Məhkəmə qərarları › İş №2(011)-4025/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4025/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4025/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli, 08-İRŞ nömrəli əmrin ləğv edilərək, Şirvan fin şəhərciyində inzibatçı vəzifəsinə yenidən qaytarılmağına və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ASC-nin “Cənub layihəsi”nə xx.xx.2010-cu il tarixli əmrlə inzibatçı şöbəyə inzibatçı vəzifəsinə götürülmüşdür. Sonradan digər əmrlə “Şirvan-Fin-şəhərciyi”-nin inzibatçı vəzifəsinə keçirilmişdir. Həmin vəzifəyə keçirildikdən sonra isə şəhərcikdə olan bütün mal-materiallar iddiaçıya təhvil verilmiş və hal-hazıradək həmin mal-materiallar sənəd üzərində iddiaçının öhdəsində qalmaqdadır. İddiaçı bildirir ki, Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli, 08-iş nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı qeyd edir ki, uzun müddət cavabdehə aid Şirvan Fin şəhərciyində olan mal- materialları şəxsi nəzarəti altında qorunub saxlanılmışdır. Hal-hazıra qədərdə cavabdehə dair şəhərcikdə olan bütün avadanlıqlar siyahı üzrə iddiaçının öhdəsindədir. Lakin cavabdeh bu müddət ərzində həmin avadanlıqların qorunub saxlanılmasından ötrü hər ay iddiaçıya əmək haqqının ödəniləcəyini vəd etsədə bu vədini tutmamış və əmək haqqı ödənilməmişdir. İddiaçı əmək haqqını cavabdeh təşkilatdan tələb etdikdən sonra isə ona bildirildi ki, qısa müddət ərzində yenidən işə qəbul ediləcəksən, çünki şəhərciyə dair bütün avandanlıqlar sənədlərə əsasən iddiaçının öhdəsində qalmaqdadır. Lakin bütün bunlara baxmayaraq cavabdeh təşkilat qanunsuzluq edərək iddiaçının əməyini istismar edərək iddiaçını işə bərpa etməmişdir. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı işə bərpa ilə bağlı iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür. İddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli əmrdən görünür ki, “Cənub Layihəsi” Tikinti meydanının inzibati şöbəsinin 11-ci dərəcəli inzibatçısı İddiaçı xx.xx.2010cu il tarixindən Sosial İnkişaf və Xidmət İdarəsinin “Şirvan-Fin şəhərciyi” sahəsinin “İnzibati təsərrüfat şöbəsi”nə 11-ci dərəcəli inzibatçı vəzifəsinə keçirilmişdir. Aylıq əmək haqqı isə 373 manat olmuşdur. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu il Cavabdeh ASC Cənub Layihəsinə inzibati şöbəyə 11-ci dərəcəli inzibatçı vəzifəsinə işə qəbul edilib, xx.xx.2010-cu ildən İİ və Kİ-nin “Şirvan FİN şəhərciyinin İnzibati Şöbəsinə 11-ci dərəcəli inzibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddısinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2016-cı il tarixində “X3 Stansiyası” MMC-nin Tikinti və abadlaşdırma sahəsinə istehsalat sahəsinin 10-cu dərəcəli ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci ildə Cavabdeh ASC-də TƏsərrüfat şöbəsinin 11-ci dərəcəli inzibatçı vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu ildə isə onun AR Əmək Məcəlləsinin 73-cü maddısinin 1-ci hissəsinin əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilən “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilikn mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xidmətlərinə dair xərci ödəmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh AC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının öhdəliyində olan 101 203.62 AZN dəyərində mal-material və 532 873.37 AZN dəyərində əsas vəsaitin xx.xx.2022-ci il tarixinə kimi aidiyyəti üzrə təhvil verilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ASC iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsindən görünür ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsindən görünür ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ilə bağlanmış əmək müqaviləsi əsasında sözügedən müəssisədə 11-ci dərəcəli inzibatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli 08-İRŞ nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı mübahisənin həlli baxımından iddia müddətinin mahiyyəti və güddüyü məqsədlə bağlı dəyərləndirməyə zərurət var. Belə ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). İddia müddətinin mahiyyətinə dair yuxarıda qeyd olunan şərhlərdən göründüyü kimi iddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyi itmədən məhkəməyə müraciət olunmasını təmin etmək, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək məqsədi daşıyır. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, qanunverici digər tələblər üzrə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə verilməsini nəzərdə tutduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsi fərqli qayda müəyyən etmişdir. Həmin normanın 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi əmək mübahisələrində müdətinin bərpası məsələsi mübaisəni həll edən orqanın üzərinə qoyulur. Hazırkı işdə iddiaçı işdən azad edidikdən uzun müddət sonra məhkəməyə müraciət etdiyindən buraxılmış müddətin üzrlü hesab olunaraq bərpa edilməsi üçün əsaslar mövcud deyil və əks təqdirdə iddia müddətinin mahiyyəti və güddüyü məqsədlər heçə enmiş olar. Belə ki, iddiaçının 2022-ci il tarixində onun öhdəliyində olmuş əmlakların götürülməsi barədə cavabdehə müraciəti də bir daha təsdiq edir ki, o, işdən çıxarılması barədə məlumatlı olmuşdur. Bundan əlavə, iddiaçının məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi barədə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əsas, ilkin tələbdən asılı olan (törəmə) tələb olduğundan və əsas tələb də təmin edilə bilmədiyindən, iddiaçının əmək haqqı tələbi də əsassız olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı” barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar