Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4026/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının işdən azad olunması barədə verdiyi əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işdən çıxarıldığı gündən işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsi və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. O, izahatında cavabdehin hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu olmasını bildirdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdeh “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 6-dır. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. İddia ərizəsində cavabdehin hüquqi ünvanı Xətai rayonunun inzibati ərazisinə aid olduğu göstərilsə də, iş materiallarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 6-dır. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı mülki işə Xətai Rayon Məhkəməsində baxılması mümkünsüzdür və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4026/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4026/2022
16.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver