Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4026/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, 6 saylı mənzildən onlara məxsus əşyalarla birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 sentyabr 1984-cü il tarixli keçmiş Şaumyan rayonu X7 İcraiyyə Komitəsinin 69/11 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20 kv.m. olan bir otaqlı mənzil iddiaçıya verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə xeyli müddət həmin mənzildə yaşamışdır. Məlum hadisələrlə əlaqədar olaraq Laçın rayonu Ermənistan Respublikasının bədnam qoşunları tərəfindən 1992-ci ildə işğal olunduqdan sonra ata-anası, eləcə də hazırkı cavabdehlər Bakı şəhərinə məcburi köçkün düşdükdən sonra mənzil-məişət şəraitləri olmadıqları üçün iddiaçı bir ağsaqqallıq və qardaşlıq edərək öz maddi vəsaiti hesabına tikdiyi, təmir etdiyi hazırkı ərizədə qeyd olunan mənzilə yığmaq məcburiyyətində qalmışdır. Yeni yaşayış evi tapana qədər iddiaçıya məxsus mənzildə yaşaya bilərlər. Laçın rayonu işğaldan azad edilmişdir, hətta yaşayış sahəsi ilə təmin olunması üçün Laçın rayonunun Zabux kəndində 22 dekabr 2023cü il tarixli bağlanmış akta əsasən Cavabdeh2 ailə üzvləri ilə birlikdə tam təmirli mənzillə təmin edilmişdir. Lakin onlar iddiaçıya məxsus mənzildən çıxmaq istəmirlər, mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırırlar, hətta iddiaçı onlara bildirir ki, Laçın rayonunda onlara verilən mənzili iddiaçıya versinlər. Cavabdehlər həm iddiaçıya məxsus mənzildən çıxmırlar, eləcə də Zabux kəndində verilən mənzili iddiaçıya vermək istəmirlər. İddiaçı məcbur qalaraq haqqın və ədalətin bərqərar olması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında digər Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin ünvanda özü yaxşılaşdırma işləri aparmış, həmin evin ikinci mərtəbəsini tikdirmişdir. Həmin evin yalnız 2 otaqdan ibarət 20 kv.metrlik hissəsi iddiaçının olmuş, qalan hissəsini özü tikmişdir. 2 otağı iddiaçıya verməyə razıdır. İşin faktiki halları: İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehlər Laçın rayonundan məcburi köçkündürlər. İş materiallarında olan Şaumyan X7 İcraiyyə Komitəsinin 28 sentyabr 1984-cü il tarixli 69/11 nömrəli qərarından görünür ki, X2 və arvadının 1980-ci ildən yaşadığı Trubnıy keçid küçəsi ev 6 ünvanında yerləşən ümumi sahəsi 20 kv.m. olan bir otaqlı mənzildə qeydiyyata alınması qərara alınmışdır. Daha sonra iddiaçıya işlədiyi və mənzil növbəsinə durduğu müəssisədə ona mənzil verilmiş, iddiaçı ailə üzvləri ilə birlikdə ona verilmiş mənzilə köçmüşdür. Mənzilə köçdükdən sonra istinad olunan ünvanda yerləşən 6 saylı evi Laçın rayonundan məcburi köçkün olaraq Bakıya gəlmiş valideynləri və qardaşının ailəsinə yaşamaq üçün vermişdir. Xətai rayon MKTB-nin 66 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, X9 11 aprel 1985-ci ildən 1992-ci ilə qədər Bakı şəhəri, ünvan 4 ünvanda anası X4 qeydiyyatda olub və 2023-cü ildə vəfat edib, atası X1 qeydiyyatda olub və 2005-ci ildə vəfat edib. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və X8 üzrə Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilədən və yaşayış sahəsinin təhvil-qəbulu aktından görünür ki, Cavabdeh2 ailə üzvləri olan Cavabdeh1, X5 və X6 ilə birlikdə ünvan 5 ünvanından ünvan 6ayış sahəsi istismara tam yararlı vəziyyətdə Cavabdeh2 təhvil verilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, 6 saylı mənzilə baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, 6 saylı mənzil 2 mərtəbədən ibarətdir. Mənzilin 1-ci mərtəbəsində 4 otaq yerləşir. Tərəflərin iştirakı ilə keçirilən yerli baxış zamanı mübahisəsiz qaydada evin iç tərəfində yerləşən 2 otağın iddiaçı tərəfindən inşa edildiyi, qaaqda yerləşən otaqların isə cavabdehlərin birgə nikah dövründə onlar tərəfindən inşa edildiyi müəyyən edilmişdir. Eyni zamanda 2-ci mərtəbədə yerləşən tikili də cavabdehlər tərəfindən inşa edilmişdir. Yerli baxış zamanı Cavabdeh1 iddiaçı tərəfindən inşa edilmiş 2 otağın ona geri qaytarılmasına etiraz etmədiyini, iddiaçı da həmin sahələri qəbul etməyə etiraz etmədiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 43-cü maddənin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43-cü maddənin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 180.1-ci maddəsinə əsasən tiokinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi mənzilin statusu qanunsuz tikilidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tikili 2 mərtəbədən ibarətdir. Mübahisə məhz 1-ci mərtəbədə yerləşən və iddiaçı tərəfindən inşa edilmiş 20 kv.metrdən ibarət sahəni təşkil edir. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı bu sahələr müəyyən edilmiş və faktiki olaraq bu gün otaqlardan biri qonaq otağı kimi, digəri isə yardımçı sahə kimi istifadə edilməkdədir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçı tərəfindən inşa edilmiş otaqları ona geri qaytarmağı qəbul etmişdir. Bu kateqoriyadan olan işlər üzrə məhkəmə tərəfindən ilkin olaraq müəyyən edilməli olan hal mənzildən çıxarılması tələb olunan tərəfin mənzilə dair istifadə hüququnun olub-olmamasıdır. Hazırkı iş üzrə yuxarıda da qeyd edildiyi kimi mənzilin statusu qanunsuz tikili olduğundan və dövlət qeydiyyatına alınmadığından tərəflər istinad olunan mənzilə dair istifadə hüquqları mövcud deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, mənzil dövlət qeydiyyatına alınmış olmasa da cavabdehlərdən Cavabdeh1 və onun övladları istinad olunan mənzildə yaşamaqla ondan təyinatı üzrə istifadə edirlər. İddia tələbində cavabdehlərin bütövlükdə 6 saylı mənzildən çıxarılması tələb edilsə də, araşdırma zamanı müəyyən edilir ki, 6 saylı mənzilin bir hissəsi iddiaçı tərəfindən, digər hissəsi cavabdehlər tərəfindən inşa edilib, cavabdehlər məhz iddiaçı tərəfindən inşa edilmiş 20 kv.metrdən ibarət sahədən çıxarılmalı və həmin sahə iddiaçıya təhvil verilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, 6 saylı mənzilin iddiaçı tərəfindən inşa edilmiş 2 otaqdan ibarət 20 kv.metrlik hissəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, 6 saylı mənzilin iddiaçı tərəfindən inşa edilmiş 2 otaqdan ibarət 20 kv.metrlik hissəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılsınlar. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4026/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4026/2024
10.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver