Məhkəmə qərarları › İş №2(011)-382/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-382/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-382/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 19500 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə tərəflər arasında 26.10.2019-cuil tarixdə 06/2170/DLİZ saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı özünə məxsus 1 ədəd “X1 Prado” markalı avtomobili (bundan sonra - Avtomobil) cavabdehə satmışdır. Avtomobilin qiyməti 44500 manat, ödənişin isə köçürmə yolu ilə ödənilməsi müəyyən edilmişdir. Avtomobil hazırda cavabdehin mülkiyyətindədir. Avtomobilin qiymətinin 25000 manat hissəsinin ödənilməsini hər iki tərəf qəbul edir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən 2011-ci il buraxılışlı olan “X1 Prado” markal mühərrik №8398319, ban JTEBX3FJ80K071324 nömrəli nəqliyyat vasitəsini cavabdehə satmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən cavabdeh Avtomobilin satış qiymətini (44500 manat) satıcının (onun) bankda adına açılmış bank hesabına köçürmə yolu ilə ödəyir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq qeyd edilən məbləğin bir hissəsini bu günə kimi ödəməmişdir. Belə ki, NBC bank ASC-də adına açılmış bank hesabına 26.10.2019-cu il tarixdə cavabdeh 44500 manat ödəniş etməli olduğu halda 25000 manat ödəniş etmişdir. Elə həmin gün cavabdeh “RENTAUTO.AZ" MMC ilə bağlanmış daxili lizinq müqaviləsinə əsasən Avtomobili sonuncuya lizinqə verilmiş və aralarında təhvil-təslim aktı bağlanmışdır. Müqavilə üzrə ödəməli olduğu ödənişin qalan hissəsini ödəməsi üçün cavabdehə şifahi və yazılı olaraq dəfələrlə bildirsə də bir nəticə olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Tərəflər arasında Avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanması, Avtomobilin qiymətinin 44500 manat müəyyən edilməsi və müqavilə üzrə 25000 manat pulun iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı iddia edir ki, cavabdeh Avtomobilin qiymətinin 19500 manat hissəsini ödəməyib. Cavabdeh isə iddianı qəbul etmir. İşin faktiki hallarını və tərəflər arasındakı mübahisəni nəzərə alaraq məhkəmə hesba edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 576-cı maddəsi təşkil edir. Həmin maddəyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilən müddəadan da göründüyü kimi alqı-satqı müqaviləsi real müqavilədir, müqavilənin bağlanması üçün əmlakın (malın) satıcının mülkiyyətinə verilməsi müqavilənin zəruri şərtidir. Əmlak satıcının mülkiyyətinə verildikdən sonra isə satıcının öhdəliyi yaranmış olur, belə ki, o, bundan sonra aldığı malın dəyərini ödəmək öhdəliyi daşıyr. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçı Avtomobili cavabdehin mülkiyyətinə vermiş, cavabdeh Avtomobili öz mülkiyyətinə qəbul etmiş və bu barədə ona 25.10.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Beləliklə, cavabdehin Avtomobilin qiymətini ödəmək öhdəliyinə malik olmuşdur. Lakin cavabdeh Avtomobilin qiymətini tam ödəməməklə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan Avtomobili almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin Avtomobilin qiymətini ödəməli olmasına dair üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh Avtomobiln qiymətinin tam ödənilməsini əvvəlki məhkəmə iclaslarında bildirsə də, bu dəlilini təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlər rüsumu, cəmi 19530 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar