Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3979/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.03.2011-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01.03.2011-ci il tarixindən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək müqaviləsi əsasında işləmiş və 18.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanaraq ona verilməmişdir. Belə ki, 01.03.2011-cü ildən 01.03.2018-ci il tarixədək heç vaxt əmək məzuniyyəti hüququndan istifadə etməmiş və işəgötürən onunla son haqq-hesab apararkən bu halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablamamış və ödəməmişdir. Bunu həmin dövrlər üzrə “xxxx” ASC-dən verilmiş hesabdan çıxarışla təsdiq edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək izahatı göstərmişdir ki, İddiaçı, özünə məxsus korporativ “e-mail” vasitəsi ilə həmin şirkətdə çalışan digər şəxslərlə yazışmalarında iddiaçı özü etiraf etmişdir ki, müxtəlif tarixlərdə məzuniyyətdə olduğundan, “e-mail”-ə cavab verə bilməmişdir. Həmin cavablar DSX-nin məhkəməyə təqdim etdiyi sorğuda qeyd olunan tarixlərlə üst-üstə düşür. Həmçinin iddiaçı özünə məxsus sosial şəbəkədəki səhifəsində məhz həmin tarixlərdə əlavə etdiyi şəkillərdən, onun məzuniyyətdə olma faktı təsdiqini tapır. Bununla da, iddiaçının faktiki olaraq həm əsas, həm də, əlavə məzuniyyətindən istifadə etməsi sübuta yetirilir. Qanunvericiliyin tələblərinə əsasən isə, sənədləşdirilmədiyinə görə, məzuniyyət günlərinin əvəzinin ödənilməsini nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 2008-ci il tarixdən etibarən “R &M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında mühasib vəzifəsində işləmişdir. Vəzifə səlahiyyətlərinə digər məsələlərlə yanaşı həm də kadrlar üzrə işlərin görülməsi daxil olmuşdur. İşlədiyi dövr ərzində həmin şirkətdə İddiaçı adlı şəxs də işləyib. İddiaçı işlədiyi bütün dövr ərzində mütəmadi olaraq əmək məzuniyyəti hüququndan istifadə etmiş və onun heç bir zaman ilin sonuna istifadə edilməmiş məzuniyyət günləri qalmamışdır. Xüsusi olaraq qeyd edə bilər ki, 17.04.2016-cı il tarixində Meridian Park şadlıq sarayında İddiaçı toy məclisi olmuşdur və həmin məclisdə şirkətin bir çox digər işçiləri iştirak etmişdir. Göstərilən nikaha daxil olmaq üçün İddiaçı məzuniyyət üçün müraciət etmişdir. Həmin il İddiaçı nikaha daxil olmaq və nikahdan sonra istirahət etmək məqsədi ilə məzuniyyətini bir neçə yerə bölərək, bir hissəsini nikahın bağlanması üçün, digər hissəsini isə daha sonra “bal ayı” kimi bir neçə günlük xaricə getmək üçün istifadə etmişdir. Şirkətdə məzuniyyət hüququndan istifadə etmək niyyətində olan işçi xüsusi müraciət blankı doldurub filialın rəhbərinə təqdim edirdi, həmin ərizə/blank filial rəhbəri tərəfindən təsdiq edildikdən sonra ona təqdim edilirdi və onun əsasında müvafiq əmr tərtib edib filialın rəhbərinə imza üçün təqdim edirdi. Əmrlər kitabı onun tərəfindən aparılırdı. Əmrlərin özləri isə xüsusi qovluqda saxlanılırdı. İşçilərin məzuniyyətə çıxıb- çıxmamasından asılı olmayaraq, işçilərə sadəcə onların tam əmək haqqı məbləği ödənilirdi. Bu ödəniş qaydası filial rəhbərinin göstərişi ilə müəyyən edilmişdir. Belə ki, məzuniyyət üzrə ödənişlər qanunla nəzərdə tutulmuş qaydada hesablandığı halda işçinin aylıq əmək haqqı məbləğindən aşağı məbləğdə də ola bilərdi. Buna görə də filial rəhbərliyi ona tapşırıq vermişdir ki, əmək məzuniyyətində olmasından asılı olmayaraq işçilərə onların tam əmək haqqı məbləğləri ödənilsin. Məzuniyyətlərlə bağlı olan bütün sənədlər tərəfindən şirkəti tərk etdiyi vaxt şirkətin rəhbərliyinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2011-ci il tarixdən bu günədək “R &M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir. Göstərilən şirkətə ilkin olaraq ekspeditor vəzifəsinə işə qəbul edilmiş, 2013-cü ilin dekabr ayından logistika üzrə menecer vəzifəsinə keçirilmişdir, 2018-ci ildən bu günədək isə əməliyyatlar üzrə menecer vəzifəsində işləyir. 2013-cü ildən təxmini 2018-ci ilədək olan dövrdə İddiaçı birbaşa rəhbəri olmuşdur. İddiaçı rəhbəri olduğu bütün dövr ərzində və eləcə ondan əvvəl və sonrakı dövrlərdə İddiaçı hər il əmək məzuniyyətindən tam həcmdə istifadə edirdi. İddiaçı heç bir zaman istifadə edilməmiş əmək məzuniyyəti olmayıb. İllik əmək məzuniyyəti hüququndan istifadə edərkən, İddiaçı çox vaxtı məzuniyyət müddətini bir neçə hissəyə bölürdü, onun bir hissəsini Azərbaycan Respublikasında, bir neçə gününü isə Azərbaycandan kənarda keçirirdi. Rəhbəri olduğu müddət ərzində, İddiaçı hər dəfə əvvəlcədən məzuniyyət günlərini onunla razılaşdırırdı və yalnız bundan sonra şirkətdə məzuniyyət üçün nəzərdə tutulmuş xüsusi blankı doldurub filial rəhbərinə təqdim edirdi. Buna görə də, tam əminliklə deyə bilər ki, İddiaçı öz məzuniyyət hüququndan hər il və azı tam həcmdə (bəzi hallarda isə daha artıq) istifadə edirdi. 2018-ci ilədək olan dövr ərzində şirkətdə əmək məzuniyyətinə çıxan işçilərə məzuniyyət dövrləri üçün onların tam əmək haqları ödənilirdi. Bu da işçilərin məzuniyyətə çıxmaq maraqlarını artırmaq məqsədi ilə şirkətin rəhbərliyi tərəfindən qəbul edilmiş qərara əsasən edilirdi. Şirkətin heç bir zaman kadrlar şöbəsi olmayıb və bu səbəbdən məzuniyyətlərlə bağlı bütün sənədləşdirmə işləri şirkətin mühasibi vəzifəsində işləyən şəxs tərəfindən həyata keçirilirdi. 18.05.2020-ci il tarixdə filialın rəhbəri X5 (İddiaçı doğma qardaşı) tutduğu vəzifəsindən azad edilmişdir və işdən çıxarkən heç bir sənəd təhvil-təslimini həyata keçirməmişdi. Buna görə də şirkətin məzuniyyət əmrlərinə aid keçmiş dövr üçün bir çox sənədi yoxdur. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “R &M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X13 İddiaçı arasında bağlanmış 01.07.2017-ci il tarixli əmək müqaviləsinin, həmçinin, əmək müqaviləsi bildirişlərinin surətindən müəyyən olunur ki, iddiaçı 01.03.2011-ci il tarixdən şirkətdə satış üzrə dəstəkçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, işçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İşçi 5 günlük, 2 istirahət günlü iş həftəsi ilə işləyir. İşçiyə işə bağladığı müddətdən 6 ay sonra və hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. Əsas məzuniyyətin müddəti 30 təqvim günüdür. İddiaçı adına “ xxxx” ASC-də açılmış hesabdan 217.03.2011-31.12.2016-cı il dövrü üzrə çıxarışın surətindən görünür ki, həmin dövr ərzində cavabdeh tərəfindən iddiaçının hesabına yalnız əmək haqqı qismində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinin İİ. hissəsinə görə əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin x) bəndi ilə hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin əsas hüquqlarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 12-ci maddəsinin a) və x) bəndləri ilə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifələri kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 86-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Həmin Məcəllənin 144-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə məhkəmə, işin məhkəmə baxışı zmanın araşdırılmış hallarına əsasən məhkəmə araşdırmaları zamanı cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən iddiaçıya 01.03.2011-ci il tarixdən 01.03.2018-ci il tarixədək istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilərək istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, cavabdeh tərəfinin məzuniyyət haqqının aylıq əmək haqqı kimi ödənilməsi barədə mülahizələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, məhkəmənin iş üzrə araşdırılmış sübutların qiymətləndirilməsinə əsasən gəldiyi qənaətə görə, həmin mülahizələr heç bir mötəbər sübutla təsdiq olunmadığından nəzərə alına bilməz. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 01.03.2011ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3979/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3979/2021
17.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver