Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4148/2020 30.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzildən çıxarılması, iddiaçının Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzilə köçürülməyi, 2020-ci ilin fevral ayının 21-dən şəxsi mülkiyyətində olan mənzilindən istifadə edə bilmədiyi üçün əldən çıxan fayda olaraq 1500 (bir min beş yüz) manat məbləğində zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzil xx.xx.2003-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ÖM seriyalı 160692 saylı Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. İddiaçının Cavabdeh ilə xx.xx.1980-ci il tarixdə 6038 saylı nikah akt qeydi ilə rəsmi nikahı rəsmiləşdirilmişdir. Lakin, münasibətləri pisləşdiyindən xx.xx.1994-cü il tarixdə Xətai Rayon Qeydiyyat Şöbəsinin 269 nömrəli akt qeydi ilə rəsmi nikahı pozulmuşdur. Onlar Cavabdeh ilə nikah münasibətləri, pozulduğu vaxtdan birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Lakin sonradan qızının israrları ilə tüfeyli həyat tərzi sürən Cavabdeh ona məxsus mənzilə qeydiyyata düşməsinə və həmin mənzildə yaşamasına razılıq vermişdir. O, Cavabdeh bu halına acıyaraq ona hörmət əlaməti olaraq mənzilindən istifadə etməsinə şərait yaratsa da, o bunun qarşılığında iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı işləri ilə əlaqədar 2020-ci ilin yanvar ayında bir neçə ay müddətində Dağıstan Respublikasına gedib gəldiyi müddətdən bəri cavabdehin onunla münasibətləri kəskin şəkildə dəyişmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci ilin isə qayıtdığında, cavabdeh onu mənzilindən uzaqlaşdıraraq bir daha içəri buraxmamışdır. Bu səbəbdən artıq iddiaçı uzun müddətdir ki, özünə məxsus mənzildən istifadə edə bilmir və mülkiyyətçi kimi hüquqlarını həyata keçirə bilmir. Cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə cavabdehin istifadə hüququnun yaranmaması əsası ilə iddia tələbini rədd etmişdir. Bu səbəbdən də hesab edir ki, istifadə hüququ olmadığı üçün isə cavabdehin mənzildən çıxarılmasına tam əsas yaranmışdır. Hal-hazırda mübahisəli mənzildə cavabdeh yaşayır. İddiaçının isə yaşamağa yeri yoxdur. Sözügedən mübahisəli mənzildə hal-hazırda onun digər əşyaları da yerləşir. Cavabdeh onu həmin mənzilə daxil olaraq digər şəxsi əşyalarının götürülməsinə belə icazə verməmişdir. Sözü gedən mübahisə predmeti olan mənzilindən xx xxxxxx 2020-ci ildən etibarən istifadə edə bilmir və yad şəxslərin evində kirayələrdə qalmaq məcburiyyətində olur. Ona beləliklə xeyli miqdarda 1500 manat məbləğində zərər dəymişdir. Bütün yuxarıda göstərilənləri əsas götürərək, hesab edir ki. hüququ bərpa edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzildən çıxarılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir və bunun üçün qanunvericilikdə bütün əsaslar mövcuddur. X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ÖM seriyalı 160692 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsində yerləşən 14 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabında 37224 nömrəli vərəqdə qeydiyyatdan keçmişdir. xx.xx.2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 3 ünvanında yerləşən 1 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2617/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsində yerləşən 14 saylı evin 1 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki: “...məhkəmə araşdırmaları ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun yaranmasına dair hər hansı hüquqi əsasın olmaması aşkar edilmişdir. Həmçinin, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları aşkar edilməmişdir. Bununla da, iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən cavabdehin yaranmamış istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir...”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə riayət edilməklə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınması nəticəsində iddiaçının mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin mübahisəli mənzildə yaşamağı X3 mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilərək, Cavabdeh iddiaçının mülkiyyətçisi olduğu akı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 3 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə iddia tələbinə 2020-ci ilin fevral ayının 21-dən şəxsi mülkiyyətində olan mənzilindən istifadə edə bilmədiyi üçün əldən çıxan fayda olaraq 1500 (bir min beş yüz) manat məbləğində zərərin əvəzinin ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddiaçı bu tələbini əsaslandırdığı halları təsdiq edən sübutları təqdim etmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzildən çıxarılsın. X2 Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4148/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4148/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver