Məhkəmə qərarları › İş №2(011)-3769/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3769/2023

17.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3769/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri, X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı xx.xx.2004-cü il tarixdə Azərdənizneftinşaat trestinin Metalkonstruksiyaları zavodunun 2 saylı sexinə metal-konstruksiyaları üzrə 4-cü dərəcəli yığıcıçilingər vəzifəsi üzrə işə qəbul edilmiş, xx.xx.2010-cü il tarixədək müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2010-cü il tarixdən xx.xx.2010-cu il tarixədək ARDNŞ-nin Cavabdeh 4 saylı Tikinti Quraşdırma İdarəsinin Baş energetik şöbəsinin rəis müavini vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək ARDNŞ-nin Cavabdeh 4 saylı Tikinti Quraşdırma İdarəsinin Energetika idarəsində 13-cü dərəcəli mühəndis vəzifəsində işləmişdir.

2. Cavabdehin xx.xx.2014-cü il tarixli, 790/K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi) əsasən xitam verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin etibarsız hesab edilməsi, ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, mediasiya xidməti üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2004-cü ildən “Azərdənizneftinşaat” trestinin metalkonstruksiya zavodunda yığıcı-çilingər işinə qəbul olunmuşdur. Nümunəvi iş davamiyyətinə görə həmin müəssisədə 12-ci dərəcəli mühəndis energetik işinə təyin edilmişdir. 2007-ci ildə “Azərdənizneftinşaat və Qaz Neft tikinti tresti” birləşdikdən sonra həmin zavod üzrə 16-cı dərəcəli baş energetik vəzifəsinə təyin edilmiş, 2010-cu ilin may ayında Metalkonstruksiyaları zavodu ləğv edildikdən sonra “NQT” trestinin 4 saylı “TQİ”-sinə energetik şöbəsində rəis müavini, daha sonra 13 dərəcəli mühəndis energetik vəzifəsinə ştatla təyin edilmişdir. 2014-cü ilin sentyabr ayından ona bildiriş verərək ixtsarlar başladığını bildirmişlər. Təxminən noyabr ayının əvvəlində SOCAR-ın insan resursları departamentində test imtahanı təşkil edilmiş, 40 sualdan 14-nə cavab vermişdir. Onunla imtahan verən şəxslərdən 13 bal toplayan olmuş və həmin şəxs işlə təmin olunmuşdur. Dekabr ayında Ayxan adlı bir şəxs ona bildirmişdir ki, o, işdən azad olunub. O, dərhal etirazını bildirərək Neftqaztikinti trestinə gedib orada rəhbərliklə görüşmüşdür. Orada ona, gec gəldiyini, lakin narahat olmamasını və 2 saylı “TQİ”-də mühəndis mexanik işinə təyin edəcəklərini desələr də. aldatmışlar. Əmək fəaliyyətini 2014cü ilin dekabr ayının 10-11-nə kimi davam etdirmiş, əmək müqaviləmə isə həmin ilin noyabr ayının 28-də xitam verilmişdir. Cavabdehin rəhbərliyinə dəfələrlə müraciət edərək bəzi sənədləri surətlərini istəmişdir. Bir gün sonra baş mühəndis-müdir əvəzi Elmirzə Adgözəlova imzası ilə 4 adda sənədin kserosurəti ona verilmişdir. Cavabdeh tərəfindən ona orta aylıq əmək haqqının azı iki misli miqdarında işdən çıxarma müavinəti verilməli idi. Burada da onun hüquqları pozulmuşdur. Məhkəmədə iddia qaldırdığı ərəfədə ona məlum olmuşdur ki, onun əmək haqqı kartı bloklanıb. Onun müqabilində yeni kart açılıb, işdən çıxarma müavinəti həmin karta köçürülüb. Bu barədə ona heç bir məlumat verilməyib. Bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. 2-ci sənəd cavabdehin həmkarlar ittifaqı komitəsinin iclasının qərarının surəti olmuşdur. Həmin qərardan çıxarılmış protokolda iclas iştirakçılarını “NQT” trestinin 3 saylı TQİ-in rəisi Z.Kərimovun ZK-03-02/75 xx.xx.2014-cü il tarixli məktubu ilə tanış olmuşdur. Bu sualına hələ də cavab tapa bilmir ki, 4 saylı TQİ-nin işçisi olduğu halda 3 saylı TQİ-nin rəhbərliyi onun barəsində necə akt yazmaq səlahiyyətinə malik olmuşdur? Əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı xx.xx.2014-cü cü il tarixli əmr də 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən imzalanmışdır. xx.xx.2014-cü il tarixli idarə rəisi Z.Kərimov, Baş mühasib Ə.Qasımov, kadrlar şöbəsinin rəisi A.Yoçuyev və həmkarlar ittifaqı komitəsinin sədri E.Fərzəliyevin imzaladığı protokol saxta tərtib olunub, akt tərtib edilərkən o iştirak etmədiyi halda aktda göstərilən variantlardan necə imtina edə bilər? O, SOCAR-ın rəhbərliyinə müraciət ecərək bildirmişdir ki, onun ixtisara düşdüyü vaxt qanun pozuntusu olmaqla ona heç bir təkliflər edilməmişdir. Müraciət cavablandırılarkən göstərilmişdir ki, AR ƏM-nin 78-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanması məqsədi ilə test imtahanları təşkil edilmişdir. Siz energetika sahəsi üzrə keçirilən test imtahanında keçid balından aşağı nəticə göstərmiş, həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxarına müavinəti almaq, yaxud Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial davamlıqlığınm təmin olunmasına dair Proqrama qoşulmaq barədə təkliflərdən imtina etmişiniz. Qeyd edilənlər yalandır, həmin akt da saxtakarlıqla tərtib edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 müraciət etmiş, oradan aldığı başdansovdu cavabla razılaşmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsindən bu günə qədər 9 ilə yaxın bir müddət keçmişdir. Lakin, iddiaçı bu 9 il müddət ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, məhkəməyə müraciət etməməsinin üzürlü səbəblərini göstərməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

9. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

10. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

11. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

12. Maddə 84, 1-ci bənd. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

13. Maddə 84, 2-ci bənd. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

14. Maddə 296, 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

15. Maddə 296, 3-cü bənd. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

16. Maddə 296, 4-cü bənd. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. `

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

22. İddiaçı xx.xx.2014-cü il tarixli 790/K saylı əmrin pozuntuya yol verilərək qəbul edildiyindən etibarsız hesab edilməsini, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini iddia edir.

23. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi iddiaçının iddia etdiyi kimi həqiqətən xx.xx.2014-cü il tarixli 790/K saylı əmrin qanunsuz olaraq qəbul edilməsi.

24. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda müxtəlif vəzifələrdə, son olaraq isə Energetik şöbəsinin mühəndis vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə - xx.xx.2014-cü il tarixdə xitam verilmişdir.

25. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə həqiqətən də mübahisələndirilən əmrin etibarsız hesab edilməsi üçün əsasların olub-olamamsı ilə bağlıdır.

26. ƏM-nin 84-cü maddəsinin 1-ci bəndində əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununa dair tələblər, 2-ci hissəsində isə onun etibarsız hesab edilməsinin əsasları və qaydası göstərilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmrinin etibarsız hesab edilməsinin yeganə əsası onun məzmununa əməl edilməməsi ilə şərtləndirilmişdir (§ 12 və 13).

27. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə iş materiallarında olan cavabdehin xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrinin surətindən görünür ki, sözügedən əmr ƏM-nin 84-cü maddəsinin 1-ci maddəsində əmrin məzmununa dair tələblərə uyğun tərtib edilmiş, məzmununa dair bütün göstərişlər əmrdə qeyd edilmişdir. Odur ki, xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil.

28. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı əmrin etibarsız hesab edilməsini tələb etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbinin hüquqi əsası kimi əmrin ləğv edilməsinə əsas olan maddi hüquq normalarına istinad etmişdir. Ona görə də, məhkəmə xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin ləğv edilməsi üçün də əsasların olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.

29. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi qeyd edilən məsələni araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

30. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir.

31. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixli 790/K saylı əmri hazırki iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixində iddiaçıya ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, iddiaçı xx.xx.2014-cü il tarixində ərizə ilə Energetika şöbəsinin müdirinə müraciət edərək, ixtisar ilə əlaqədar təqdim edilmiş bildirişə əsasən iş axtarmağa icazə verilməsini xahiş etmişdir. Həmin ilin noyabr ayında ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanması məqsədilə test imtahanları təşkil edilmiş, iddiaçı test imtahanında keçid balından aşağı nəticə göstərmiş və xx.xx.2014-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddaiçı isə işdən azad edilməsindən xx.xx.2014-cü il tarixdə məlumatlı olmuşdur.

32. İddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsini cavabdeh tərəfindən bir sıra səndələrin ona 8 il 1 aydan sonra təqdim edilməsi və bu müddət ərzində həmin sənədlərin ondan gizlədilməsi ilə əlaqələndirsə də, məhkəmə onun bu dəlilləri ilə razılaşmır. Çünki, qanunvericilik fərdi əmək mübahisələrinin həlli üçün konkret iddia müddəti müəyyən etmişdir. Qanunun tələbinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərizində mübahisə barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. ƏM-də iddia müddətinin axımının başlandığı işçinin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilir. Əmək Məcəlləsində işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün isə, işçiyə 3 sənədin - əmək müqaviləsinin ləğvi barədə əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirilir (§ 14 və 15).

33. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı əmək müqaviləsini işdən çıxan vaxt almış, ona ödənilməli olan son haqq-hesab 2014 və 2015-ci ilin əvvəllərində bank hesabına löçürülmüş, hətta əmrin ləğvi barədə əmrdən məlumatlı olmuşdur (hətta, əmrin tarixi, nömrəsi və əmək müqaviləsinin ləğvi əsasları əmək kitabçasında da göstərilmişdir).

34. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

35. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

36. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 296cı maddəsində əmək mübahisələri ilə bağlı konkret iddia müddətləri müəyyən edilmişdir. Qanunun tələbinə görə əmək mübahisələrindən irəli gələn pul tələbi ilə bağlı iddia müddəti 1 il müəyyən edilmişdir (§ 16).

37. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi maddi və mənəvi zərərin tələb edilməsi hissəsində də əsassızdır.

38. İddiaçı ona maddi zərər dəydiyini, cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarıldıqdan sonra banklara borcunu ödəyə bilməməsi ilə əsaslandırsa da, işin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq işdən azad edilməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, eləcə də, iddiaçının əsas tələbi olan xx.xx.2014-cü il tarixli əmrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən onun işdən çıxarılmasına görə cavabdehdən ona dəymiş maddi zərər tələb etməsi əsassızdır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Bundan başqa, həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında deyilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

41. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndində qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

42. Digər bir tərəfdən iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmamışdır. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı ona mənəvi zərər dəyməsi ilə bağlı halları sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar