Məhkəmə qərarları › İş №2(011)-4109/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4109/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4109/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Arkadyevnya qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıl Yaqub oğlunun Cavabdeh Arkayevnya qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13b, mənzil 84-dan istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13b, mənzil 84-ü satın almışdır. Daha sonra iddiaçı mənzil üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldı. Cavabdeh qeyd olunan mənzili iddiaçıya satmaqla mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən alıcı həmin mənzillə əlaqədar məhkəmə mübahisənin olmadığına təminat verir. Lakin göründüyü kimi iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13b, mənzil 84-dan məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçıl Yaqub oğlu ilə X1 arasında 21.10.2015-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı X1 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13b, mənzil 84-u alıcı İddiaçıl Yaqub oğluna satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notarial təsdiq olunduğu gündən 28.10.2015-ci il tarixinədək müddətinə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13b, mənzil 84 İddiaçıl Yaqub oğlunun xüsusi mülkiyyətindədir (RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surəti). X2 Bakı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13b, mənzil 84-də qeydiyyatdadır (“Yaşayış yeri üzrə qeydiyyat haqqqında” 19.04.2021-ci il tarixli, 40576670 nömrəli Arayış). Mülki iş materiallarında olan İddiaçıl Yaqub oğlu ilə X1 arasında 21.10.2015-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” üzrə notariat işinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13b saylı evin 84 saylı mənzilində 2015-ci ildə qeydiyyatda X1 olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinadən qeyd edir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmin Qərarın nəticə hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus ev ilə hər hansı əlaqəsi müəyyən edilmədiyin, həmçinin, cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, onun İddiaçı məxsus mənzildən istifadə hüququ yoxdur. Odur ki, ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçıl Yaqub oğlunun Cavabdeh Arkadyevnya qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13b, mənzil 84-dan istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar