Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4209/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi ünvan 2nvanında 44 ildir yaşaması faktının (hüquqi əhəmiyyəti olan faktın) müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
Ərizəçinin tələbi:
2. Ərizəçi öz ərizəsində qeyd etmişdir ki, ünvan 2nvanında fərdi yaşayış evini 1979-cu ildə tikmişdir. Hal-hazırda həmin ünvanda ərizəçi və övladları 3 ailə olaraq yaşamaqdadırlar.44 ildir ki, qeyd edilən ünvanda yaşamaqla bütün kommunal xərcləri, eləcə də torpaq və tikinti üçün vergiləri ödəmişdir. ünvan 2nvanı üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı ərizəçi müxtəlif orqanlara müraciət etsə də, imtina cavabları almışdır. DƏDRX-nin cavab məktubuna əsasən qeyd edilən ünvanın- torpaq sahəsinin daxilindən 20 kv-luq elektrik xətti keçməkdədir. Lakin ərizəçi bununla razılaşmayaraq qeyd etmişdir ki, elektrik xətti hava məkanından 17 m hündürlükdən daş hasarın kənarından keçməkdədir, həmçinin 20 kv-luq deyil, 6 kv-luqdur.
3. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi ünvan 2nvanında 44 ildir yaşaması faktının (hüquqi əhəmiyyəti olan faktın) müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı: 4.Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən ərizəçi öz izahatında qeyd etmişdir ki, bir neçə dəfə aidiyyatı orqanlara müraciət etsə də, heç bir nəticə əldə etməmişdir, onun sözügedən ünvanda yaşaması faktı təsdiq edilməmişdir. Ərizəçi bildirmişdir ki, inzibati məhkəməyə müraciət etmək istəyir, evi öz adına rəsmiləşdirmək üçün onun həmin ünvanda yaşaması faktı təsdiq edilməlidir, 44 il müvafiq ünvanda yaşaması faktının təsdiq edilməsini inzibati icraat üzrə məhkəmədə lazım olması səbəbi ilə əsaslandırmış, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 2 saylı Mənzil Kommunal İstismar sahəsindən verilən arayışa əsasən, Ərizəçi həqiqətən də 8 noyabr prospekti, Zığ yolu ev 5 ünvanında qeydiyyatdadır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli **********56 nömrəli məktuba əsasən, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, torpaq sahəsinin daxilindən 20.kv-luq elektrik xəttinin keçdiyi aşkar edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin qeyd edilmişdir ki, bu məktub daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina sayılmır.
10. Azərişıq ASC tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, ünvan 2nvanında fərdi yaşayış evi ilə ( X:40.349257, Y:49.958334 koordinatlarında yerləşən) 6 kv.-luq hava elektrik xətti ilə ara məsafəsi 22 (iyirmi iki) metr təyin edilmişdir.
11. Azərişıq ASC tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, ünvan 2nvanında fərdi yaşayış evi elektrik veriliş xəttlərinin mühafizə zonasında yerləşir.
12. Bakı şəhəri Xətai Rayon Bələdiyyəsi tərəfindən vətəndaş Ərizəçi ünvanlanmış məktuba əsasən, müəyyən edilmişdir ki, Xətai Rayon Bələdiyyəsinə ehtiyat torpaq fondu ayrılmamışdır. Bələdiyyəyə məxsus torpaqların xəritəsi verilməmişdir. Bu səbəbdən də vətəndaşın müraciətinin müsbət həlli mümkün olmamışdır. Həmçinin bələdiyyə tərəfindən verilmiş tədiyyə bildirişlərinə və ödəniş qəbzlərinə əsasən, vergilər Ərizəçi tərəfindən ödənilmişdir. 13.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəfin izahını məcmu halında qiymətləndirərək və ərizəni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPMnin 261.0.1-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.
16. Belə ki, ərizəçinin tələbi hüquqi əhəmiyyəti olan faktın - yəni, hansısa ünvanda yaşaması faktının məhkəmə tərəfindən təsdiq edilməsidir. Qanunvericiliyin tələblərinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
17. Məhkəmə iclasında çıxış edən şəxs 44 il müvafiq ünvanda yaşaması faktının təsdiq edilməsini inzibati icraat üzrə məhkəmədə lazım olması, evinə çıxarış almaq üçün lazım olması səbəbi ilə əsaslandırmışdır. Hazırki iş üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Ərizəçi sadalanan məsələlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir
18. Məhkəmə hesab edir ki, hər hansı şəxsin harda, hansı müddətə yaşaması faktı məhkəmə qaydasında deyil, yaşayış yeri üzrə səlahiyyətli qurum tərəfindən təqdim edilən müvafiq sənəd vasitəsilə öz təsdiqini tapa bilər. Belə ki, bu halda məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi hüquqi əhəmiyyəti olmayan faktla bağlıdır, bu səbəbdən də MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
19. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə üzrə mülki işə xitam verilməlidir.
Məhkəmə xərcləri: 20.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;
21. Qeyd edilən qanunvericilik normasına əsasən, ərizəçinin tələbi üzrə mülki iş üzrə icraata xitam verildiyindən ərizə verilərkən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı ərazi idarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.
2. Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə Kapital Bank ASC ödəniş sistemi vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim Samirə Eyvazova