Məhkəmə qərarları › İş №2(011)-4159/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4159/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4159/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 2a, 29 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh1 ilə aralarına olan alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi ev 2a, mənzil 29-da yerləyəşən yaşayış evini almışdır. 12.05.2014-cü il tarixdə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Alqı-satqı müqaviləsi həyata keçirilən zaman mənzildə kim qeydiyyatda olmamışdır. Lakin, ona məlum olmayan səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mənzildə qeydiyyatdadırlar. Qeyd olunan şəxsləri tanımır və bir dəfə olsun belə görməmişdir və hansı qaydada onun mülkiyyətində olan mənzilə qeydiyyata düşdükləri bəlli deyil. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması əmlakından istifadə və əmlakı barəsində sərəncam vermək hüququnu məhdudlaşdırmaqla, əlavə kommunal xərclər ödəyir. Bu da öz növbəsində həm əmlak hüquqlarının məhdudlaşdırılmasına, həm də maddi zərərə məruz qalmasına səbəb olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, cavabdehlərin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehlərin rəsmi qeydiyyatda olduğu yer üzrə 6 saylı MKİS-nə göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Alıcı İddiaçı ilə satıcı X4 arasında bağlanmış 27.04.2014-cü il tarixli AN-İ seryallı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 2a, 29 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Müqaviləyə əlavə olunmuş sənədlərdən görünür ki, alqı-satqı həyata keçirilən zaman mənzildə heç kim qeydiyyatda olmamışdır. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad mənzili verməyi, 13-cü bəndinə görə isə müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən alıcıya təhvil verilənədək mənzilə heç kimi qeydiyyata almamağı öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 2a, 29 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12.05.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsinin 13.04.2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 2a, 29 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus mənzildə qeydiyyatda olması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının şəxsi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 2a, 29 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar