.50 qram- qiyməti 705 manat
12. Bir ədəd qolbaq 585 prob- 6.30 qram- qiyməti 523 manat
13. Bir ədəd qolbaq 585 prob- 7.55 qram- qiyməti 626 manat
14. Bir ədəd sırğa 585 prob- 3.00 qram- qiyməti 249 manat
15. Bir ədəd qolbaq 585 prob- 3.40 qram- qiyməti 282 manat
16. Bir ədəd qolbaq 585 prob- 5.50 qram- qiyməti 457 manat
17. Bir ədəd qolbaq 585 prob- 6.47 qram- qiyməti 560 manat
18. Bir ədəd sırğa 585 prob- 2.80 qram- qiyməti 232 manat
19. Bir ədəd qolbaq 585 prob- 2.10 qram- qiyməti 174 manat
2. Sadalanan 19 ədəd qızıl-zinət əşyasının cəmi çəkisi 96.34 qram olmaqla, ümumi dəyəri 7997 manat təşkil etmişdir. Bir müddət sonra iddiaçı cavabdehlə əlaqə saxlayaraq aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməsini tələb etmiş və cavabdeh ödəniş edəcəyini bildirmişdir. Lakin daha sonra cavabdeh vədinə əməl etməmiş və heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının tələbi:
3. Cavabdeh 7997 manat pulun, 50 manat məbləğində hüquqi yardım üçün çəkilən əlavə xərcin və iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Ərizə təqdim edərək, mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ondan cəmi dəyəri 7997 manat məbləğində qızıl-zinət əşyaları almış, hissə-hissə ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı pulun ödənilməsini tələb etmiş, cavabdeh ödəniş edəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Şahid2 öz izahatında qeyd etmişdir ki, iddiaçı onun atasıdır, o, atası ilə birlikdə işləyir. Cavabdeh ilə 4-5 ilə yaxındır qızıl-zinət əşyalarının alış-satışı ilə məşğul olurlar. O, bildirmişdir ki, cəmi dəyəri 7997 manat olan qızıl-zinət əşyalarını özü sadə qızıl paketinə qoyaraq cavabdehə təhvil vermişdir, satılmış qızılların hər biri 585 prob qızıl olmuşdur. Lakin şahid bildirmişdir ki, qızılların heç birinin əldə fotoşəkilləri yoxdur, yalnız öz qeydiyyat dəftərində sayı, probu, qramı qeyd edilmişdir. Şahid həmçinin cavabdehlə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladıqlarını, bunu təsdiq edən yazışmaların da mövcud olduğunu, məhkəməyə təqdim etdiyini və cavabdehin öz borcunu etiraf etdiyini qeyd etmişdir.
7. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Şahid1 öz izahatında qeyd etmişdir ki, cavabdeh Səidəni tanıyır, o özü də Səidəyə qızıl satmışdır. Sonuncu dəfə 2022-ci ildə gəlib iddiaçıdan qızıl götürəndə o da Habillə Vilayətin yanında olub. Habil Səidə ilə alış-veriş edən zaman onları görmüş, bir neçə adda məhsul satıldığının şahidi olmuşdur. Habil şəffaf paketin içərisində qızılları Səidəyə verdi, amma qızılların sayını görmədim, Habil 8000 manatlıq mal verdiyini dedi, lakin Səidə heç bir ödəniş etmədi.
8. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Şahid3 öz izahatında qeyd etmişdir ki, iddiaçı ilə birlikdə Laçın Ticarət Mərkəzində qızıl alveri ilə məşğuldur. Qızıl satılan rəfləri bir-birinə yaxın yerləşir, onlar Səidəyə qızılları təhvil verən zaman öz rəfin arxasında dayandığını bildirmişdir. Həmin zaman Vilayət, onun oğlu Habil və Namiq orada olmuşlar. Alış-verişi həmişə Habil edirdi, o atasına kömək edir. O Habilin təxmini 8000 manatlıq qızıl satıldığını eşitmişdir, lakin qızılların necə bir qabda verildiyini görməmişdir. Satılmış qızıllar türk qızılları idi, 585 prob qızıllar idi. Səidə həmişə iddiaçıdan alış-veriş edirdi.
9. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. xx.xx.2023-cü il tarixli 3-13-18/2-11937/23 nömrəli AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vəkil sorğusuna göndərilmiş cavaba əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır.
11. +994 55 223 57 59 nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalarına əsasən, Cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Həmçinin cavabdeh iddiaçı tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının siyahısını və qiymətlərinə dair hesablamaları iddiaçıya göndərmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, +994 55 223 57 59 nömrəsi Cavabdeh adına qeydiyyatdan keçirilmişdir.
12. Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli Mədaxil qəbzinə əsasən, hüquqi yardım xidmətinə görə 50 manat pul vəsaiti İddiaçı tərəfindən X1 ödənilmişdir.
13. Disklər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il Qərarı.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il Qərarı.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehə 7997 manat pul məbləğində qızıl-zinət əşyalarını verdiyinə istinad etmiş və istinad etdiyi halları faktları təsdiq edən sübutları cavabdehlə aralarında borca dair olan “Whatsapp” yazışmalarını məhkəməyə təqdim etmişdir. “Whatsapp” yazışmalarında iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının siyahısı, dəyəri, hissə-hissə ödəniləcəyi, ilə bağlı tərəflərin qarşılıqlı iradə ifadələri qeyd edilir. İddiaçı cavabdehlə aralarında borc müqaviləsi olduğunu bildirsə də, məhkəmə işin hallarını, iddiaçı, şahidlərin izahını, sübutları qiymətləndirərək hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
23. Məhkəmə qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
24. MM-in müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Müki araşdırma zamanı məlum olmuşdur ki, tərəflər arasında uzun müddətli etibara dayanan münasibət formalaşmış, cavabdeh iddiaçının daimi müştərisi kimi ondan nisyə qızıl-zinət əşyaları almış, daha sonra isə həmin əşyaların dəyərini iddiaçıya ödəmişdir. Lakin xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müaviləsi üzrə, o cümlədən 480 manat əvvəlki müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Sadalanan hallar həm iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehə aid mobil telefon nömrəsi ilə aparılmış “Whatsapp” yazışmaları ilə, həm də şahid ifadələri ilə öz təsdiqini tapır.
25. Məhkəmə iddiaçı və cavabdeh arasında baş tutmuş “Whatsapp” yazışmalarını sübut kimi qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci Qərarındakı hüquqi mövqeyinə istinad edir. Qərarda qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz öhdəliyini yerinə yetirərək əşyayaları təhvil vermiş, lakin alıcı qismində çıxış edən cavabdeh pulu ödəmək öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin 7995 manat pulun ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh 7995 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. İddiaçının tələblərindən biri də iddia ərizəsinin verilməsinə görə çəkilmiş hüquqi yardıma görə xərclərə əsasən, 50 manat çəkilmiş xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsidir. Mülki iş materiallarına əlavə edilmiş Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli Mədaxil qəbzinə əsasən, 50 manat pul vəsaiti İddiaçı tərəfindən X1 ödənilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə sübuta yetirildiyindən, təmin edilməli, Cavabdeh 50 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh 7995 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun.
3. Cavabdeh 50 manat hüquqi yardım xərci və 100 manat pul vəsaiti dövlət rüsumunun əvəzi olaraq İddiaçı ödənilsin.
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.
6. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova