Məhkəmə qərarları › İş №2(011)-3964/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3964/2023

27.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3964/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə azərbaycan respublikasında daimi yaşamasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi onun 1990-cı ildən etibarən bu günədək Azərbaycan Respublikasında yaşama faktının və başqa bir ölkənin vətəndaşı olmaması faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri ondan ibarət olmuşdur ki, ərizəçi xx xxxxxxxx 1953-cü ildə Gürcüstan Respublikası Bolnisi rayonu, M.Əhmədli kəndində dünyaya gəlmişir. 1972-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərinə köçmüş və uzun illərdir ki, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həmçinin 1972-ci il 5 aprel tarixindən etibarən Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olduğundan əmək kitabçası iddiaçıya təqdim edilmişdir. 1973-cü ildən 1975-ci ilədək Azərbaycan SSR Bakı şəhəri Leninski rayonundan hərbi xidmətə getmişdir. 18 sentyabr 1980-ci ildən etibarən SSRİ pasportu iddiaçıya təqdim edilmiş, həmin pasportda azərbaycanlı olduğu qeyd edilmişdir. Ona da qeyd edir ki, 1980-ci ildən 1982-ci ilədək Rusiya Federasiyası, Arxangelsk əyalətində cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Daha sonra 1990-cı ildən yenidən Azərbaycan SSR-də Mingəçevir şəhərində qeydiyyata alınmışdır. 1994-cü ildə isə Mingəçevir şəhərindən qeydiyyatdan çıxmış, İsmayıllı rayonuna pasport qeydiyyatına alınmışdır. Həmin vaxtlar Azərbaycan Respublikası vətəndaşı kimi Rusiya Federasiyasında və Gürcüstan Respublikasında ölkədən giriş-çıxış etmişdir. Hətta, həmin vaxtlar bir sıra hüquqi proseduralar etmiş və arayışlar almışdır. Lakin daha sonra ona bildiriş gəlmiş və geydiyyatının olmadığı bildirilmişdir. Ərizəçi daimi əsaslarla Azərbaycan Respublikasında yaşayır, SSR pasportunun isə qüvvəsi olmadığına görə, ölkə ərazisində heç bir şey edə bilmir. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İşin halları Ərizəçi Şaxbəddin oğlu xx xxxxxxxx 1953-cü il tarixində Gürcüstan SSR Bolnisi rayonunun Molla-Ahmedli kəndində anadan olmuşdur. O, 1972-ci ildə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişdir. 1990-ci ilin fevral ayından Azərbaycan Respublikasında qeydiyyatda olmuş və 11 mart 1994-cu ildə qeydiyyatdan çıxarılmışdır. Ərizəçi 1972-ci ildən etibarən Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmuş, burada 30 ildən artıqdır ki, yaşamışdır. Bu hallar iddiaçının təqdim etdiyi əmək kitabçası və X1 və X2 şahid ifadələri əsasında öz təsdiqini tapmışdır. Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatları və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nazarəti tərəfindən təqdim edilmiş 27 sentyabr 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, ИГ 748810 nömrəli pasport əsasında xx xxxxxxxx 1953-cü il təvəllüdlür Ərizəçi (X4) oğlu 16 oktyabr 2003-cü il tarixində ölkədən çıxış və 21 oktyabr 2003-cü il tarixində ölkəyə giriş etmiş, daha sonra 15 sentyabr 2004-cü il tarixində ölkədən çıxış və 21 sentyabr 2004-cü ildə ölkəyə giriş etmiş. Gürcüstan Səfirliyi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi “Gürcüstan vətəndaşlığı haqqında” oran qanunun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq və Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Servislərinin inkişaf agentliyinə təqdim olunan və agentlik tərəfindən əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab edilmir. Tətbiq edilən hüquq İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi Maddə 15

1. Hər bir şəxs vətəndaşlıq hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi

İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.[2] İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun

Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul

Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər

307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ...307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər

Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belətə qənaətə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 nömrəli qərarına istifadən qeyd edir ki, bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edildiyindən, habelə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə keçmiş SSRİ vətəndaşının pasportu əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması faktı ərizəçinin izahatı, mülki iş üzrə təqdim edilmiş sənədlər, həmçinin şahid ifadələri sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx xxxxxxxx 1953-cü il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1972-ci ildən etibarən Azərbaycan Respublikasında daimi yaşaması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar