Məhkəmə qərarları › İş №2(011)-3845/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3845/2024

14.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3845/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh MMC-nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) “əmək müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbləri barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, bununla əlaqədar bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin X3 həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə fərdi əmək müqaviləsi bağlamamışdır. Dəfələrlə MMC-nin müdiri X1 müraciət etsə də, sonuncu müqaviləyə xitam verməmişdir. Buna görə də iddiaçı məcbur olub Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürünə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda cavab məktubunda qeyd edilmişdir ki, işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümükün deyilsə, bu baradə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, həmin müqavilənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X3 həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq o bildirmişdir ki, heç vaxt Cavabdehndə işləməyib. Karantin məhdudiyyətləri ilə əlaqədar ona yaşayış yerini tərk etmək üçün icazənin alınması zəruri idi. Yoldaşı ağır xəstə olduğundan və onu daima həkimə aparıb-gətirmək vacib olduğundan məcbur olub tanımadığı şəxsə şəxsiyyət vəsiqəsini vermişdir ki, onu elektron bazaya işləyən şəxs kimi əlavə etsin və onun üçün yaşayış yerini tərk etməyə icazə verən vərəqə alsın. Bunun müqabilində həmin tanımadığı şəxsə 80 manat pul ödəmişdir. Daha sonra sosial müavinət almaq üçün müvafiq dövlət orqanına müraciət etdikdə ona məlum olmuşdur ki, rəsmi iş yeri Cavabdeh kimi göstərilib. Sonuncu səbəbdən ona müavinətin verilməsindən imtina edilmişdir. Halbuki, iddiaçı heç vaxt Cavabdeh MMC-də işə düzəlməyib və həmin idarədə işləməyib. Karantin zamanı məhdudiyyətsiz evini tərk etmək məqsədilə onu bazada işçi kimi qeydiyyata alıblar. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədin surətindən görünür ki, İddiaçı adına Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin statusu qüvvədədir, bildirişin nömrəsi xxxxxxx000100, müqavilə müddətsizdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sonuncunun barəsində aktiv əmək müqaviləsinin olması ilə bağlı 06 fevral 2023-cü il tarixli müraciətinə X4 Xidmətində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, müraciətdə qeyd olunan müəssisədə işləmiş digər şəxslərin oxşar müraciəti ilə əlaqədar münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin (ünvan 1 ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, İddiaçı Cavabdeh MMC-də “sürücü” vəzifəsində işləyir. Onun əmək haqqısı 300 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “sürücü” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmışdır və əmək haqqı 300 manat məbləğində müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, hazırki vaxtadək tərəflər arasında bağlanmüş əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilərək, həmin əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında sonuncunun “sürücü” vəzifəsinə qəbul edilməklə əmək müqaviləsinin bağlanması elektron qeydiyyat istisna olmaqla, digər iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinə baxmayaraq, müqavilənin bağlandığını və tərəflərin əmək münasibətlərinə daxil olduğunu təsdiq edən sair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Lazimi qaydada məlumatlarındırılmış cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə verilmiş məhkəmə sorğusuna cavab olaraq isə bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə əsas olan sənədlər xidmətdə mövcud deyildir. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC-də işləmiş digər şəxslərin də iddiaçının müraciətinə oxşar müraciətləri vardır. Məhkəmə iddianın “əmək müqaviləsinin etibarsız hesab edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən əmək müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsi və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Tərəflər arasında əmək münasibətlərinin yaranmasına dair tərəflərin qarşılıqlı iradənin ifadə olunması və onun bildirilməsinin vahidliyi iş materialları ilə müəyyən edilmir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli və əmək müqaviləsinin etibarsız hesab edilməsi əmək müqaviləsinin qüvvədən düşməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilməlidir. İddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə iddiaçı ilə inzibati orqan (X4 Xidməti) arasında yaranmış inzibati mübahisə olmadığından, əmək müqaviləsi bildirişinin elektron sistemdə qeydiyyatı ilə bağlı X2 üzərinə öhdəliyin qoyulması barədə iddia tələbi təmin edilə bilməz. Lakin sözügedən müqavilə etibarsız hesab edildiyindən, qətnamənin icrası zamanı çətinliklərin qarşısının alınması məqsədilə hazırki qətnamə “əmək müqavilələri bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə müvafiq qeydiyyatın aparılması üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət” portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə “İddiaçı ilə Cavabdeh MMC arasında qanuni bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” barədə iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları bunlardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi əsasları hazırda mövcud olmadığından və müqavilənin etibarsızlığına dair iddia tələbləri əsaslı olduğundan, müqavilənin xətmi ilə bağlı olan hissədə iddia təmin edilməməlidir. Belə ki, sözügedən əmək müqaviləsi etibarsız hesab edildiyindən - olmayan bir müqavilənin xitamından da söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış və əmək müqaviləsinin bağlanması barədə xxxxxxx000100 saylı bildirişlə rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməlidir, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçının iddia tələbi təmin edildiyindən və o, dövlət rüsumunu ödəməkdən azad olunduğundan iş üzrə 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia tələbləri qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanılmış və əmək müqaviləsinin bağlanması barədə xxxxxxx000100 saylı bildirişlə rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırki qətnamə əmək müqaviləsinin qüvvədən düşməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar