Məhkəmə qərarları › İş №2(011)-4216/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4216/2025

29.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4216/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı İddiaçı ünvan 1 ünvanına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, üç övlad anasıdır. Cavabdeh şəxs onun oğludur. Ərizədə qeyd olunan ünvandakı mənzili o öz maddi vəsaiti hesabına almışdır. Öz maddi vəsaiti hesabına mənzilində təmir, tikinti işləri aparmışdır. Ona məxsus mənzil-məişət avadanlıqları eləcədə geyim-keçim paltarları mənzildə olmasına baxmayaraq Cavabdeh onu mənzilə buraxmır. Dəfələrlə ona bildirsədə ki, mənzili o almışdır, sadəcə çıxarış onun adındadır. Onu mənzilə buraxsın lakin bu günə qədər onu mənzilə buraxmır və o hal-hazırda kirayələrdə yaşayır. Cavabdehin iddiaya dair etirazı: Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, əvvəllər onun ailəsi, yəni o, atası X1, anası İddiaçı, qardaşı X4 və bacısı Nümayəndə ilə birlikdə ünvan 2 ünvanında yaşamışdırlar. Sözügedən mənzili valideynləri birgə nikah dövründə əldə etmişlər. 2012-ci ildə o atasıla birlikdə Bakı şəhərinə gəlmişdir və qohumlarının evində yaşamağa başlamışdırlar. O, Bakı şəhərinə gələndə mülkiyyətində olan VAZ-2107 avtomobilini Gəncədə saxlamışdır. Bir müddət sonra o anası və bacısını Bakıya gətirmək məqsədilə Gəncə şəhərinə getmişdir. Onlarla birlikdə Bakı şəhərinə gələndən sonra Əhmədli kəndində kirayəyə ev tutmuşdurlar. Sonra isə Cavanşir küçəsində mənzil kirayələmişdirlər. Böyük qardaşı Elnur isə Gəncə şəhərində, valideynlərinə məxsus N.Nərimanov küçəsi, 20 saylı evin 70 saylı mənzildə qalmışdır və hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Gəncə şəhəri, Xuluflu, küçəsi, 41 saylı fərdi yaşayış evi ana babasından anasına və dayısına miras qalmışdır. Hal-hazırda dayısı bu evdə yaşayır. Onlar əvvəllər Gəncə şəhərində yaşayanda anasının ağır xasiyyətinə görə evlərində valideynləri arasında tez-tez dava-dalaş olurdu. Bakı şəhərinə gələndən sonra, təxminən 2012-2013-cü illərdə atası X1 anası İddiaçı ayrılaraq, başqa qadın ilə ailə qurmuşdur. Hal-hazırda atası yeni ailəsilə N.Nərimanov metrosu yaxınlığında yaşayır. Atası Bakı şəhərinə gələndə Yaşıl bazarda al-ver edərdi, anası isə heç vaxt heç yerdə işləməmişdir. O, Bakı şəhərinə gələndə özünə ev almağı planlaşdırmışdı və planını həyata keçirmək üçün gecə-gündüz çalışırdı. Məqsədinə çatmaq üçün ilk olaraq 8 km. bazarda alverə başlamışdır, boş vaxtlarında evlərdə çilçıraqlar yığırdı. Yaxşı da pul qazanırdı. Qazandığı pullara VAZ-2107 avtomobili almışdır. Azərbaycanda baş vermiş manatın devalvasiyasından əvvəl hər iki avtomobilini (həm Gəncədəki, həm də Bakıdakı) satmışdır. Həmin dövrdə o, dollar yığırdı və bütün pullarını ABŞ dollarına çevirmişdir. Bu səbəbdən devalvasiyadan sonra maddi vəziyyəti daha da yaxşılaşmışdır. Mülkiyyətində olan: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 44 saylı evin 89 saylı mənzilini 2017-ci ildə öz halal pulu ilə 43500 manata alqı-satqı yolu ilə əldə etmişdir. Mənzilin alınmasında heç bir qohumu, o cümlədən də anası ona maddi köməklik göstərməmişdir. Ona köməklik göstərən yeganə şəxs müdiri X5 olmuşdur. Mənzili alanda 6800 manatı çatmırdı. O, ona bu məbləğdə pulu borc şəklində vermiş, sonra isə o hər dəfə maaş alanda ondan aldığı borcu hissə-hissə qaytarırdı. xx.xx.2024-cü il tarixdə ailə qurmuşdur və hal-hazırda ailəsilə birlikdə mülkiyyətində olan mənzildə yaşayır. Əvvəllər anası İddiaçı mülkiyyətində olan mənzilə qonaq qismində gəlmiş və o bir oğul olaraq, onu öz evində saxlamışdır. Onun mənzilində ona məxsus heç bir əşya olmamış və hal-hazırda da yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat № ********** olan, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 44 saylı evin 89 saylı mənzili onun mülkiyyətindədir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianın müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etmədiklərini, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdirlər. İşin halları: X8 Valeryevna alıcı Cavabdeh arasında ******* saylı, xx.xx.2017-ci il tarixli bağlanılmış Daşınmaz Əmlakın alqı-atqı müqaviləsinə əsasən satıcı 42.000 manat qiymətinə ümumi sahəsi 53,35 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində Cavabdeh adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı ilə 1980-ci ildə evlənmişdirlər. 30 il ərzində o həyatından bezmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzillə bağlı qeyd etmişdir ki, cavabdeh onun oğludur və oğlu 13 yaşından işləməyə başlamışdır, heç kimdən pul almayıb, ancaq ona toyu olan zaman qurbanlıq kimi 300 manat pul vermişdir, ayrı vaxtı heç bir köməklik etməmişdir, oğlu özü orda burda işləyərək pul qazanmışdır. 35 yaşına kimi oğlu işləyib, pul yığıb, heç kimdən əlavə heç bir şey almayıb, öz qazandığı pul ilə ev almışdır. Onun Gəncədə bir ədəd 2 otaqlı evi var. 2012-ci ildə oradan çıxaraq Bakıda kirayə evdə yaşamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. İnsan Hüquqlarının və X3 X2 Maddə 2. Yaşamaq hüququ

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs, qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materillarnın araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzilinə dair cavabdehin adına 2017-ci il tarixdə qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququ yaranmışdır. Tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, cavabdeh ona məxsus sözügedən mənzilə anasını da ailə üzvü olaraq köçmüşdür. Belə olan halda, ailə üzvü olan İddiaçı da 2017-ci ildən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzildən istifadə hüququ yaranmışdır. Belə olan halda, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzildən istifadə hüququ olduğu halda cavabdeh tərəfindən iddiaçının sözügedən mənzildən istifadəsinə edilmiş maneə şəxsin konstitusion hüququ olan mənzil hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da qeyd edilir ki, ....yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. .....Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Qeyd edilən maddi hüquq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən Plenum Qərarında formalaşdırdığı hüququ mövqedən də göründüyü kimi, Mənzil Məcəlləsinin 30.1-ci maddəsində müllkiyyətçi ilə bərabər ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranması ailə qanunvericiliyi ilə tənzimlənən ailə bağlarının mövcudluğu və davam etməsi, eyni zamanda mülkiyyətçi ilə birgə yaşaması əsaslarından irəli gəlir. Yuxarıda da şərh edildiyi kimi, işin faktiki hallarından də bəlli olur ki, mübahisəli mənzil alındıqdan sonra cavabdeh iddiaçının övladı kimi onunla birlikdə uzun müddət mənzildə yaşamış, mülkiyyətçi ilə birlikdə mənzildən istifadə etmiş, yalnız ailə daxili mübahisə nəticəsində mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzildən istifadə hüququ olduğundan iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzilə köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar