Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3772/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi güzəştli şərtlərlə əmək stajının tanınması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi əmək kitabçasında qeyd olunmuş 1985-1992-ci illər ərzindəki fəaliyyətinin güzəştli əmək stajı kimi tanınmasını nəzərdə tutan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü maddəsinə əsasən həmin Qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 29.3-cü, 30.1ci (birinci və ikinci cümlələrində), 30.1-1-ci, 31.1-ci, 31.1-1-ci, 31.2-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Göründüyü kimi, əmək pensiyalarının təyin edilməsi qaydası, o cümlədən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin dairəsi qanunla müəyyən edilmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Odur ki, əmək kitabçasında qeyd olunmuş 1985-1992-ci illər ərzindəki fəaliyyətinin güzəştli əmək stajı kimi tanınmasına dair məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizənin yolverilməzliyə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə izah edir ki, ərizənin qəbul etməkdən imtina edilməsi ərizəçiyə inzibati məhkəməyə ikinci dəfə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi güzəştli şərtlərlə əmək stajının tanınması barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, ərizənin ümumi məhkəmədə baxılmalı olmadığından qəbul etməkdən imtina edilməsi ərizəçiyə inzibati məhkəməyə ikinci dəfə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3772/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3772/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver