Məhkəmə qərarları › İş №2(011)-3835/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3835/2023

05.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3835/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı iddia ərizəsini rus dilində tərtib olunmaqla verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 11.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Həmin Məcəllənin 11.3-cü maddəsinə görə məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsi müəyyən edir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar