Məhkəmə qərarları › İş №2(011)-4147/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4147/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4147/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və X6 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və X6 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 22V, 32 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 22V saylı evin 32 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzili 02.10.2019-cu il tarixli AN-İ №0806361 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almışdır və mənzilə dair mülkiyyət hüququ 22.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən, satıcı həmin müqavilə notarial qaydasında təsdiq olunduğu vaxtdan 30 gün müddətində qeydiyyatda olan şəxslərlə birlikdə mənzildən qeydiyyatdan çıxmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, həmin mənzili satın aldıqdan sonra məlum olmuşdur ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmamış 2 övladı - 08.04.2011-ci il təvəllüdlü X7 və 19.12.2013-cü il təvəllüdlü X10 həmin mənzildə qeydiyyatda qalmışdılar. Halbuki, mənzili satın almamışdan əvvəl həmin şəxslər oradan çıxmışlar və artıq xeyli müddətdir ki, digər ünvanda yaşayırlar. X8 həmçinin 30 gün müddətində həmin şəxslərin qeydiyyatdan çıxmasını təmin edəcəyini bildirsə də bunu etməmişdir. Hal-hazırda həmin mənzildə həmin şəxslərə aid heç bir əşya yoxdur. Bununla da həmin şəxslərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Lakin, həmin şəxslərin hal-hazırda formal olaraq ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi hüquqlarını pozur və məhdudlaşdırır. Belə ki, həmin mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Ona görə mənzilə dair əlavə kommunal və digər xərclər ödəməli olur. Bundan əlavə, artıq cavabdehlərin özlərinin başqa yaşayış sahəsi vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, cavabdehlərin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehlərin rəsmi qeydiyyatda olduğu yer üzrə 133 saylı MKİS-nə göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Alıcı İddiaçı ilə satıcı X8 arasında bağlanmış 02.10.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 22V, 32 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad mənzili verməyi, 13-cü bəndinə görə isə 02.11.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzildə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2nİN mənzilin satılmasına razılıqlarına dair notariat qaydasında təsdiqlənmiş ərizəsi notariat işinə əlavə olunmuşdur. Daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 22V, 32 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin 21.04.2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və X9 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 22V, 32 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin 3-cü bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X4 İddiaçı məxsus mənzildə qeydiyyatda olması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının şəxsi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 22V, 32 saylı mənzildən istifadə hüquqları itirilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar