Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4216/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və LPO QSC “Bank Standard” KB-na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-98/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh1, İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 82.226,12 ABŞ dolları əsas, 60.358,99 ABŞ dolları faiz, 4.000 ABŞ dolları dəbbə pulu, borcun gecikdirilməsinə görə illik 5% olmaqla 11.413,30 ABŞ dolları, ümumilikdə 157.998,41 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan Manatı ekvivalenti ilə) və ödənilmiş 640 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankına ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, bina 21-də yerləşən, ümumi sahəsi 50,92 kv.metr yaşayış və 23,9 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiyməti 185.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına ümumilikdə 157.998,41 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş ümumilikdə 640 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankına ödənilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə etibarsızlığı iddia edilən ipoteka müqaviləsinin qanuniliyinə Bakı Kommersiya Məhkəməsi tərəfindən qiymət verilərək yekun məhkəmə aktı qəbul edilmişdir və kredit borcunun ödənilməsi üçün iddiaçıya məxsus ipoteka qoyulmuş mənzilə tutma yönəldilmişdir. Buna görə də ayrıca icraatda verilmiş hazırki iddia tələbinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Sadalanan xüsusatlar və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə icraata qubul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən məhkəmə xərci olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizənin qəbulundan imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və LPO QSC “Bank Standard” KB-na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Expresspay” ödəniş sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi: **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4216/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4216/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver