Məhkəmə qərarları › İş №2(011)-4029/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4029/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4029/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 82627,45 manat və ödənilmiş 337 manat dövlət rüsumu alınaraq İddiaçı MMCnin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 46349,25 manat və ödənilmiş 337 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh 3 may 2019-cu ildən şirkətdən qeyri-rəsmi qaydada, şifahi razılıq əsasında sərbəst olaraq istehsal məhsulları götürərək satmış, sonrakı dövrdə yaxşı fəaliyyət göstərdiyinə görə şirkətlə arasında rəsmi müqavilə bağlanmaqla şirkətin işçisi olmuşdur, tərəflər arasında xx.xx.2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləməyə başlamışdır, daha sonra cavabdeh ilə X7 Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir, iddiaçı, tanıdığı və etibar etdiyi şəxslərə mal verir, onlar isə pərakəndə satış həyata keçirərək, malların pulunu iddiaçıya geri qaytarır, cavabdeh də bu şəxslərdən olmuşdur, iddiaçı müəssisə iki formada satış həyata keçirir: şəbəkə və pərakəndə, şəbəkə formada olan satışlar böyük mağazalarladır, məsələn “Bravo”, “Rahat”, “Araz” market, onlar nəğd şəkildə pul vermirlər, malı alır və köçürmə ilə pulu ödəyirlər, cavabdehlə əsas pərakəndə aparılan satışlarda mübahisə yaranır, belə ki, pərakəndə satışlar kiçik mağazalarla aparılır, onlar kiçik marketlər olduğu üçün şirkət onları tanımır, sadəcə cavabdehi tanıyır və ona mal verir, o da malı satır, burada münasibət şirkət və cavabdeh arasında, cavabdehlə isə həmin pərakəndə mağazalar arasındadır, həmin pərakəndə satışların harada olduğunu iddiaçı bilmir, cavabdeh malı götürür və bu zaman məsuliyyət tamamilə onun üzərindədir, pərakəndə satış edir, pulu alır-almır və ya həmin pərakəndə mağazalar bağlanır, ödəniş etmirsə, bu da cavabdehin öhdəliyindədir, mal üçün hər hansı bir limit yoxdur, satış təmsilçisi nə qədər mal istəsə ala bilər, hər satış təmsilçisi özünə uyğun olaraq, sata bildiyi qədər mal alır, iddiaçı müəssisə tərəfindən cavabdehin vurduğu ziyanın aydınlaşdırılması və araşdırılması məqsədilə iyun ayında komissiya yaradılmışdır, cavabdehlə danışıqlar aparılmışdır, hesabat cədvəlinə əsasən müəssisənin əməkdaşları tərəfindən akt tərtib olunmuş və cavabdehin borcu müəyyən edilmişdir, lakin cavabdeh aktı imzalamaqdan imtina etmişdir, borcu ödəməmişdir, məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından da görünür ki, X1 xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində ümumi dövriyyəsi 919012.62 manat olmuşdur, ümumi dövriyyənin şəbəkəyə verdiyi malların dövriyəsi cəm halda 522485.73 manat, pərakəndəyə verdiyi malın cəm halda 396526.89 manat təşkil edir, pərakəndə satışdan 350177,64 manatı ödəmiş, bu günə qalan debitor borc olaraq 46349.25 təşkil edir, şirkət cavabdehdən sadəcə olaraq 46349.25 manat ödənilməmiş debitor borcu tələb edir. Həmçinin iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh iddiaçıdan malları 28 faiz endirimlə əldə edir, yəni mal cavabdehə tam məbləğlə yox, endirimlə verilir, cavabdeh isə 28%-i əlavə etməklə, tam qiymətlə malı pərakəndə mağazalara satır və beləliklə də gəlir əldə edir, tərəflər arasında həmin pulun cavabdehin borcundan silinməsi barədə razılaşma olmamışdır. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh R.F.Əlizadə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının nümayəndəsini tanımır, onun izahatından da başa düşür ki, o iş barədə məlumatlı deyildir, nümayəndə, onun 2019-cu ildən işlədiyini bildirir, halbuki kənardan gəlib şirkətə “ona 10 min manatlıq mal verməsini” istəsə, şirkət bunu etməz, şirkətdə bir tanışı işləmiş, ona təklif etmişdir ki, şirkətdə günə 20 manat qazanmaqla sürücü kimi işləsin, işsiz olduğu üçün qəbul etmişdir, işləmişdir, 2019-cu ildə 6 ay, sentyabr - fevral aylarında Məmmədov Ceyhunun yanında sürücü işləmişdir, işlədikdən sora, Ceyhun işdən çıxmış, ona, Ceyhunun yerinə işləmək təklif etmişdirlər, o da bu təklifi qəbul etmişdir, sürücü kimi işləyəndə də bu işlə məşğul olmuşdur, rəsmi fəaliyyət göstərmədiyi ekspeditorun işə çıxmadığı dövrlərdə onun əvəzinə satış məqsədilə mal - ət götürmüşdür, daha sonra rəsmi olaraq şirkətin işçisi olmuşdur, həmin məhsulları o imza edib götürmüşdür, əmək kitabçasında 2021-ci ilə kimi işlədiyi qeyd edilsə də, 2020-ci ilin noyabr ayında işdən çıxmışdır, şirkətin kadrlar idarəsində işləyən Sevda xanıma bu barədə bildirmiş, o da demişdir ki, xx.xx.2021-cı ilə kimi yazılması öz xeyrinədir, satış məsələsi isə belədir ki, özü ay ərzində çox zaman 3-4 ton mal satmışdır, əsasən kolbasa, sosiska, əgər 1 kq 10 manatdan götürülsə, bu 30-40 min manat mal edir, öz ərazisi Yasamal rayonu olmuşdur, burada fəaliyyət göstərmişdir, götürdüyü malın 80%-90% topdan, yerdə qalan hissəsi isə pərakəndə olmuşdur, həmin rayonda 10-12 ədəd pərakəndə mağazası olmuşdur, mağazalar indi də işləkdir, bağlanmamışdır, 30000 manat maldan 5000-6000 manat malı pərakəndəyə vermişdir, müstəqil işəyərək özü maddi - məsul şəxs olaraq, ayın 30-1 arası həm audit onu yoxlayır, həm də bölgə müdürü, satış müdiri ilə hesablaşma aparırlar, borcu tək pərakəndədə deyildir, ümumi borcu olmuşdur, bundan öncəki iclasa gələndə şirkət avtomatik olaraq 40.000 manatdan çox borcundan silmiş, bildirmişdir ki, onun setlərindən ödənişlər olmuşdur, özü şirkətdən çıxanda 15000 manat artıqla çıxmışdır, ancaq nəğd satışları etdiyi malların ödənişini etmişdir, setlərdən pul almamışdır, onlar hamısı birbaşa ödəniş edirlər, belə ki, özü malı verir, onlar təhvil alırlar və kağız təqdim edirlər, həmin kağızları isə özü şirkətə verir, 28%-ə işləmişdir, yəni satışının 28%-i onun qazancı olmuşdur, həmin 28%-i onlar onun borcundan silməli idilər, 40000 dəyərində mal alanda həmin malın satışından 28%-i, yəni 11.000 manatı özünün olmuşdur, bəzən 15000, bəzən də 17000 qazancı olmuşdur, geri qaytarılan, sürücünün maaşı, maşının təmiri, yanacaq və s. həmin pula daxil olmuşdur, bu qədər qazanan biri olaraq, iddiaçıya borcunun yaranması məntiqəuyğun deyil, misal üçün ayın 1-nə 30000 mal alanda, ayın sonunda isə 28% onun qazancı silinir, yerdə qalan borc kimi öz üzərində qalırdı, onları özü ödəyirdi, pərakəndələrdən aldığı pullar özündə qalırdı, yaxşı işlədiyinə görə aylıq planını 3 t-dan 4t-a, sonra 5t-dan 5t.200 kq-a qaldırmışlar, bu da məbləğlə 52.000 manat edir, malı götürəndə, nə qədər götürməsi barədə müəssisəyə hesabat verirdi, işdə fəal işlədiyi üçün onu işdən çıxarmışdırlar, ayda 5000-6000 manatlıq malı pərakəndə satışa verib, malların pullarını, ödənişləri nəğd şəkildə almışdır, rəsmi maaşı 250 manat olmuşdur, özünə nə qədər mal götürməsi, nə qədər borcunun olması barədə hesabat aparmışdır, götürdüyü malların, aldığı pulların öhdəliyi şəbəkələr üzrə şirkətin üzərində, pərakəndə satışlar isə öz üzərində qalır, işdən çıxdığı zaman pərakəndələrdə malı qalmış, alınası pullar yığılmamışdır, həmin malları - 8665 manatlıq malı da təhvil vermişdir, şirkətə borcunun olmaması ilə bağlı hər hansı bir sənədi yoxdur. Həmçinin cavabdeh bildirdi ki, işə qəbul olunanda avtomatik olaraq onun hesabına 78500 manat pul yazılmışdır, həmin pul sürücüsü olduğu əvvəlki ekspeditorun borcu olmuşdur, onun yerinə işə götürüldüyündən həmin borcun onun adına yazılmasına razı olmuşdur, bunda məlumatı olmuşdur, buna baxmayaraq rəhbərlikdən ona bildirmişlər ki, borcu hələlik qəbul etsin, sonra silinəcək, o da inanaraq razılaşmış, ona məlum olduğu kimi sonradan borcun 35000 manatı silinmişdir, qalan 43500 manat borc kimi saxlanmışdır, həmin pulu mal şəklində borc olaraq götürmüşdür, silinib-silinməməsi barədə məlumatı yoxdur, iddiaçı tərəfindən akt tərtib olunmuş hesabat aparılmışdır, lakin hesabatla razılaşmadığı üçün hesabata imza etməmişdir, borcunun olmamasını rəsmiləşdirməmişdir, qeyd etdiyi hallarla bağlı rəhbərliyə şikayət etməmişdir. Sonda R.F.Əlizadə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, habelə şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1969-cu il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, hal-hazırda şirkətdə baş audit işləyir, cavabdehi tanıyır, 2020-ci ilin aprelində işə gəlmiş, o işə gəldikdən sonra cavabdeh işdən çıxmışdır, təqdim olunan dövriyyə cədvəlində bütün götürdüyü mallar, qaimələr, onun adına silinən pullar, ekspeditor faizləri, şəbəkə silinmələri və digər silinən vəsaitlər silinəndən sora sistemdə 46329 manat borc görsənir, bunu özü də şəxsən yoxlamışdır, bununla bağlı akt da tərtib olunmuşdur, iş materiallarında olan hesablaşma cədvəlindən də görünür ki, cavabdehin işlədiyi xx.xx.2019 - xx.xx.2022-ci il tarixləri ərzində 919000 manatlıq dövriyyəsi olmuşdur, o, 2019-cu ilin may ayında etibarən müəssisədən özü mal götürmüş, bu işlə məşğul olmuşdur, 919000 manatlıq dövriyyədən 522485 manat şəbəkə satışıdır, 396526 manat da pərakəndə satışıdır, audit şöbəsi və maliyyə şöbəsinin birgə iştirakı ilə bunların hamısı araşdırılıb, araşdırmaya 2021-ci il tarixində başlamışdırlar, müəssisənin əmri ilə komissiya yaradılmışdır, bununla bağlı cavabdeh müəssisəyə gəlmiş, tanış olmuş, araşdırma ilə narazı olduğuna görə qol çəkməkdən imtina etmişdir, imtina etməyinə səbəb, onun hesabatına görə borcunun olmamasıdır, cavabdeh bildirmişdir ki, 15000 manat da artıq vardır, lakin bu məbləğin necə olduğunu özü də başa düşmür, cavabdehin dediyinə görə isə onun şirkətə ödədiyi məbləğ götürdüyü mallardan daha çoxdur, ümumiyyətlə müəssisədə iş belədir ki, ekspeditorlar anbardan misal olaraq, 1000 manatlıq mal götürürlər, hər ekspeditorun ərazi bölgüsü var, o malı alır, 700 manatlıq malı verir şəbəkəyə, yəni böyük marketlərə, şəbəkədə hansı mağazaya mal verib bu barədə qaimələri sistemə vurur, bu da şirkətin sisteminə düşür, ayda 1 dəfə şəbəkə marketlərlə hebalaşmalar aparılır, texniki səhvləri, ekspeditorun səhv yazması və s. digər anlaşılmazlıqlar həll edilir, yerdə qalan məbləği - 300 manatı isə pərakəndə marketlərə verir, pərakəndə marketləri şirkət tanımır, həmin malı cavabdehə verir, məsuliyyəti cavabdeh özü daşıyır, cavabdeh işdən ayrılan tarixə 8665 manatlıq pərakəndə satışdan qalan qalıq malı başqa ekspeditora təhvil verib, şirkət həmin məbləği onun borcundan çıxandan sonra cavabdehin bugünə olan borcu 46349,25 manat təşkil edir, hər hansı ay, məsələn aprelin ödənişini etməyəndə, şirkət növbəti ayın, yəni may ayının 10-na kimi ekspeditora mal verir, 27 noyabr 2020-ci ildə cavabdeh şirkətdən 4466.95 manat mal götürmüşdür, qaimə hər dəfə şirkətdən mal götürməyə görə verilir, ümumiyyətlə ekspeditorlar gün ərzində bir neçə dəfə mal götürə bilirlər, hər dəfə bir qaimə yazılır və yaxud 1 dəfə mal götürürlər, mallara görə gün ərzində 2 ədəd və daha çox qaimə yazıla bilər, ona görə də cavabdehin gün ərzində ancaq götürülən mallara görə bir qaimə almaq barədə dedikləri həqiqəti əks etdirmir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1992-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, hal-hazırda İddiaçı MMC-də 2019-cu ilin mart ayının 1dən maliyyə müdiri vəzifəsində işləyir, cavabdehi tanıyır, onu müəssisədə görmüşdür, o, şirkətdə ekspeditor vəzifəsində çalışmış, daha sonra işdən çıxmışdır, tanıdıqları üçün cavabdehə müəssisə tərəfindən əvvəlcədən, hələ işə girməmişdən əvvəl 2019-cu ilin may ayından satması üçün mal - ət verilmişdir, daha sonra isə 2020-ci ildən o, rəsmi işə qəbul olunmuş, onunla müəssisə arasında əmək müqaviləsi bağlanmışdır, iddiaçı müəssisədə ət və süd sahələri vardır, cavabdeh ət sahəsində çalışmışdır, o, malı şirkətdən təhvil almış, eyni zamanda şəbəkə və pərakəndə satışı həyata keçirmişdir, onun əsas vəzifələrindən biri satışı həyata keçirmək və ödənişləri təmin etmək olmuşdur, cavabdeh satışı iki cür həyata keçirib: şəbəkə və pərakəndə şəkildə, şəbəkə satışlara böyük süper marketlər (“Bravo”, “Araz” və digər şəbəkələr) daxildir, pərakəndə satışlara isə iddiaçı nəzarət etmir, onlara ekspeditorlar nəzarət edir, iddiaçı şirkət pərakəndə satış məntəqələrini tanımır, cavabdeh işdən çıxmamışdan 5 ay öncə, iddiaçı onda debitor riski görmüş, malın verilməsini dayandırmışdır, müəyyən dövrlərdə borclar yaranmış, gecikmələr olmuşdur, həmin dövrlərdə bir qisim ödənişlər edib, yenidən mal götürmüşdür, cavabdehin əsas gecikmələri pərakəndə satış üzrə olmuşdur, cavabdehin işdən ayrılmağı öz arzusu ilə olub, işdən çıxdığı zaman, ərazisində audit yoxlaması olmuşdur, pərakəndə satışdan ərazi üzrə 11 mağazadan keçid borcları olub ki, bunları da – 8.000 manata kimi malı, digər ekspeditora təhvil vermişdir, özündə isə 46000 manatdan çox borc qalmışdır, cavabdeh ödənişləri həm nəğd şəkildə, həm də bank ilə həyata keçirilib, bank ödənişləri onun hesabından çıxılmışdır, şirkət ekspeditorlara diller kimi yanaşır, şirkət malı verdiyi zaman 28% endirimlə verir: misal olaraq 50.000 manatlıq malı götürür, malın 28% endirim edilir, 35.000 manatın 20.000 manatını şəbəkəyə verir, borcdan 20.000 manat silinir, geriyə 15.000 manat qalır, bu da ekspeditorun debitor borcu olaraq qalır, ödənişlər edildikcə, o borcdan silinir, geriyə qalan ödənişi özü həyata keçirir, pərakəndə satışdan olan borc, ekspeditor tərəfindən ödənişlər həyata keçirdikcə debitor borcundan silinir, hazırkı vaxta cavabdehin müəssisəyə olan borcu olan borcu 46349 manat həddindədir, 28% sonradan işçinin borcundan silinmir, mal elə əvvəlcədən endirimlə onlara satılır, beləliklə gəlir əldə edirlər. İş materiallarında olan İddiaçı MMC-nin direktoru X4 və Cavabdeh arasında bağlanmış “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumat”dan görünür ki, sonuncu xx.xx.2020-ci il tarixdən satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal və kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və məsuliyyət daşıyır, tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürür, əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-də ekspeditor, əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci ildir, işçinin aylıq əmək haqqı 250 manatdır. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır, müqaviləyə əsasən işçi şirkətə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır, o, əmək müaviləsinə əsasən, icrası nəzərdə tutulmuş işlərə görə ona verilmiş maddi dəyəri olan bütün növ əşyaları, mal, material, alət və s. qorunub saxlanması, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür, həmçinin müqaviləyə əsasən, işçi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda şirkətə heç bir səbəb üzündən ziyan vurmamalıdır, işçinin təqsirinə görə ona həvalə edilmiş vəzifələr yerinə yetirilməzsə, şirkətə vurulmuş zərərin miqdarı və onun əvəzinin ödənilməsi qüvvədə olan qanunvericiliyə əsasən həyata keçirilir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli 156 №-li məktuba əsasən, İddiaçı MMC ilə işçilər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilə”yə əsasən işçi, işlədiyi dövr ərzində ona etibar edilmiş və verilmiş, dəqiq məbləği göstərilməmiş, maddi dəyəri olan istənilən növ malları qoruyub saxlamalı, “Əmək müqaviləsi” ilə üzərinə götürdüyü vəzifə öhdəliyini yerinə yetirməlidir, bu barədə ayrıca “Vəzifə təlimatı” mövcuddur və işçi tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xxxxxxx0003X0 saylı İddiaçı MMC sürücü-ekspeditorunun vəzifə təlimatından görünür ki, təlimatın 2.5-ci bəndinə əsasən, sücürü-ekspeditor təyin edilmiş satış planının icrasına görə öhdəlik alır və cavabdehlik daşıyır, təlimatın 4.1-ci bəndinə əsasən, sürücü-ekspeditor cəmiyyətin normativ sənədləri ilə müəyyən olunmuş qaydada cəmiyyət qarşısından məsuliyyət daşıyır, təlimatın 4.2-ci bəndinə əsasən, sürücü-ekspeditorun təqsiri üzündən cəmiyyətə və ya rəhbərliyə vurulmuş hər hansı maddi və ya mənəvi ziyan onun tərəfindən Azərbaycan qanunvericiliyi və cəmiyyətin normativ sənədlərində nəzərdə tutulan şəkildə ödənilməlidir və o, müəyyən olunmuş qaydada Şirkət qarşısında məsuliyyət daşıyır, Təlimatın 4.3-cü bəndinə əsasən, şirkətdən satış üçün aldığı məhsulun ödənişinə görə tam maddi məsuliyyət daşıyır. İş materiallarında olan satış təmsilçisi Əlizadə Ramil, bölgə müdiri Həsənov Emil, audit Nəcəfov Rüfət, satış müdiri Şərifov Elçin, audit rəhbəri Şahmərdanov Azər tərəfindən imzalanmış 06 aprel 2021-ci il tarixli Aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə həqiqətən xx.xx.2021-ci il tarixə 100991,45 manat borcu yaranmışdır, pərakəndə satış nöqtələrində olan məbləğ 8665,70 manat təşkil edir, X5 Nurlana debitorlar arası borc keçidi 8665,70 manat təşkil etmişdir, yuxarıdakılar nəzərə alındıqdan sonra Əlizadə Ramilin 61953,04 manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC 05/Ü №-li 21 iyun 2021-ci il tarixli 05 saylı Əmrdən görünür ki, Cavabdeh tərəfindən cəmiyyətə dəymiş zərərin qiymətləndirilməsinə dair komissiya yaradılmışdır. İş materiallarında olan Ruslan Müseyibov, Azər Şahmərdanov, Tural Nəbiyev tərəfindən imzalanmış “işçinin işəgötürənə vurulmuş ziyanın miqdarının araşdırılması”na dair xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Cavabdeh Cəmiyyətə yekun qalıq borcu 99456,45 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə 53 k, nömrəli xx.xx.2021-ci il tarixli əmr ilə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC işdən azad olunan işçinin dövriyyə vərəqəsində Cavabdeh şirkətə 100991,45 AZN borcunun mövcud olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC, Cavabdeh 27 iyul 2021-ci il tarixdə Pretenziya məktubu ünvanlayaraq, ondan pretenziyanı aldığı gündən hesablayaraq 10 gün ərzində 100991,45 manat borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2019 - xx.xx.2022-ci il tarixlərində Əlizadə Ramil – Müştərilərlə hesablaşma cədvəlindən görünür ki, 01 fevral 2021-ci il tarixə Əlizadə Ramilin borcu (qalıq) 100991,45 manat olmuş, 30 iyun 2021-ci il tarixdə Azərbaycan Supermarket tərəfindən 1535 manat, Araz Supermarket tərəfindən 12 yanvar 2022-ci il tarixdə 16829 manat, 31 mart 2022-ci il tarixdə 34786 manat, ANC Group MMC tərəfindən 30 aprel 2022-ci il tarixdə 1492 manat ödəniş (debet) olunmuşdur, Əlizadə Ramilin xx.xx.2022-ci il tarixə olan borcu (qalıq) 46349,25 manat təşkil edir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə ödənilməli olan yekun borcu 46349,25 manat təşkil edir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə ümumi dövriyyəsi 919012,62 manat təşkil edir, buraya həm köçürmə, həm nəğd, silinmə, ekspeditor faizləri, satış xərcləri, ərazidə qalan qalıqlar da çıxıldıqdan sonra yekun məbləğ 46349,25 manat təşkil edir, şəbəkəyə verilən mallar ümumi dövriyyədən 522485,73 manat təşkil edir, həmin məbləğdən 54831,25 manat iadə olunmuş malların dəyəridir, geri qalan məbləğ isə 467654,48 manat olmuşdur, ümumi dövriyyədən, şəbəkə satışı, yəni 522485,73 manat çıxıldıqdan sonra qalıq məbləğ 396526,89 manat pərakəndə satışı hesab edilir, pərakəndə satışdan 350177,64 manat ödəmiş, bugünə borc 46349,25 manat təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/6-1650 №-li Arayışdan görünür ki, Cavabdeh İlkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı MMC-nin nümayəndəsi sessiyada iştirak edərək 400 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 6 saylı Mediasiya təşkilatına 400 manat ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 338 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də satış təmsilçisi (ekspeditor) vəzifəsinə işə qəbul olunmuşdur, tərəflər arasında eyni tarixdə tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır, həmin müqaviləyə əsasən, işçi - R.F.Əlizadə, şirkətə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır, həmçinin əmək müaviləsinə əsasən, o, icrası nəzərdə tutulmuş işlərə görə ona verilmiş maddi dəyəri olan bütün növ əşyaları, mal, material və s. qoruyub saxlamaq, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, şirkətə heç bir səbəbdən ziyan vurmamaq öhdəliyini öz üzərinə götürmüşdür, tərəflər arasında hüquq münasibətləri 2019-cu ilin may ayından yaranmışdır, cavabdehin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmr ilə xitam verilmişdir, iddiaçının əmri ilə cavabdeh tərəfindən dəymiş ziyanın araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixdə komissiya yaradılmış, cavabdeh ilə danışıqlar aparılmış, hesablaşma cədvəli, aktlar və qəbzlər əsasında dəymiş ziyanın məbləği müəyyən edilmişdir, hesablaşma cədvəli xx.xx.2019 - xx.xx.2022-ci il dövrünü əhatə edir, cavabdeh vurulan zərəri könüllü olaraq ödəməkdən imtina edir, iddia tələbi cavabdehin öz üzərinə düşən öhdəliyini layiqincə yerinə yetirmədiyi səbəbindən iddiaçıya vurulmuş 46349,25 manat məbləğinin alınması barədədir, cavabdeh, işlədiyi dövrdə əvvəlki ekspeditordan 78500 manat məbləğdə borcun onun adına hesablanmasına razılıq verdiyini, rəsmi işə qəbul olunana qədər şirkətdən ət məhsulları götürdüyünü, həmçinin işlədiyi dövrdə təqribən hər ay iddiaçıdan 3-4 ton, yəni 30000-40000 manatlıq (hətta bəzi aylar 5.2 ton = 52.000 manat) məhsul götürdüyünü, götürdüyü məhsulun 5000-6000 manat həddində pərakəndə formada payladığını etiraf edir. Bununla belə, cavabdehin tam maddi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olumadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, cavabdehin iddiaçıya maddi ziyan vurması, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə, iddiaçının maddi ziyanın məbləği və onun vurulması ilə bağlı təqdim etdiyi sübutlar (hesabat cədvəli, audit yoxlaması, aktlar, qaimələr və s.) və şahid ifadələri ilə tam sübuta yetirilir. Bundan başqa, cavabdehin izahatı və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından da cavabdehin iddiaçıdan əldə etdiyi məhsula görə borcunun yaranması müəyyən olunur. Belə ki, cavabdehin izahatı üzrə “əvvəlki ekspeditordan qalıq qalmış 78500 manat məbləğində borcun onun hesabına yazılması barədə razılığının olması və həmin məbləğdən 35000 manat silinməklə yerdə qalan 43500 manat məbləğin borc kimi saxlanılması, 2019-cu ilin may ayından etibarən iddiaçıya məxsus müəssisədə qeyri-rəsmi fəaliyyət göstərməsi və əmək fəaliyyəti göstərmədiyi (əvvəlki ekspeditorun sürücüsü olduğu vaxt) dövrdə müəssisədən satış məqsədilə ət məhsulları götürməsi”, həmçinin iddiaçının nümayəndəsinin izahatı və şahid ifadələri üzrə “2019-cu ilin may ayından etibarən cavabdeh tərəfindən müəssisədən sərbəst olaraq istehsal məhsulları qəbul edərək götürməsi” barədə qeydlər (faktlar), tərəflər arasında əmək müqaviləsi bağlanmadan öncə 2019-cu ilin may ayından etibarən mülki hüquq münasibətlərinin yaranması hallarını təsdiq edir ki, bu münasibətlər üzrə də cavabdehin öhdəliyi istisna olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “bu borcların silinəcəyi barədə iddiaçının vəd verməsi və əmək müqaviləsi bağlanmasından əvvəl götürülmüş məhsullara görə məsuliyyət daşımaması” barədə dəlillərinə və ümumilikdə borcun ödənilməsi barədə hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin buna dair sübutlar iş materiallarına əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən cavabdeh, iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə tam maddi-məsul şəxs kimi də, digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının, cavabdeh tərəfindən ona 46349,25 manat məbləğinin ziyan vurması barədə dəlilləri əsaslıdır və o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehin “məhsulun dəyərindən 28% hissənin borcuna silinməsi, iddiaçıya qarşı borcunun olmaması, hətta 15000 manat artıq ödənişin olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə iclasında “hər ay 3-4 ton mal, hətta bəzən 5.2 ton (dəyəri 30000-40000-52000 manat) götürdüyünü, hesabına 78500 manat pul yazıldığını, həmin pulu mal şəklində borc olaraq götürdüyünü” etiraf etmiş, həmçinin iş materiallarına, habelə şahid ifadələrinə əsasən, qeyd olunan məhsullar iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 28% aşağı qiymətə satılmışdır, həmin məbləğin daha sonradan borca silinməsi, buna dair tərəflər arasında razılaşma olmasına, habelə qeyd olunan məbləğlərin iddiaçıya tam qaytarılmasına dair sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsassızdır və ona görə də məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işçilərin ona və mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ vardır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə, bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a bəndinə əsasən, işçi qanunazidd hərəkətləri saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 46349,25 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları müəyyən olunmadığından və iddia tələbi təmin edildiyindən, iddia tələbinin təmin olunmuş həddi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun əvəzi qismində 229 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə (337-229=108 manat) iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 46349 (qırx altı min üç yüz qırx doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 229 (iki yüz iyirmi doqquz) manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar