Məhkəmə qərarları › İş №2(011)-375/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-375/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-375/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 14.000 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dostu mərhum X4 ikinci həyat yoldaşıdır. Mübahisəli bağ evi Cavabdeh atasından qeyri rəsmi miras əmlak kimi qalmış və iddiaçının köməkliyi ilə onun adına 2021-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı yaşadığı evi 2014- cü ildə satmış və rayona köçüb getmək qərarına gəlmişdir. Əlində 40 min manatdan artıq pulu var idi. Rayonda ev tikib, sonrakı ömrünü orada yaşayıb başa vurmaq fikrində idi. Cavabdeh həyat yoldaşı rəhmətə getmişdi və maddi imkanları da çox aşağı idi. Mübahisə predmetinə çevrilmiş ərazi onların bağ sahəsi idi. Orada mövcud olan tikililər bərbad vəziyyətdə idi. Yaşamaq üçün heç bir şərait yox idi. Cavabdeh təklifi ilə qarşılıqlı razılaşma əsasında həmin bağ evinin bir otağını iddiaçı öz hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq və ümumi həyətdə kommunal şərait yaratmaq müqabilində 10 il müddətində yəni 01 sentyabr 2016-cı ildən 01 sentyabr 2026ci il tarxinə kimi həmin evdə yaşamağa icazə verilməsini öhdəsinə götürməsi barədə şifahı müqavilə bağlamışlar. Həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək 2016-cı ildən başlayaraq orada yaşamışdır. Evin təmirinə 31000 manat, həyətin təmirinə isə 4200 manat vəsait xərcləmişdir. Həmin evin təmir işlərini elektrik ustası X1, dam, su quyusu, su anbarı, kafel, metlax, suvama, divar kağızı işlərini isə X5 işləmişdir.Tikinti materiallarını və lazımı avadanlıqları da ustalar almış pulunu isə iddiaçı vermişdir. Həmin evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator hava təmizləyicisi kimi avadanlıqları da iddiaçı almışdır. 2016-cı ilin sentyabr ayının 1-dən köçüb orada yaşamağa başlamışdır və bu gün də orada yaşayır. Bütün bu müddət ərzində aralarında heç bir münaqişə və ya narazılıq olmamışdır. Bu yaxınlarda Cavabdeh, ola bilsin bağı satmaq fikrinə düşərək, birdən-birə iddiaçının evdən çıxmasını tələb etməyə başladı və iddiaçının etirazından sonra Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Cavabdeh belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbini həmin mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq ona verilməsi ilə izah edir. Cavabdeh iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsi yalandır. Belə ki, aralarında belə bir razılıq olmamışdır. Evin təmirinə xərclədiyi pul vəsaiti yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı idi. Bu hər ikisinin razılığı əsasında şahidlərin iştirakı ilə olmuşdur.İddiaçı hesab edir ki, razılığa əsasən 01 sentyabr 2026-cı ilə qədər həmin mənzildən istifadə edərək orada yaşamalıdır. Bu onların şifahi olaraq aralarında bağlanmış müqavilənin tələblərindən irəli gəlir. Əks halda Cavabdeh yaşamadığı aylar və illərə görə təmirə xərclədiyi vəsaitin yaşadığı illər üzrə icarə haqqı çıxılmaqla qalan hissəsini iddiaçıya geri qaytarmalıdır. İddiaçı bilidirir ki, onun evinə 35 min manatdan artıq pul vəsaiti xərcləmişdir. Bir halda ki, o aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb edir, iddiaçı da ondan onun evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malikdir və istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14 min 400 manat pulun geri qaytarılmasını tələb edir.Həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026-cı il tarixə kimi qalan 48 aya görə iddiaçıya (48 ay x 300 manat) 14.400 manat pul geri qaytarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, onun tərəfindən həmin mənzilin təmirinə çəkilmiş xərc 35 000 manat məbləğindədir. Hazırkı iş üzrə verilmiş ekspertiza rəyində belə etdiyi təmir işləri tam göstərilməmişdir. Buna görə də iddia ərizəsində yazılanları müdafiə edərək, məhkəmədən etdiyi təmir işlərinin müqabilində cavabdehdən onun xeyrinə 14 400 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında 10 illik yaşama barədə razılaşma ilə bağlı heç bir yazılı razılaşma olmamışdır. Evin təmirindən artıq xeyli müddət keçmişdir və ev təmir edilsə də belə, iddiaçı artıq 8 ildir ki, həmin evdə yaşamış və evin təmirli halından istifadə etmişdır. Buna görə də amortizasiya faktı da nəzərə alınmalıdır. İş materiallarında olan: İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh caavabdeh İddiaçı qarşı “bağ evindən çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 22 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılması, mənzil boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 059/Mİ/23 saylı qiymətləndirmə işinə dair hesabatdan görünür ki, fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə aylıq kirayə haqqısı 500-700 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair hesab fakturadan görünür ki, qiymətləndirmə haqqı 350 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/691 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016- cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8802 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İddiaçıı 1990-cu ildən, Sevda xanımın ailəsini isə 1995-ci ildən tanıyır. Özü təmir ustasıdır. Evin təmirinə başlamazdan əvvəl Sevda xanım bildirmişdir ki, əgər Cəbrayıl evi təmir etmirsə, öz hesabına təmir edə bilmər. Çünki bağ evini təmir etməyə imkanı yoxdur. Bildirmək istəyir ki, həmin bağ evi pis vəziyyətdə idi və evə baxanda görünürdü ki, 40-50 ildir ki, ev təmir edilməmişdir. İddiaçı isə evi təmir etmək istəmir və rayona köçüb yaşamaq istəyirdi. Evin təmirinə təxminən 25600 manat məbləğində pul xərclənmişdir. Şahid bildirir ki, hamama, mətbəxə və evin böyük otağına istilik xətləri çəkmişdir. Evin təmirindən Sevda xanımın da məlumatı olmuşdur. Hətta Sevda xanım ona sonradan digər otaqlara da istilik xətlərinin çəkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. O evin təmirinə dair işlərini bitirdikdən sonra İddiaçı evə dair məişət avadanlıqları, soyuducu, televizor və kondisioner almışdır. Evin təmirinə isə 2015-ci ildə başlamışlar və 2016-cı ilin avqust ayında evin təmiri bitmişdir. Bağ evi bərbad vəziyyətdə olmuşdur. Hətta evin qarajını boşaldan zaman Seva xanım oğlu ilə birlikdə iştirak etmiş və yorğanın içində pişiyin ölüsü tapılmışdır. Şahid məhkəmənin nəzərinə çatdırır ki, ev təmir edilən zaman hər həftənin şənbə və ya bazar günü evə baş çəkmiş və evin təmir olunduğunun şahidi olmuşdur. Hətta evin anteni xarab olmuş və Seva xanıma evin antenin təmiri üçün pilləkanla yuxarı qaldığı zaman, pilləkanın aşmaması üçün tutmasını bildirmişdir və o, da ona kömək etmişdir. İddiaçı 2016-cı ilin sentyabr ayından evdə yaşamağa başlamışdır. Evin təmiri bitdikdən sonra qonaqlıq olmuşdur. O da qonaqlıqda iştirak etmişdir.. Həmin vaxt Sevda xanım Cəbrayıla evdə yaşadığına görə nə qədər kirayə pulu ödəcəyini soruşmuşdur. Buna cavab olaraq da Cəbrayıl Sevda xanıma aralarında razılaşma olduğunu, evin təmir edilməsinə görə 10 il həmin evdə qalacağını və pul ödəməyəcini bildirmişdir. Həmçinin Cəbrayıl bildirmişdir ki, əgər aylıq pul ödəyəcəyəksə, indidən etdiyi təmir xərcinin əvəzini ona ödəsin. Buna cavab olaraq da Sevda xanım onunla zarafat etdiyini bildirmişdir. İki mərtəbəli bağ evi idi. İkinci mərtəbədə mətbəx olmamışdır. Ancaq birinci mərtəbə də mətbəx var idi. Orada zibillə dolu idi. Evdə yaşamaq üçün şərait yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Cəbrayıl və Sevda ilə onu dostu Sergey tanış edib. Sevdaya məxsus evin elektrik işlərini görmüş, ev təmir olunarkən Sevda gəlib təmirin gedişi ilə maraqlanırdı. Evin təmirini Cəbrayıl sifariş etmiş, həmçinin təmir materiallarını və usta xərclərini Cəbrayıl qarşılamışdır Evin təmiri 2015-ci ildə baş tutmuşdur və 9 ay çəkmişdir.Ev yararsız vəziyyətdə idi. Evdə 2 nəfər, Sergey və o işləmişdir. Evin təmirinə Cəbrayıl 25.000 manatdan çox pul xərcləmişdır. Təmirin bitməsini o, Sergey, Sevda və Cəbrayıl qeyd edirdik. Sevda zarafatla Cəbrayıldan soruşdu ki, aylıq ona nə qədər pul ödəyəcək. Cəbrayıl cavab verdi ki, hansı puldan söhbət gedir, artıq onlar bu məsələni öz aralarında razılaşdırıblar. Şahid bildirir ki, Cəbrayılın evin təmirinə xərclədiyi pul aylıq kirayə haqqı kimi bölünməli idi və o, orada razılaşmaya uyğun 10-12 il yaşayacaqdı. Cəbrayıl ilə Sevda öz aralarında razılaşıblar. Razılaşma vaxtı o onların yanında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, qonşu bağ evində mühafizəçi işləyir. Mübahisəli evdə Sevda və onun əri yaşayırdı. Evi Cəbrayıl təmir etdirdi və hal-hazırda orada yaşayır. Evin həyətini o təmir etmişdir. Təmir vaxtı Sevda və onun oğlu evə gəlirdilər, təmirdən sonra da gəliblər. Köhnə ev idi. Cəbrayıl evin sanitar qovşağını, həyəti təmir etdirmiş, otağın divar kağızını dəyişmiş və digər işləri də görmüşdür. Ümumilikdə evin təmirinə 25.000-30.000 manat pul xərcləmişdir. Cəbrayıl həyətin təmirinə 4.200 manat pul xərcləmiş və usta haqqı kimi ona 800 manat pul vermişdir. Təmir materiallarının pulunu da Cəbrayıl vermişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Cəbrayıla evdə yaşamağa müvəqqəti icazə vermişdir. Daha sonra onların xəbəri və razılığı olmadan evdə təmir işləri aparmışdır. Bildirir ki, onlara məxsus evdə yaşamağı Cəbrayıl təklif etmişdir. Ev təmirdən əvvəl normal vəziyyətdə olmuş, orada gəlib yaşamışlar. Həmçinin şahid qeyd edir ki, təmir vaxtı evə gəlməmişdirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 329.2- ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3 -cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4 -cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evi Cavabdeh mülkiyyətindədir. İşin digər mübahisəsiz halı isə iddiaçının 2016-cı ildən həmin mənzildə (bağ evində) yaşayaraq orada təmir işlərinin aparılmasından ibarətdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək 5 il müddətinə iddiaçıya evində yaşamasına icazə verdiyini, lakin evi onun icazəsi olmadan təmir etməyə başlamasını, evdə təmir işlərinin aparılmasından məlumatının olmamasının, bu halın ona sonradan məlum olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı əldə olunmuş məhkəmə tikinti-texniki ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016- cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8802 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, bağ evində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən təmir-tikinti işləri aparııldıqda, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin təmir işlərinin dayandırılmasını və iddiaçının bağ evindən çıxmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə təmir işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan bağ evinin mülkiyyətçisinin razılığı əsasında təmir və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Belə ki, bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (mülkiyyətçinin maddi marağı, təmir işləri barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, iddiaçının köçərək həmin bağ evində yaşamasına şərait yaratması və s.) Bununla belə, bağ evinin mülkiyyətçisi öz hüququna əsaslanıb təmir işlərini aparmış şəxsin bağ evindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla təmir işlərini aparmış şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, iddiaçının bağ evindən çıxarılacağı halda mülkiyyətçinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, hazırki mübahisənin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən bağ evindən çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırki məsələ də göründüyü kimi, cavabdeh açıq şəkildə iddiaçı tərəfindən evin təmirinə etiraz etməmiş, dolayı yolla razılığını göstərmişdir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin mövcud olması və ya belə bir razılaşmanın olması hissəsinə hüquqi qiymət verərək, qeyd edir ki, tərəflər arasında evin abadlaşdırılması qarşılığında, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasıında icarə münasibətlərinin yaranmaması Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2677/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsəllənin həllində preyudisial xarakter daşıyır. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçı tərəfindən həmin bağ evinə qoyulmuş ayrıla bilən əşyaları (məsələn, paltaryuyan, yataq mebeli, aspirator və digər əşyalar) iddiaçı özündə saxlaya və ya bağ evindən apara bilər. Cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyini əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrdə öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqını əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr. Həmçinin məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir, şahidlər cavabdehin tanışları olduğundan onların ifadəsi səmimi qəbul edilə bilməz və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ekspert rəyinə əsasən müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016- cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8802 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə kirayə haqqının müəyyən edilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 350 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8802 (səkkiz min səkkiz yüz iki ) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə kirayə haqqının müəyyən edilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar