Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4155/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-ə istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 onun adına 11.05.1996-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir, o, sözügedən mənzili alqı-satqı müqaviləsi əsasında almazdan əvvəl Cavabdeh həmin mənzilə qeydiyyata düşmüşdür, Cavabdeh hal-hazırda qeyd olunan mənzildə yaşamır, yaşamadığı halda orda formal şəkildə qeydiyyatdadır və İddiaçı həmin mənzildə tam mülkiyyət hüququna sahib olmasına baxmayaraq, bu hal onun mülkiyyət hüququnun tam olaraq həyata keçirilməsində məhdudiyyət yaradır, belə ki, o, mənzili satmaq istəsə də Cavabdeh mənzildən çıxarılmasına nail ola bilmir. Bu səbəbdən cavabdehin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini istəyir. Sonda İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 30.06.2021-ci il tarixli məhkəmə iclasında X2 şahid qismində ifadə verərək izahatında bildirdi ki, Cavabdeh onun bacısıdır və ondan 2 yaş kiçikdir, ailə həyatı quranadək 21 yaşına qədər həmin mənzildə yaşayıb, 2000-ci ildə mənzildən çıxıb Türkiyəyə getmiş, 2016-cı ildə yenidən həmin mənzilə qeydiyyata düşmüşdür, 2017-ci ildə yenidən Türkiyəyə getmişdir və hazırda mübahisəli mənzildə yaşamır, formal qeydiyyatdadır. Məhkəmə, iddiaçının izahatını, şahid ifadəsini dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 14.04.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, ünvan 1-də qeydiyyatda olan digər şəxslər Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 014816 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 11.05.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan imzanın həqiqiliyinin təsdiqi barədə 01.06.2021-ci il tarixli qeydin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən əmlakın satılmasına, özgəninkiləşdirilməsinə və qeydiyyatdan çıxmasına etiraz etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 14, 123 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, Cavabdeh mənzilin keçmiş sakinidir, hazırda həmin ünvanda rəsmi qeydiyyatdadır, lakin orada yaşamır, cavabdeh iddia tələbini qəbul edir, qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Bununla belə, cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ- əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını müəyyən etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 14, 123 saylı mənzildən cavabdeh X1 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X1 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 14, 123 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4155/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4155/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver