Məhkəmə qərarları › İş №2(011)-3830/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3830/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3830/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ünvan 1, 6 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı AR MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındalə 6 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzili ona anası X4 xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əssən hədiyyə etmişdir. Cavabdehlər uzun müddətdir ki, qeyd edilən ünvanda yaşamırlar. Həmin evdə anası ilə birlikdə yaşayır. Cavabdehlər qardaşlarıdır. Cavabdeh1 2011-ci il tarixdə, Cavabdeh2 isə 2017-ci il tarixdə rəsmi nikaha daxil olublar və ayrı yaşayırlar. Lakin, onların adından kommunal xərcləri anası ilə iddiaçı ödəyir. Bu isə onları çətin maddi durumlarını daha da ağırlaşdırır. Aylıq gəlirləri az olduğundan cavabdehlərin adına kommunal ödənişlər etmək istəmirlər. Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, cavahdehlərin orada formal olaraq qeydiyyatda qalmaqları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçı həmin mənzil barəsində sərəncam verməyi üçün cavabdehlərin razılığı tələb olunur ki, bu hal da iddiaçının konstitusion mülkiyyət hüquqlarının pozulmasıdır. Cavabdeh1 faktiki olaraq ünvan 2 mənzil 3/A ünvanında yaşayır, lakin Cavabdeh2 harada yaşaması barədə iddiaçının dəqiq məlumatı yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasını müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdiyini və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 61 saylı evin 6 saylı mənzilindən istifadə hüququnun xitam verilməsini razı olduğunu bildirdi. Cavabdeh2 faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 1, mənzil 6 ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini və mülki iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ına əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 61, mənzil 6 İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin 85 saylı Mənzil-Kommunal İstismar Sahəsinin, 591 nömrəli xx.xx.2020-ci il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 61, mənzil 6-da Cavabdeh1 və Cavabdeh2 05.1979-cu ildən qeydiyyatdadır. İş materiallarında olan X1, X2 və X5 tərəfindən notarial təsdiq olunmuş ərizəyə əsasən, Cavabdeh1, ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2010-cu ildən və Cavabdeh2 ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2015-ci il tarixdən etibarən həmin ünvanda yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, tərəflərin qonşusudur. Cavabdehlərlə uşaqlıqdan dostuq etmişdir. Cavabdeh1, ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2010-cu ildən və Cavabdeh2 ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2015-ci il tarixdən etibarən həmin ünvanda yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərin qonşusudur. Cavabdehlərlə uşaqlıqdan dostuq etmişdir. Cavabdeh1, ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2010-cu ildən və Cavabdeh2 ünvan 3 mənzil 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2015-ci il tarixdən etibarən həmin ünvanda yaşamırlar. Beləliklə, cavabdehlərin sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən əvvəl yarandığından hazırkı mülki mübahisənin əsasını həmin vaxt qüvvədə olan “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehlərin daimi yaşamaq üçün mübahisəli mənzildən köçdüyü sübut edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 3 mənzil 6-dan istifadə hüquqları itirilmiş hesab edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 mənzil 6-dan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar