Məhkəmə qərarları › İş №2(011)-3992/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3992/2022

21.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3992/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-2018-ci illər üçün ödənilməli olan məbləğin ödənilməmiş 5268,50 manat məcburi dövlət sosial sığorta haqqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 1973cü ilin oktyabr ayından 2018-ci ilin aprel ayına kimi Radioquraşdırma zavodunda əvvəlcə mühəndis, 1986-cı ildən 2018-ci ilin aprel ayına kimi sex rəisi vəzifəsində işləmişdir, 2006cı ildə zavodla əmək müqaviləsi bağlamışdır, təqaüdə çıxdıqdan sonra Sabunçu rayon Sosial Müdafiə Fonduna müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir, bu zaman ona məlum olmuşdur ki, əmək haqqının sığorta hissəsi tam ödənilməmişdir, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, məktubda göstərilmişdir ki, xx.xx.2006-xx.xx.2018-ci il tarixinə kimi məcburi dövlət sosial sığorta haqqı cəmi 16676,98 azn ödənilməli olsa da, 11408,48 manat ödənilmişdir, ödənilməyən məbləğ 5268,50 manatdır, zavodun həmin məbləği ödəməməsi nəticəsində pensiyasının məbləği də mütənasib olaraq az hesablanmış, bununla da hüquqları pozulmuşdur, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Z.E.Orucov izahatında bildirdi ki, məhkəməyə ünvanlanmış məktubdan göründüyü kimi, cavabdeh müəssisənin 1547703,13 manat məbləğdə Dövlət Sosial Müdafiə Fonduna borcu qalmışdır, iddiaçıya münasibətdə isə ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı kimi cavabdehin 5268,50 manat borcu vardır, həmin məbləğ cavabdeh müəssisə tərəfindən DSMF-yə ödənilməlidir, əks halda pensiya məbləğində həmin məbləğ həddində kəsrə gedir və ödənilmədiyi təqdirdə də iddiaçının hüququ pozulur, belə ki, hər bir işçi 3% həddində, işəgötürən isə 22% həddində məcburi dövlət sosial sığorta haqqı ödəyir ki, bu da gələcəkdə vətəndaşın pensiya haqqını ödəyir, hazırki iş üzrə vətəndaş 3% məcburi dövlət sosial sığorta haqqını ödəsə də, müəssis 22% məcburi dövlət sosial sığorta haqqını ödəməmişdir, lakin 5268,50 manat məbləğdə borc vətəndaşın şəxsi hesabına köçürülə bilmir, həmin məbləğ DSMF-yə ödənilməli və yalnız bundan sonra həmin məbləğ nəzərə alınmaqla pensiya hesablanacaq və hissə-hissə vətəndaşa ödəniləcəkdir, məcburi dövlət sosial sığorta haqqını yığmaq Prezidentin Fərmanına əsasən, 2019-cu ildən İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin səlahiyyətinə verilmişdir, bu səlahiyyəti o həyata keçirir, məbləğ oradan dolayı yolla DSMF-yə gəlir və DSMF həmin pulla pensiyanı hesablayır, vətəndaşa pensiya verilir, işəgötürən - sığortaedən kimdirsə, məcburi dövlət sosial sığorta haqqını da o ödəməlidir, pul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 köçürülür və vətəndaşın pensiya kapitalına əlavə edilir, iddia tələbi düzgündür və vətəndaş həmin pulun ödənilməsini tələb etməkdə haqlıdır, əks halda hüquqları pozulur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi D.F.Abidova izahatında, iddia tələbini qəbul etdiyini, həmin pulun ödəniləcəyini, lakin halhazırda hesabda vəsait çatışmazlığına görə mümkün olmadığını bildirmiş, bunun üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Əmək kitabçasının surətindən görünür ki, xx.xx.2006-cı il tarixli 33 №-li Əmrə əsasən, AR Prezidentinin xx.xx.2006-cı il 462 saylı Fərmanına AR Müdafiə Nazirliyinin xx.xx.2006-cı il 03 saylı Əmrinə əsasən "xxxx" İstehsalat Birliyi “Zavodquraşdırma” Zavodu adlandırılır, xx.xx.2018-ci il tarixli 147 №-li Əmrə əsasən, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən – işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2006-xx.xx.2018-ci il dövrü ərzində hesablanmış əmək haqqı 66707,90 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 11408,48 manatdır. İş materiallarında olanın “Sığortaolunan haqqında məlumat” barədə Çıxarışdan görünür ki, İddiaçı cəmi gəliri 66707,90 manat, cəmi hesablanmış 16676,98 manat, cəmi ödənilmiş 11408,48 manatdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 saylı məktubdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sığorta altsistemində “X3” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 1483761,68 manat, maliyyə sanksiyaları və inzibati cərimə üzrə isə 63941,45 manat olmaqla, ümumilikdə 1547703,13 manat Fonda borcu qalmışdır, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək sığortaedən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin MEİS-in Sığorta altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunan İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesablanmış məcburi dövlət sosial sığorta haqqı 16676,98 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 11408,48 manatdır, İddiaçı fərdi hesabında 5268,5 manat məbləğində çatışmayan vəsait formalaşmışdır. İş materiallarında olan “Sığortaolunan haqqında məlumat” barədə Çıxarışdan görünür ki, İddiaçı 2006 yanvar-2018 iyun dövrü üzrə, cəmi gəliri 66707,90 manat, cəmi hesablanmış 16676,98 manat, cəmi ödənilmiş 11408,48 manat, pensiya kapitalı 15162,91 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB5/-1707 saylı “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1973-cü il tarixdən - xx.xx.2018-ci il tarixədək cavabdeh müəssisədə mühəndis və sex rəisi vəzifələrində çalışmış, xx.xx.2018-ci il tarixli 147 №-li Əmrə əsasən, onun əmək müqaviləsinə öz təşəbbüsü ilə (AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi) xitam verilmişdir, xx.xx.2006 - xx.xx.2018-ci il dövrü üzrə iddiaçı - sığortaolunan İddiaçı hesablanmış və cavabdeh tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı 16676,98 manatdır, cavabdeh - sığortaedən "xxxx" MMC tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 11408,48 manatdır, 5268,5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdeh tərəfindən ödənilməmişdir, hazırki iddia tələbi həmin məbləğin iddiaçının ƏƏSMN tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməsi barədədir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, iddiaçının ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının cavabdeh tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin j bəndinə əsasən işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini təmin etməlidir. Həmin Məcəllənin 304-cü maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir, sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Dövlət sosial müdafiə fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına Əlavə”nin 1.2.1-ci bəndinə əsasən, sosial təminata ayırmalar məcburi dövlət sosial sığorta ayırmalarından ibarətdir və bu vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesablarına köçürülür. Sosial sığorta ayırmaları da öz növbəsində işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial sığorta ayırmalarına, işçilərin əməkhaqlarından hesablanan sosial sığorta ayırmalarına, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanların gəlirlərindən hesablanan sosial sığorta ayırmalarına və sair gəlirlərdən hesablanan sosial sığorta ayırmalarına bölünür. Qeyd olunan daxilolmalar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Əlavəyə əsasən, “məcburi dövlət sosial sığorta haqları” paraqrafına işçi və qulluqçuların əməkhaqlarına hesablanan və dövlət sosial müdafiə fonduna köçürülən xərclər daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. xx.xx.1996-cı il tarixli Avropa Sosial Xartiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər işçinin sərbəst seçdiyi iş vasitəsi ilə öz yaşayışı üçün qazanc əldə etmək hüququnu səmərəli qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 5268,50 manat məcburi dövlət sosial sığorta haqqı tutularaq İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları müəyyən olunmadığından, iddia tələbinin təmin olunmuş həcminə (5268,50) uyğun olaraq, 72,68 manat dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya, dövlət rüsumunun kəsri kimi 22,68 manat isə cavabdehdən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilməmiş 5268,50 manat pul məbləği tutularaq İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülsün. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun əvəzi qismində ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 22 (iyirmi iki) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar