Məhkəmə qərarları › İş №2(011)-398/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-398/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-398/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mənzil X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehə mənzilin təmiri üçün ödənilmiş 35.000 manat, məhkəmə xərclərinə görə ödənilmiş 197 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş 500 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 17 oktyabr 2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə imzalanmışdır. Əlavə olaraq onların arasında 18 oktyabr 2018-ci il tarixdə alğı-satqı müqaviləsi də bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh MMC-yə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ümumi sahəsi 62,6 kv.m olan mənzilə görə 30.000 manat pul ödəmişdir. Sözügedən mənzilin təmiri üçün Cavabdeh MMC-yə isə iddiaçı 35.000 manat pul ödəmişdir. Lakin mənzilin təmiri 35.000 manat dəyərində deyil, 3.500 manat dəyərindədir. Belə ki, görülən işlər giriş qapısı (metal)-200 manat, plastik pəncərələr-900 manat, döşəmə (dikt)-800 manat, elektrik xətti (elektrik aksesuarlar qurulmamış)-500 manat, sanitar qovşaq işi-500 manat, divar və tavanın işi tam qurtarmamış vəziyyətdə-600 manat, cavabdeh tərəfindən cəmi 3.500 manatlıq iş görülmüşdür. Yuxarıda qeyd olunan müqavilələrə əsasən tikintinin müddətinin 18 ay müəyyən edilməsinə baxmayaraq, Cavabdeh MMC müqavilə öhdəliklərini dəfələrlə pozmuş, tikinti obyektlərini inşa edərək qanunvericiliyə müvafiq qaydada istismara hazır vəziyyətdə təhvil verməmişdir. 30 iyun 2017-ci il tarixdə keçirilmiş investisiya müsabiqəsinə əsasən 3 tikinti obyektinin inşasının həyata keçirilməsinə dair Agentliyin tabeliyində olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında müvafiq müqavilələr imzalanmışdır. Müsabiqə şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən inşa olunacaq üç binadan biri (12 mərtəbəli 60 mənzillik) Agentliyin sərəncamına verilməli və həmin binada yerləşən mənzillər “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılmalı idi. Tikintiyə cavabdehliyi və nəzarəti Agentlik etdiyindən iddiaçı dəfələrlə tikintinin və təmirin vaxtında təhvil verilməməsi ilə bağlı müraciətlər etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddiaçı izahatında bank vasitəsilə cavabdehə 30.000 manat ödədiyini, həmin gün təmir üçün cavabdehin şəxsi hesabına 35.000 manat pul ödədiyini, 4 il keçməsinə baxmayaraq, cavabdehin müqavilə şərtlərinə uyğun evin təmirli şəkildə ona təhvil verilmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında iddiaçının 17 oktyabr 2018-ci il tarixli müqaviləni qiyməti 79.189 manat olması şərti ilə imzaladığını, iddiaçının təqdim etdiyi qəbzlərdə 35.000 manatın təmir üçün ödənilməsinin göstərilmədiyini bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mənzil X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh MMC arasında 17 oktyabr 2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən 28 saylı binanın 25 saylı mənzilinin tikintisini apararaq, 18 ay müddətində mənzili daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebeli, avadanlıq və daxili qapılar olmaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürmüş, iddiaçı isə müqavilənin ümumi dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 79.189 manat müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 18 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.6 kv.m olan 2 otaqlı mənzilin alıcıya satılmasını, alıcı isə mənzilin dəyəri olaraq 30.000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. 17 oktyabr 2018-ci il tarixli mədaxil orderinə əsasən, iddiaçı "xxxx" ASC-nin Sahil filialı ilə notariusun depozit hesabına 30.000 manat pul ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıraq hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi ona müqavilə əsasında satılmış mənzilin təmir xərcləri üçün 35.000 manat pul vəsaiti ödədiyinə, lakin mənzilin ona təmirli vəziyyətdə təhvil verilmədiyinə istinad edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı sübut qismində məhkəməyə 17 oktyabr 2018-ci il tarixli kassa məxaric orderini təqdim etmişdir. Həmin kassa məxaric orderində 35.000 manat pul vəsaitinin təmir haqqı yox, mənzil haqqı ödənişi olması göstərilmişdir. İddiaçı ödəmiş olduğu 35.000 manat pulun məhz mübahisəli mənzilin təmir xərci üçün ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, bu hal məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar və təqdim etdiyi sübutlar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin vəkil xidməti üçün ödənilmiş 500 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində vəkil xidməti üçün 500 manat pul ödədiyini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı ödəniş qəbzi və ya başqa sənəd təqdim etməmişdir. Bu hal məhkəmədə işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 197 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 197 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı-iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehə mənzilin təmiri üçün ödənilmiş 35.000 manat, məhkəmə xərclərinə görə ödənilmiş 197 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş 500 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 197 (yüz doxsan yeddi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar