Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3983/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Nağızadə Gülnaz Nasir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayənədəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Kommunal xərclər keçmiş həyat yoldaşı X2 adından ödənilmişdir. Özü uzun müddət həmin fərdi yaşayış evində yaşamışdır. Müvəqqəti olaraq yuxarıda adı çəkilən ünvanda qısa bir müddət ərzində yaşamamağından istifadə edən cavabdeh ona məxsus fərdi yaşayış evini ələ keçirmişdir.
2. İddiaçı fərdi yaşayış evinə gələndə orada 2024-cü ilin axırlarında təmir işlərinin aparılmasının şahidi oldmuşdur. Cavabdehdən işin dayandırılması və ona məxsus evin boşaldılmasını tələb etmişdir. Lakin cavabdeh ona rədd cavabı vermişdir. Buna görə də Xətai RPİ-nin 37-ci PŞ-a müraciət etmişdir. Bir müddət sonra ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh ona məxsus fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddiaçının tələbi:
3. ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən Cavabdeh çıxarılması, onun tərəfindən fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddia əsassızdır və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mübaisəli fərdi yaşayış evinin ona məxsus olması bununla bağlı hüququ təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə sübut kimi təqdim edilən qəbzlərdən də görünür ki, işıq pulunu ödəyən Mətanət Fərzəliyevadır. Yəni bu da bir daha sübut edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özünə məxsusdur. Həmin fərdi yaşayış evində müvəqqəti olaraq yaşamamağından istifadə edən cavabdeh ona məxsus fərdi yaşayış evini ələ keçirmişdir. Ödədiyi məbləği və sənədləşdirmədə çəkdiyi bütün xərcləri qaytarmağa hazıram, belə ki, ev dəyərindən çox aşağı satılmışdır. Onsuz da o özü də evi satıb həyat yoldaşının müalicəsinə və özünə böləcəkdi.
6. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3354937Vəkil1 öz izahatında bildirmişdir ki, İddiaçı cabadehlə razılığa gəlmək üçün əlaqə qurmağa çalışmışdır. Lakin, cavabdeh razılığa gəlməyə yanaşmamışdır.
7. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur. Buna görə də onların hazırda iddia qaldırmaq hüquqları da yoxdur. Belə olduğu halda, iddia ərizəsi təmin edilə bilməz. Həmçinin iddiaçı özü də təsdiq edir ki, hüquqlarını müdafiə etdiyim şəxs mənzili alanda sənədlərin heç birində iddiaçının adı yoxdur və iddiaçı həmin dövrlərdə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Bu səbəbdən də, iddia təmin edilməməlidir.
8. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X6 öz izahatında bildirmişdir ki, iddiaçı ilə qonşudur, eyni məhlədə yaşayırlar. 1990-cı ilin yay aylarında həmin məhləyə köçmüşdür. İddiaçı 20 ildən çoxdur ki, orada yaşayır. Tikinti işlərini iddiaçı aparmışdır, evin tikilmə tarixini xatırlamır. Bir-iki il əvvəl evin 40000 manat məbləğinə satıldığı xəbərini eşitmişdir. Evin kimə satıldığını bilmir. Evin alqı-satqısında iddiaçının iştirak edibetməməsi ilə bağlı məlumatı yoxdur.
9. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X7 öz izahatında bildirmişdir ki, iddiaçı ilə 1997-ci ildən bəri qonşudur, 30 ildir tanıyır. İddiaçı evi hazır şəkildə almayıb, özü tikib. Evin tikilməsində çəkilən xərci bilmir, lakin evin tikilməsi üçün materialların daşınmasında öz maşını ilə köməklik göstərmişdir. Evin alqı-satqısında iştirak etməyib, odur ki, bununla bağlı məlumatı yoxdur.
10. 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X8 öz izahatında bildirmişdir ki, iddiaçı ilə qonşudur. 1993-cü ildə həmin məhləyə gəlmişdir. Torpaq əvvələdən iddiaçının olub, lakin evi təxminən 1998-1999-cu illərdə tikmişdir. Tikintidə qonşu kimi iddiaçıya köməklik də göstərmişdir. Əvvəl kiçik otaq tikilmiş, daha sonra zamanla ev tamamlanmışdır. İddiaçının evə gəlib-gəlməməsini görməmişdir, evin satılmasını isə eşitmişdir. İddiaçının evin satılmasında iştirak edib-etmədiyini bilmir. Cavabdeh isə tanımır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. Ödəniş qəbzlərinə əsasən, kommunal ödənişləri Məlahət Fərzəliyevanın adından həyata keçirilmişdir.
12. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 99 saylı məktuba əsasən İddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin başqa şəxslərə satılması və ya həmin evin qanunsuz zəbt olunması barədə 37-ci Polis Şöbəsinə edilən müraciət barədə məlumat verilməsi xahiş edilmişdir.
13. Mənzil Kommunal İstismar Sahəsinin 66 saylı çıxarışına əsasən 2001-ci ildə tikilmiş, Nazim Şükürov küçəsi ev 1/1A ünvanında yerləşən evin sahibi Cavabdehdur və orada yaşayır.
14. Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2006-cı il tarixli 66 saylı çıxarışına əsasən 2001-ci ildə tikilmiş evin sahibi X3r.
15. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.
30. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
31. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il Qərarı.
32. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarı.
33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı.
34. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il Qərarı.
Məhkəmənin mövqeyi:
35. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
36. İddia tələbi Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması ilə bağlıdır.
37. Mülki işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı və X2 birgə nikah dövründə tikilmiş özbaşına tikilidir və tikili X4 tərəfindən Cavabdeh satılmışdır. Fərdi yaşayış evinin özbaşına tikili olması mübahisələndirilmir.
38. Məhkəmə qeyd edir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək ixtiyarı yoxdur. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. İddiaçı özbaşına tikilidən cavabdehin çıxarılmasını tələb etmiş, məhkəmə iclasında tikilinin dəyərindən aşağı satıldığını, əlavə pul verilərsə mübahisə olmayacağını bildirmişdir.
39. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. (§29) Bu konteksdə hüquqi qiymətləndirmə aparılan zaman iddiaçıların mübahisə pretmedi olan tikililərə subyektiv hüququn ilkin elementi olan “hüquqi ixtiyarlarının” mövcud olmadığı müəyyən edildiyindən, onların başqa (borclu) şəxslərdən tələb etmək hüququnun və bu hüquqların müdafiə edilməsini tələb etmək hüquqlarının mövcud olmadığı müəyyənləşdirilir.
40. Eyni zamanda məhkəmə hesab edir ki, nə iddiaçının, nə də cavabdehin mübahisə predmeti olan özbaşına tikiliyə hər hansı mülkiyyət hüququ olmadığından iddia tələbinin təmin edilməsi hüquqdan sui-istifadə hallarına zəmin yaradacaqdır.
41. Belə ki, məhkəmə qeyd edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
42. Nəzərə alınmalıdır ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.
43. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar sırasına müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. kimi hallardır.
44. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. (§32)
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (§31, §32)
46. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” (§31)
47. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz...
49. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.
50. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin fərdi yaşayış evindən çıxarılmasını tələb etmək hüququ mövcud deyil, lakin özbaşına tikilinin müəyyən məbləğ qarşılığında cavabdehin faktiki sahibliyinə verilməsi halı da işin mübahisəsiz hallarındandır. Belə olduğu təqdirdə, məhkəmə hesba edir ki, özbaşına tikili birgə nikah dövründə tikilmiş əmlak olduğudan iddiaçı X1 tikilinin dəyərinin (tikiliyə çəkilmiş xərcin) yarısını tələb etmək hüquq mövcuddur.
52. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsasızdır və rədd edilməlidir.
Məhkəmə xərcləri:
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüssumu iddiaçının özünə aid edilsin.
2. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova