Məhkəmə qərarları › İş №2(011)-3953/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3953/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3953/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, X1 cavabdehlər Cavabdeh və Maraqlı şəxs MMC-yə qarşı əmlakın geri qaytarılması və pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdehlər Cavabdeh və Maraqlı şəxs MMC-yə qarşı Cavabdeh “X5” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili alınaraq iddiaçıya verilməsi, bu mümkün olmadıqda avtomobilə görə ödənilmiş 4600 manat əsas borcun, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 66 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, o, onunla Cavabdeh arasında 16 mart 2022-ci il tarixində 03276 nömrəli “İlkin alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Maraqlı şəxs MMC-yə məxsus olan “X5” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil qrafikə uyğun olaraq 30 ay müddətinə iddiaçıya icarəyə verməyi öhdəsinə götürmüşdür (müqavilənin 9-cu bəndi). Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən iddiaçı icarədarın hesabına 3300 manat məbləğində depozit ödənişi etmişdir. Qrafikə uyğun olaraq 3 ay müddətinə hər ay 450 manat olmaqla cəmi 1300 manat ödəniş etmişdir (birinci ay 400 manat). 24 iyun 2022-ci il tarixində Maraqlı şəxs MMC-nin əməkdaşı iddiaçının iş yerinə gələrək bildirmişdir ki, icarə əsasında götürdüyü avtomobilə 3 ay ödəniş edilməyib, avtomobili geri aldılar. Məsələ ilə bağlı Cavabdeh müraciət etdikdə, o, bildirdi ki, avtomobili Maraqlı şəxs MMC-dən alıb, ödənişi az qalıb, indi də satır, anlaşılmamazlıq var, avtomobili alıb mənə geri qaytaracaq. Ödənilmiş pulları cavabdehdən tələb etsə də, o, pulları geri qaytarmır. Cavabdehin etirazının dəlilləri Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə Cavabdeh və cavabdeh Maraqlı şəxs MMC-nin nümayəndəsinin in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - İddiaçı X3 ilə Cavabdeh arasında 16 mart 2022-ci il tarixinə aşağıda göstərilən şərtlərlə sadə yazılı müqavilə bağlanılmışdır: - X3 avtomobilin hər bir avadanlığının, detalının və salonun saz vəziyyətdə olmasına cavabdehlik daşıyır; - avtomobil təhvil alındıqda icarəçi 3300 manat məbləğində depozit ödənişi etmişdir; - avtomobilin aylıq icarəsi 400 manat təşkil edir və icarəçi bu məbləği gündəlik 13,30 manat ödəməlidir; - əgər icarəçi tərəfindən avtomobilə zədə dəyərsə, DYP və BNA tərəfindən tətbiq olunan cərimələr 1 həftə ərzində ödənilməzsə, avtomobil icarəçidən alınaraq və icarəçinin əvvəlcədən şirkətə ödədiyi 3300 manat depozit qaytarılmayacaq; - icarəçi avtomobildən 1 ildən tez olmayaraq imtina etdiyi halda şirkət tərəfindən avtomobilə baxış keçirilir. Əgər avtomobildə hər hansı bir zərər və DYP əməkdaşı tərəfindən yazılmış cərimə olunarsa icarəçi tərəfindən ödənilən 3300 manat depozitdən həmin zərər və cərimə məbləği hesablanaraq çıxılacaq; - əgər avtomobilə dəyən zərəri və cəriməni 3300 manat qarşılamırsa, o zaman icarəçi qanun qarşısında cavabdehlik daşıyır; - avtomobil icarəçi 30 aylıq icarəyə verilir; - bu müddət ərzində icarəçi icarə haqqını tam ödədikdən sonra həmin avtomobilin qanuni sahibi olur; - avtomobil icarəçi tərəfindən geri qaytarılarsa avtomobil təhvil alındığı gündən hər gün üçün 5 manat amortizasiya xərci hesablanacaq, həmçinin gündəlik icarə pulu (20 manat) hesablanaraq depozitdən çıxılacaq; - əgər icarəçi 1 ildən tez avtomobildən imtina edərsə, icarəçinin təqdim etdiyi depozit qaytarılmayacaq. Müqaviləyə əlavə edilmiş aylıq ödəniş cədvəlindən görünür ki, iddiaçı avtomobilə görə Cavabdeh 3 ay ərzində 400 manat məbləğində ödəniş etdiyinə baxmayaraq, avtomobil iddiaçıdan Maraqlı şəxs MMC-nin əməkdaşları tərəfindən 24 iyun 2022-ci il tarixində geri alınmışdır. Mübahisə predmeti olan “X5” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil Maraqlı şəxs MMC-nin mülkiyyətində olmuşdur. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmənin mövqeyi: Əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən avtomobil Cavabdeh mülkiyyətində olmadığından sonuncunun əmlaka dair sərəncam vermək huququ da olmamışdır. Lakin cavabdeh mülkiyyətində olmayan əmlaka dair iddiaçı ilə əmlakın ilkin alqı-satqı müqaviləsini imzalamışdır. Belə olan halda, cavabdeh tərəfindən əqdin subyektiv tərkibinə aid olan şərt pozulduğundan, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış müqavilə əqdin subyektiv tərkibinə aid olan şərt pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış müqavilə etibarsız olduğundan, müqavilə hər hansı hüquqi nəticə yaratmamışdır. Ona görə də iddiaçının müqavilənin predmetini təşkil edən əmlakın iddiaçıya qaytarılması barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Digər tərəfdən göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Mülki işin məhkəmə araşdırması nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış müqavilə etibarsız olduğundan, cavabdehin iddiaçıdan depozitə görə 3300 manat və 3 ay hər ay 400 manat olmaqla pul alması üçün hər hansı qanuni və müqavilə əsası mövcud olmamışdır. Bununla da Cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Bu hal məhkəmə təqdim edilmiş iddiaçı X3 ilə Cavabdeh arasında olan danışıqların səs yazısında cavabdehin həmin pulların geri qaytarılması ilə bağlı etiraf edici ifadələri ilə də təsdiqini tapır. Belə olan halda, Cavabdeh hər hansı bir əsas olmadan iddiaçının vəsaiti hesabına əsassız varlandığına görə onun həmin pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır. Odur ki, iddia Cavabdeh munasibətdə qismən təmin edilərək 4500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə iki ay ərzində 450 manat, bir ayda isə 400 manat ödədiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş sənədlərdən iddiaçı tərəfindən Cavabdeh Vəfalı oğluna üç ay ərzində 400 manat ödədiyi müəyyən edilmiş, iki ayda əlavə 50 manat ödədiyi öz təsdiqni tapmamışdır. Cavabdeh Maraqlı şəxs MMC-yə münasibətdə məhkəmə iddianın əsassız olduğu qənaətinə gəlir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Maraqlı şəxs MMC-yə ödənişlərin edildiyi öz təsdiqini tapmamışdır. Odur ki, iddia Maraqlı şəxs MMC-yə münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia Cavabdeh münasibətdə qismən təmin edildiyinə görə, hazırkı iddia üzrə dövlət rusumu da Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 (altmış altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar