Məhkəmə qərarları › İş №2(011)-3790/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3790/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3790/2022 04.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı Əlövsət qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Əlövsət qızının Cavabdeh MMC-yə qarşı mənzillərin təhvil verilməsi və mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əlövsət qızı Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kvadrat metr olan 136 saylı mənzilin və həmin ünvanda yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən 80 kvadrat metr olan 137 saylı mənzilin İddiaçı Əlövsət qızına təhvil verilməsi, cavabdeh tərəfindən qeyd olunan mənzillərə dair iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 tərəfindən Cavabdeh MMC ilə Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllədə yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və 80 kv.m. olan 137 saylı mənzilin alqı-satqısı barədə 19 aprel 2019-cu il tarixli müqavilələr bağlanılmışdır. Həmin müqavilələrə görə İddiaçı Əlövsət qızı Cavabdeh MMC-yə mənzillərin tam ümumi dəyərini ödəyərək müvafiq maliyyə arayışlarını almışdır. Müqavilələri bağladığı vaxtdan üç ildən çox müddət keçmişdir. Hazırda yaşayış binası tam tikilmiş və bəzi mənzillərdə vətəndaşlar tərəfindən təmir işləri aparılır. İddiaçının bildirdiyinə görə sözügedən binada yerləşən mənzillərinə baxmaq istəyərkən cavabdeh tərəfindən ona müxtəlif bəhanələrlə maneələr yaradılır və mənzillərə sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinin qarşısı alınır. Qeyd olunanlarla bağlı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin direktoru Qabil Əliyeva sorğu göndərilərək, sözügedən mənzillərin İddiaçı Əlövsət qızına təhvil verilməsinin gecikdirilməsi səbəbləri barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin bir aydan çox müddət keçsə də Cavabdeh MMC tərəfindən sorğularına cavab verilməmişdir. Təqdim edilmiş yazılı sübutlarda da, müəyyən olunur ki, İddiaçı Əlövsət qızı mübahisələndirilən mənzillərin ödənişi tam şəkildə həyata keçirdiyi üçün onun həmin mənzilə istifadə və sahiblik hüququ yaranmışdır. İddiaçı müqavilə üzrə öz vəzifəsini yerinə yetirsə də, cavabdeh MTK öz vəzifələrini yerinə yetirməyərək müqavilə şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən, A-1 yaşayış binasında (A-1 blokunda) yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və həmin mərtəbədə yerləşəm ümumi sahəsi 80 kv.m. olan 137 saylı mənzilin (əgər bu mümkün olmadıqda, yəni 22-ci mərtəbədə həmin nömrəli mənzillər olmazsa və s. hallarda inşası tamamlanmış eyni binadan (blokdan) eyni ölçüdə olmaqla müvafiq mənzillərin) İddiaçı Əlövsət qızına təhvil verilməsi, Cavabdeh MMC tərəfində yuxarıda qeyd edilən mənzillər dair İddiaçı Əlövsət qızına sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, X2 tərəfindən Cavabdeh MMC ilə Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllədə yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və 80 kv.m. olan 137 saylı mənzilin alqı-satqısı barədə 19 aprel 2019-cu il tarixli müqavilələr bağlanılmışdır. Həmin müqavilələrə görə İddiaçı Əlövsət qızı Cavabdeh MMC-yə mənzillərin tam ümumi dəyərini ödəyərək müvafiq maliyyə arayışlarını almışdır. Müqavilələri bağladığı vaxtdan üç ildən çox müddət keçmişdir. Hazırda yaşayış binası tam tikilmiş və bəzi mənzillərdə vətəndaşlar tərəfindən təmir işləri aparılır. İddiaçının bildirdiyinə görə sözügedən binada yerləşən mənzillərinə baxmaq istəyərkən cavabdeh tərəfindən ona müxtəlif bəhanələrlə maneələr yaradılır və mənzillərə sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinin qarşısı alınır. Hazırda qeyd edilən mübahisə ilə əlaqədar mülki iş üzrə İddiaçı Əlövsət qızı tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş iddiaya dair mülki iş üzrə yerli baxış keçirildi. Bu zaman cavabdehin nümayəndəsi Cavabdeh MMC-nin direktoru bildirdi ki, hal-hazırda sözügedən mənzillər inşası tamamlanmış yaşayış binasında mövcuddur. Sadəcə sonradan yaşayış binasının girişlərinin adı dəyişib. Yəni İddiaçı Əlövsət qızı ilə bağlanan 19 aprel 2019-cu il tarixli müqavilədəki “C” bloku “A-1” binası (bloku) adlanır. Həmçinin məhkəmənin sorğusunda cavabdeh tərəfindən verilən cavabda bu öz əksini tapmışdır. Bu xüsusatlar iddiaçıya məhkəmə baxışı zamanı məlum olmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı Əlövsət qızı arasında heç bir müqavilə bağlanılmamışdır. Onlar qeyd iddiaçının təqdim etdiyi müqavilələri Mahmud adlı şəxsə vermişdirlər. Belə ki, Əliyev Qabilin dostu olan Nəbi adlı şəxs, Mahmuddan tikinti materialları götürmüş və həmin materialların dəyəri olan 115000 ABŞ dolları borcu yaranmışdır. Həmin borcun ödənilməsi üzrə öhdəliyin təminatı kimi qeyd edilən müqavilələr imzalanmışdır. İddiaçı mənzillərə görə hər hansı bir ödəniş etməmişdir. Odur ki, Cavabdeh MMC ilə Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllədə yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və 80 kv.m. olan 137 saylı mənzilin alqı-satqısı barədə 19 aprel 2019-cu il tarixli müqavilələr etibarsızdır. Cavabdeh MMC tərəfindən Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin ilkin layihəsində “C” blokunun tikinti nəzərdə tutulduğuna görə müqavilə həmin blokda yerləşən mənzillər ilə bağlı imzalanmışdır. Daha sonra yaşayış kompleksinin layihə-tikinti sənədlərində dəyişilmişdir. Lakin müqavilələrdə göstərilən hər iki mənzil Xətai rayonu, Xocalı prospekti, 1118-ci məhəllədə yerləşən A-1 binasının (blokunun) 22-ci mərtəbəsində yerləşir və həmin mənzillərə dair üçüncü şəxslərlə digrə müqavilələr bağlanılmayıb. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 məhəllədə tikiləcək binanın C blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 olan 136 saylı yaşayış sahəsi İddiaçı Əlövsət qızına məxsusdur. Mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC (Kooperativ) ilə İddiaçı Əlövsət qızı (payçı) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda inşa edilən yüksək mərtəbəli bina MMC üzvlərinin vəsaiti hesabına və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın C blokunda 22-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 195 m2 təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçıya” (sahənin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Təhvil veriləcək 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 təşkil edən 136 saylı yaşayış sahəsinin hər 1 m2 –nə 720 manat olmaqla, ümumi dəyəri 140400 manat dəyərində müəyyən edilir və dəyəri tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 məhəllədə tikiləcək binanın C blokunun 23-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 m2 olan 137 saylı yaşayış sahəsi İddiaçı Əlövsət qızına məxsusdur. Mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC (Kooperativ) ilə İddiaçı Əlövsət qızı (payçı) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda inşa edilən yüksək mərtəbəli bina MMC üzvlərinin vəsaiti hesabına və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın C blokunda 23-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 80 m2 təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçıya” (sahənin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Təhvil veriləcək 23-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 m2 təşkil edən 137 saylı yaşayış sahəsinin hər 1 m2 –nə 720 manat olmaqla, ümumi dəyəri 140400 manat dəyərində müəyyən edilir və dəyəri tam ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-5107 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında Cavabdeh MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binalarına (Baş plan üzrə bina A-1, A-5 və T-1) dair Bakı Şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 18/04-176 nömrəli məktubu ilə razılaşdırılmış və müvafiq dəyişikliklər edilməklə yenidən təqdim edilmiş tikinti layihəsi (bina A-1 və bina A-5 22 mərtəbəli) təsdiq edilmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixində keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 məhəllədə Cavabdeh MMC tərəfindən A-1 və A-5 nömrəli yaşayış binalarının və T-1 nömrəli qeyri yaşayış binasının tikinti həyata keçirilir. A-1 nömrəli yaşayış binasının (blokun) tikintisi başa çatmışdır. Yerində müayinə zamanı Cavabdeh MMC-nin sədri X6 bildirmişdir ki, İddiaçı Əlövsət qızına satılmış mənzillər Cavabdeh MMC tərəfindən inşa edilmiş A-1 binasının (blokunun) 22-ci mərtəbəsində yerləşən, müvafiq olaraq 195 kv.m sahəsi və 80 kv.m. sahəsi olan mənzillərdir. Cavabdeh MMC tərəfindən iddiaçıya mənzillərdən istifadə üçün hər hansı maneələr yaradılmır, tikinti işləri getdiyinə görə təhlükəsizlik baxımından, binaya giriş məhdudlaşdırılmışdır. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə 1181 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin “C” blokunun 22-ci və 23-cü mərtəbələrində 80 kv.m. və 195 kv.m. sahəsi olan mənzilləri barədə podrat müqaviləsi bağlamışlar. Cavabdeh tərəf məhkəmə prosesi zamanı X1 ilə Cavabdeh MMC arasında bağlanılmış müqavilələr mənzillərin “C” blokunda yerləşdiyi qeyd edildiyinə baxmayaraq, binaların layihə sənədlərində edilmiş dəyişikliklərə əsasən, həmin “C” blokunun sonradan “A-1” binası adlandırıldığını, barəsində müqavilələr imzalanmış mənzillərin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş “A-1” binasının 22-ci mərtəbəsində yerləşdiyini etiraf etmişdir. Müqavilələrin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, habelə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Bu halda, cavabdeh bağladığı müqavilə üzrə mənzilləri satıcıya təhvil verilməsi öhdəliyini daşıyır. Bu öhdəlik onun şəxsi öhdəliyidir və hər bir öhdəliyi üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək mənzillərin müqavilədə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəsə də, cavabdeh həmin mənzilləri iddiaçıya təhvil verməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mənzillər otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olan fərdi müəyyən edilən əşya olduğundan, bununla da bağlanmış müqavilə əsasında mənzillər yalnız iddiaçıya məxsus olduğundan, iddiaçı mənzillərin ona təhvil verilməsini, həmin mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasın qadağan edilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 178.1-ci maddəsində də göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mənzillərə sahiblik və istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan mənzillər İddiaçı təhvil verilsin. Cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan İddiaçı təhvil veriləcək mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar