Məhkəmə qərarları › İş №2(011)-4159/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4159/2022

26.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4159/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh Təmir Tikinti İdarəsinə qarşı “işə bərpa olunma və məcburi iş buraxmağa görə itirilmiş əmək haqqı” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Təmir Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Təmir Tikinti İdarəsi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 07 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə ali təhsilli mütəxəssisdir. İddiaçı xx.xx.2009-cu il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2011-ci il tarixli əmrlə Cavabdeh İdarəetmə aparatının şikayətlərin araşdırılması şöbəsinin 14-cü dərəcəli böyük mühəndis vəzifəsində çalışmışdır. İddiaçının ixtisası mühasibat olduğuna görə müdiriyyətin razılaşması əsasında iş stajı və təhsilinə uyğun olaraq birliyin təmir-tikinti idarəsinin iqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsinin 8-ci dərəcəli iqtisadçı vəzifəsinə keçirilmişdir. Həmin vəzifədə işləyən şəxs analıq məzuniyətində olmuş, iddiaçıya bildirmişlər ki, analıq məzuniyyətində olan şəxs qayıdanədək həmin vəzifədə iş stajı toplayıb, sonra başqa bir uyğun işə keçiriləcək. xx.xx.2020-ci il tarixdə iddiaçı həmin ixtisas üzrə işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “B" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı iddiaçının əmək fəaliyyətinə xitam verilmişdir. İddiaçı həmin əmrlə razı deyildir. Belə ki, iddiaçı ali təhsilli mütəxəssisdir, həmin sahə üzrə müəyyən iş stajına malikdir. Eyni zamanda iddiaçı Cavabdeh İdarəetmə aparatının şikayətlərin araşdırılması şöbəsinin 14-cü dərəcəli böyük mühəndis vəzifəsində işləmiş, iddiaçı təcrübə toplamaq üçün birliyin təmir-tikinti idarəsinin iqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsinin 8-ci dərəcəli iqtisadçı vəzifəsinə keçirilmişdir ki, gələcəkdə ixtisasına uyğun işlə təmin edilsin. Lakin iddiaçını işlə təmin etmədən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddət ərzində heç bir əmək intizamını pozmamış, bu barədə müdriyyətdən heç bir xəbərdarlıq və töhmət almamış, həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Bu barədə iddiaçı mediasiya şurasına da müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya şurasına gəlməkdən imtina etmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən başqa işlə təmin ediliməldir. İddiaçı və onun vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh Təmir-Tikinti İdarəsinin rəisi V.S.Həsənova ünvanladığı ərizədən görünür ki, o, V.S.Həsənovadan İqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsinin 8-ci dərəcəli iqtisadçısı İradə Məmmədovanın analıq məzuniyyətində olduğu müddətdə 8-ci dərəcəli iqtisadçı vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Təmir-tikinti İqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsinin 8-ci dərəcəli iqtisadçısı vəzifəsinə (əsas işçi X2 qismən ödənişli sosial məzuniyyət yerinə bağlanmış müvəqqəti) işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh Təmir-Tikinti İdarəsinin xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə görə Təmir- Tikinti İdarəsinin İqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsinin iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh olan işəgötürən Cavabdeh Təmir-Tikinti İdarəsinin arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsində müqavilənin əsas işçi X6 qismən ödənişli sosial məzuniyyət yerinə bağlanmış müvəqqəti olması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanması qeyd edilmişdir. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən işçi İddiaçı əsas işçi X6 qismən ödənişli sosial məzuniyyət yerinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti bitdikdən sonra müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Cavabdeh İB tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsində mütləq göstəriləməli olan əsas şərtlər və məlumatlar qeyd edilmişdir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idmansağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd; x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Qeyd edilən Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Yenə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Yenə həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanması barədə işçi ilə işəgötürən arasında razılıq olmuş, nəzərdə tutulmuş müddət bitdikdə isə əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi əsassız və qanunsuz olmamış, əmək qanunvericiliyinin müddəaları cavabdeh tərəfindən pozulmamışdır. Odur ki, iddia həm əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair hissədə, həm də məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh Təmir-Tikinti İdarəsinə qarşı - Cavabdeh Təmir Tikinti İdarəsi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022ci il tarixli 07 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar