Məhkəmə qərarları › İş №2(011)-4202/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4202/2021

27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4202/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzili onun mülkiyyət hüququ 07.04.2021-ci ildə tanınmışdır. Mənzildə ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər mənzilin keçmiş sakinidirlər və mənzildə yaşamırlar. qardaşı X5 həmin mənzili 03.07.2020-ci il tarixdə X4 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında almış və 03.04.2021-ci il tarixdə ona bağışlamışdır. Cavabdehlərin ailə üzvləri ilə alqı-satqı müqaviləsi bağlayarkən mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdürlər və cavabdehlərin ailə üzvləri həmin mənzili sataraq mənzildən çıxmışdırlar. Lakin bütün bunlara baxmayaraq indiyə qədər mənzildə pasport qeydiyyatındadır. Mənzilin bütün komunal xərclərini özü ödəyir. Cavabdehlərin evində qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, cavabdehlərin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehlərin rəsmi qeydiyyatda olduğu yer üzrə 128 saylı MKİS-nə göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 ilə satıcı Cavabdeh2 arasında bağlanmış 04.06.2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad mənzili verməyi, 13-cü bəndinə görə isə 05.07.2018-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X2 ilə satıcı X4 arasında bağlanmış 03.07.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad mənzili verməyi, 13-cü bəndinə görə isə 03.10.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzildə qeydiyyatda olan Cavabdeh1 mənzilin satılmasına razılığına dair notariat qaydasında təsdiqlənmiş ərizəsi notariat işinə əlavə olunmuşdur. Hədiyyə verən X5 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış 03.04.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzili hədiyyə alanın mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 07.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin 16.04.2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mənzildə qeydiyyatda olması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının şəxsi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 55 saylı mənzildən istifadə hüquqları itirilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar