Məhkəmə qərarları › İş №2(011)-3957/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3957/2025

23.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3957/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1969-cı il təvəllüdlü İddiaçı2, xx.xx.1993-cü il təvəllüdlü Hüseynova (Cahangirova) Rüfanə Nazim qızının, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, biz ailə üzvləri ünvan 2 unvana 1992-ci ildə pasport qeydiyatına düşmüşük. Ancaq qeydiyatda olmadan uzun illər həmin mənzildə yaşamışıq. Hazırda keçmiş mülkiyyətçi öldüyü üçün onun oğlu Cavabdeh digər vərəsələrin icazəsi olmadan vərəsəliyi qəbul edərək ünvan 2 ünvanı öz adına çıxarış almışdır. Cavabdeh ünvan 2 ünvanı adına keçirdikdən sonra məhkəmədə iddia qaldıraraq mənzildən pasport qeydiyyatından çıxarılmağımız barədə tələb irəli sürmüş, bizim qeydiyyatda olduğumuz ünvandan pasport qeydiyatından çıxarılmağımızı tələb etmişdir. Sonda İddiaçı1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər iddiaçılar və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 22 oktyabr 1978-ci il tarixli 177145 saylı Orderin surətindən görünür ki, X5 və onunla birgə yaşayan X3, Cavabdeh, X2 Əhmədli qəsəbəsi, məhəllə 2942, ev 29, mənzil 103 ünvanında yaşamaq hüququna dair order verilmişdir. İş materiallarında olan Xətai rayon MKTB-nin 87 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli 46 saylı Arayışından görünür ki, həmin arayış X1 ondan ötəri verilmişdir ki, o, Xətai rayonu, Gen.Şıxlinski küçəsi 40 saylı evin 103 saylı mənzilində yaşayır. Həmin mənzildə bacısı İddiaçı1, bacısı qızı – X6, bacısı əri – İddiaçı2, bacısı oğlu - İddiaçı3, dayısı - Cavabdeh yaşayır. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 196№ ilə qeyd edilmişdir. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci ildə 111№ ilə qeyd edilmişdir. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 352№ ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti Başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, General Şıxlinski küçəsi ev 40, 103 saylı mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə 160№-li reyestr kitabında 23796 saylı qeydiyyat aparılmışdır. İş materiallarında olan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli vərəqində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 40, 103 saylı mənzil xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır, iddiaçılar cavabdehin ailə üzvləri olmamaqla həmin mənzildə pasport qeydiyyatındadırlar. Bununla belə, iddiaçıların həmin mənzilə köçürülməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçılar cavabdehin ailə üzvü olmamaqla həmin mənzildə qeydiyyatda olsalar da, onların mübahisəli mənzilə dair istifadə hüququ yaranmadığından və cavabdeh həmin mənzilin mülkiyyətçisi olduğundan, iddia tələbi əsaslı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir...Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumunları iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “iddiaçılar xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1969-cı il təvəllüdlü İddiaçı2, xx.xx.1993-cü il təvəllüdlü Hüseynova (Cahangirova) Rüfanə Nazim qızının, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələri barədə” iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar