Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-420/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 18 saylı Notariat Kontoru cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.metr olan dörd otaqlı mənzil barəsində 18 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə bağlanılmış AN - l № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,54 kv.metr olan dörd otaqlı mənzilin dəyərini ödəməklə əldə etmişlər və mənzil xx.xx.2021-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********02-05101-093011 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb və iddiaçı 3 il müddətinə məhkum olunaraq cəzaçəkmə müəssisəsinə göndərilmişdir. 2024-cü ilin may ayında şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmış və evə qayıtdıqdan sonra ona məlum olub ki, onun cəzaçəkmə müəssisəsində olduğu müddətdə həyat yoldaşı Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.metr olan dörd otaqlı həmin mənzili Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 18 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Buna görə ailə münasibətləri pozulub və boşanma həddinə çatıb. İddiaçı 18 saylı Notariat Ofisinin rəisi X8 onların birgə nikah dövründə əldə etdikləri mənzil barəsində bağlanmış alqı-satqı müqaviləsini iddiaçının iştirakı olmadan necə təsdiq etdiyini soruşduqda, notarius ona hədə-qorxu gəlib, onu yenidən həbsxanaya göndərəcəyi ilə hədələmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 18 saylı Notariat Ofisinin xüsusi notariusu X6 əməli barəsində xüsusi qərardadın çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.m olan dörd otaqlı mənzilin barəsində 18 saylı Notariat Ofisində bağlanmış 04 fevral 2023-cü il tarixli, AN İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunması, alqı-satqıda ödənilmiş rüsumların geri qaytarılması və müqavilə əsasında dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.m olan dörd otaqlı mənzilin X2 adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Həbsdə olduğu vaxtı arvadı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,54 kv.metr olan dörd otaqlı mənzili onun icazəsi olmadan satmışdır. Buna görə ailə münasibətləri pozulub və boşanma həddinə çatıb. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı oğurluq cinayəti edib və buna görə məhkəmə tərəfindən məhkum edilib. İstintaq zamanı oğurlanmış puldan yalnız 76.000 manat hissəsi aşkar olunub, qalan 30.000 manat pulu isə iddiaçı ordan-burdan tapıb yığmışdır ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilsin. İddiaçının mübahisəli mənzilin arvadı tərəfindən satılması barədə məlumatı olmuşdur. Alqı-satqı iddiaçının razılığı və istəyi ilə aparılmışdır. Hətta xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilin satışının təşkil olunması üçün dəvət edilən notarius iddiaçının saxlanıldığı təcridxanaya da daxil olmuşdur ki, mənzilin satışı üçün sənədləşdirmə işi aparsın, lakin Aminat xanımın sənədlərində problem olduğu üçün iddiaçının adından etibarnamənin verilməsi məsələsi alınmayıb. Daha sonra o bildirmişdir ki, ümumiyyətlə tələb üzrə iddia müddəti də ötürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli iclasda bildirmişdir ki, evin satılmasından iki ay sonra xəbər tutub. Lakin sonradan bildirmişdir ki, mübahisəli mənzilin satılmasından həbsdən çıxandan sonra xəbər tutub. Belə çıxır ki, iddiaçı tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir və göstərmişdir ki, iddiaçı mövcud tələblər üzrə 1 illik müddəti ötürmüşdür. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 18 saylı Notariat Kontorunun nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86,54 kv.metr olan mənzili alıcıya 160.000 manata satmışdır. Müqavilənin üçüncü maddəsində qeyd edilmişdir ki, mənzil ipoteka ilə yüklü deyil, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 ilə nikahı xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a, 76 saylı mənzil ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 44 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-602 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2286 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-115 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə edilmiş satıcı X5 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86,54 kv.metr olan mənzili alıcıya 104.000 manata satmışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı Notariat Ofisinin D-290/11 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilərək göndərilmiş Bakı şəhəri 18 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a, 76 saylı mənzilə dair 4Ə-115 reyestr nömrə ilə qeydiyyatdan keçmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi və müqaviləyə əlavə edilmiş sənədlərin kserosurətlərindən görünür ki, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 2 satıcı tərəfindən alıcıya satılmışdır. Satıcı Cavabdeh2 tərəfindən mənzilin təqdim edilməsinə görə 1.272,15 manat sadələşdirilmiş vergi ödənilmişdir. Həmin notariat işinin sənədlərində İddiaçı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair yazılı razılığı yoxdur. Həmin notariat işinin sənədlərinə Dağıstan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Qayakent ərazi dairəsi üzrə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.1997xx.xx.2022-ci il dövrü üçün Cavabdeh2 aid nikah qeydi aşkar olunmayıb. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-922/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İddiaçı ərizəsi təmin edilərək, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan 10 ay 17 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. - Qərardan həmçinin görünür ki, məhkum İddiaçı şəxsi işi və mülahizədən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə dəymiş ziyanı tam şəkildə könüllü olaraq ödəməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkum İddiaçı 9 saylı Cəzaçəkmə Müəssisəsinə xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixə, sonu xx.xx.2025-ci il tarixə müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 2013-cü ildə nikaha daxil olmuşlar. Onların birgə nikahı dövründə mübahisəli Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a ünvanında yerləşən 76 saylı mənzil əldə edilmişdir. Mənzilin üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh İddiaçı azadlıqdan məhrum edildiyi dövrdə, yəni xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 (alıcı) və Cavabdeh2 (satıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a, 76 saylı mənzili 160.000 manata Cavabdeh1 satılmışdır. Sözügedən əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı İddiaçı yazılı razılığı alınmamışdır. Bunun əksinə notariat işinə əlavə edilmiş Dağıstan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Qayakent ərazi dairəsi üzrə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə xx.xx.1997-xx.xx.2022-ci il dövrü üçün Cavabdeh2 aid nikah qeydi aşkar edilməməsi notariat işinin materialları ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə - iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə:
1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[24]
2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 7.8-ci maddəsində qeyd edilmişdir ki, ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a ünvanındakı 76 saylı mənzilin İddiaçıla Cavabdeh2 birgə nikahı dövründə əldə edilmiş daşınmaz əmlak olmasına baxmayaraq, Cavabdeh2 mənzili özgəninkiləşdirərəkən iddiaçının notarial qaydada təsdiq edilmiş yazılı razılığını almamışdır. Nəticədə, alqı-satqı müqaviləsi bağlanan zaman nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi qaydalarını müəyyənləşdirən qanunvericilik tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a ünvanında yerləşən 76 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli və əqd əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş müvafiq əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunduğundan, satıcı Cavabdeh2 müqavilə üzrə Cavabdeh1 aldığı 160.000 manat pul vəsaitini ona geri qaytarmalıdır. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.m olan dörd otaqlı mənzilin X2 adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbləri təmin edilərək müqavilənin etibarsız hesab edilməsi nəticəsində Cavabdeh1 adına verilmiş əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyindən və müqavilənin bağlanmasınadək mövcud olan əmlakın hüquqi rejimi bərpa edildiyindən, sözügedən iddia tələbləri müqavilənin etibarsızlığı nəticələri ilə ehtiva olunur və onların təkrar qeyd olunmasına zərurət yoxdur. Bundan başqa məhkəmə iddiaçının iddia müddətini ötürməsi barədə Cavabdeh1 nümayəndəsinin dəlillərini əsaslı hesab etmir. Belə ki, mülkiyyətin müdafiəsinə dair iddialara iddia müddəti şamil edilmədiyindən, qeyd olunan dəlillə əsasən iddianın rədd edilməsinə əsas yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanılmış 04 fevral 2023cü il tarixli AN-l № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. 160.000 (bir yüz altmış min) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq Cavabdeh1 ödənilsin. Cavabdeh1 adına ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 87,08 kv.m olan yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli (reyestr nömrəsi: **********02-05101-093011) əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva