Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4226/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada görülən təmir işlərini nəzərə almaqla 8000 (səkkiz min) manat məbləğində pulun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada görülən təmir işlərini nəzərə almaqla 6634 manat məbləğində pulun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir: “İddiaçı bir tərəfdən cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 digər tərəfdən Sumqayıt şəhəri, Sülh prospektində yerləşən "Baxça şəhər" yaşayış massivində, bina 18 mənzil 9 ünvanında 3 otaqlı evin təmir işləri xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixində 02/2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən göstərilmiş işlər üçün İddiaçı "xxxx" MMC-yə standart paketi bir kvadrati 230 (iki yüz otuz) manat məbləğində pul ödəməlidir. Qeyd olunan məbləğin ilkin ödəniş 12 000 (on iki min manat) qeyd olunur və müqavilə imzalandıqdan sonra ödənilir. Həmçinin ikinci mərhələdə 2000 (iki min) manat ödənildiyi qeyd olunur. İcraçının, yəni cavabdeh "xxxx" MMC-nin hüquq və vəzifələri müqavilənin 3-cü bəndində göstərilir. İddiaçı xx.xx.2023-cü il tarixində cavabdeh Emin Mehrab oğlu ilə Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən "xxxx" ASC-nin Qubadlı rayon filialına gedərək onun qarşısında yerləşən "Milli ön" ödəmə terminalı vasitəsilə 12 000 (on iki min) manat məbləğində pulu "xxxx" MMC-nin hesabına köçürtmüşdür. Bundan sonra Cavabdeh2 həmin evə ustaları və tikinti materiallarını yığaraq təmirə başlamışdır. Lakin mənzilin təmir müddəti üç ay davam etmişdir və təmir başa çatmamışdır. 2023-cü ilin may ayından etibarən həmin mənzildə təmir işləri tamamilə dayandırılmışdır. Səbəb olaraq tikinti materialları almaq üçün Cavabdeh2 pulu tikinti materialları satışı mağazasına verdiyini və Dövlət Vergi Xidməti həmin mağazanın fəaliyyətini dayandırdığından materialları götürə bilmədiyini bildirmişdir. Həmin vaxtdan etibarən "xxxx" MMC tərəfindən mənzilin təmir işləri tamamilə dayandırılmışdır. Onu da qeyd edim ki, "xxxx" MMC tərəfindən: evin suvağını, döşəməni, tavanı hazır vəziyyətə gətirilmiş, lakin mətbəx, sanitar qovşağın təmirini, döşəmənin laminatını, oboy vurulması, otaqların qapısının qoyulması, qızdırıcı radiatorların yerləşdirilməsi işi isə görülməmişdir. Hadisə ilə bağlı İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə cinayət işinin başlanması barədə ərizə ilə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X1 müraciət əsasında toplanmış materialları nəzərdən keçirərək hər hansı cinayət hadisəsi olmadığı, tərəflər arasında yaranmış mübahisənin mülki xarakter daşıması müəyyən edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır”. İddiaçı həmçinin ekspert rəyinə münasibət göstərərək bildirmişdir ki, ekspertin gəldiyi nəticə ilə razı deyil, hesab edir ki, cavabdeh ən çoxu 5000 manat məbləğində təmir işlərini görmüşdür. Hesab edir ki, ekspertin mənzilin təmir xərcinə sərf olunan məbləğ (6634 manat) üzrə gəldiyi nəticə şişirdilmiş və yüksək həddə hesablanmışdır. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən. işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən xidməti həyata keçirən Cavabdeh1 direktoru Cavabdeh2 və xidməti sifariş edən İddiaçı arasında bağlanmış 03 fevral 2023-cü il tarixli “Xidmət göstərilməsi haqqında” 02/2023 saylı müqaviləyə əsasən, sifarişçi tapşırır, icraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə təmir xidmətlərinin göstərilməsini öz üzərinə götürür, hazırkı müqavilə ilə Tərəflər tərəfindən razılaşdırılıb ki, icraçı sifarişçinin tapşırığına əsasən təmir işlərini icra edir. Təmir materialları icraçı tərəfindən təqdim olunacaq. Sifarişçinin tapşırığına əsasən görüləcək xidmətlərin həcmi artdığı halda, icraçı tərəfindən görülmüş işlərin dəyərini əks etdirən əlavə hesab-faktura təqdim olunacaq. Sifarişçi işin vaxtında əla keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikdir. İcraçının hüquq və vəzifələri həmin müqavilənin 3.1-ci maddəsinə əsasən işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsidir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, sifarişçi göstərilmiş işlər üçün icraçıya standart paketi bir kvadratı 230 Azn ödəyir. Qeyd olunan məbləğin ilkin ödəniş 12000 AZN müqavilə imzalandıqdan sonra ödənilir, ikinci mərhələdə 2000 AZN ödənilir. Geri qalan qismi 9460 AZN isə Şəhid ailəsi olduğuna görə bağışlanır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, icraçı işlərin keyfiyyətlə görülməsinə və təhlükəsizlik qaydalarına əməl etməsinə tam təminat verir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 9, mənzil 2-də yaşayan İddiaçı Sumqayıt şəhər prokurorluğuna müraciət edərək, "xxxx" tikinti şirkətinin rəhbəri Emin adlı şəxsə Sumqayıt şəhəri, "Baxça şəhər" yaşayış massivində yerləşən mənzilinin təmiri məqsədilə 12800 manat pul verdiyini, lakin həmin şirkərin təmir işini tamamlamayaraq onu aldatdığını bildirmişdir. Həmin müraciət xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinə, oradan isə ərazi aidiyyəti üzrə 2-ci Polis bölməsinə göndərilmişdir. Yoxlama zamanı vət. İddiaçı izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən "Baxça şəhər" yaşayış massivində, bina 18, mənzil 9 ünvanında özümə məxsus 3 otaqdan ibarət mənzili vardır. Həmin mənzili təmirsiz şəkildə almış imiş. Sonradan onu təmir etdirmək qərarına gəlmişdir. 2023-cü ilin fevral ayında sosial şəbəkələrdən birində "xxxx" tikinti şirkətinin əlaqə nömrəsini görmüşdür. Onlarla əlaqə saxlayıb evini təmir etdirmək istədiyini söyləmişdir. Şirkətin nümayəndəsi də mənzilə gəlib baxaraq smeta dəyəri çıxaracaqlarını bildirmişdir. Şirkətin müdiri Emin 3 nəfər işçisi ilə oraya gələrək evə baxıb 15000 manata evi sadə şəkildə təmir etdirib təhvil verə biləcəklərini söyləmişdir. Ona bir qədər güzəşt etməsini söylədikdə 14000 manata razılığa gəlmişdir. Onlar elə oradaca müqavilə bağlamışlar. Həmin müqavilənin bir nüsxəsi də onda imiş. Lakin, hazırda həmin müqaviləni tapa bilmir. O, növbəti gün Emin ilə Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən "xxxx" ASC-nin Qubadlı rayon fialina gedərək, onun qarşısında yerləşən "Milli ön" ödəmə terminali vasitəsilə 12000 manat pulu şirkətin hesabına köçürtmüşdür. Bundan sonra Emin həmin evə ustaları və tikinti materiallarını yığaraq təmirə başlamışdır. Təmir ərəfəsində onun pula ehtiyacı olduğundan Emindən 500 manatı geri verməsini, təmir başa çatana qədər qaytaracağını demişdir. Emin də həmin evdə 500 manat pulu ona vermişdir. Sonralar Emin bir dəfə ona zəng edərək ustalardan birinə 200 manat pul verməsini istəmişdir. O da H.Z.Tağıyev qəsəbəsi ərazisində adını bilmədiyi həmin usta ilə görüşüb 200 manat pulu vermişdir. Sonra Emin yenə ona zəng edərək ustaların yemək üçün pulu olmadıqlarını deyib aparıb ustalara 100 manat pul verməsini istəmişdir. O da 100 manat pulu aparıb həmin evdə ustalara vermişdir. Təxminən 2023-cü ilin may ayından etibarən həmin evdə təmir işlərini tamamilə dayandırmışdır. Səbəb olaraq tikinti materialları almaq üçün pulu tikinti materialları satışı mağazasına verdiyini, Dövlət Vergi Xidməti həmin mağazanın fəaliyyətini dayandırdığından materialları götürə bilmədiyini demişdir. Həmin vaxtdan etibarən Emin evi təmir etdirməmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Həmin tikinti şirkəti evin suvağını, döşəməni, tavanı hazır vəziyyətə gətirmiş, mətbəx, hamam və tualetin təmirini, döşəmənin laminantını, oboy vurulması, otaqların qapısının qoyulması, qızıdırıcı radiatorlarin yerləşdirilməsi işi isə görülməmişdir. Yoxlama zamanı "Emin Mehraboğlu" tikinti şirkətinin rəhbəri Emin adlı şəxs ilə istifadəsində olan: 077 *** ** ** saylı mobil nömrə vasitəsilə əlaqə saxlanılmış, sonuncu izahat verməkdən ötrü gələcəyini bildirsə də yoxlama müddətində gəlməmişir. Bununla bağlı protokol tərtib edilməklə toplanmış materiala əlavə edilmişdir. İddiaçı müraciəti əsasında yoxlama zamanı toplanmış materialda hər hansı cinayət hadisəsi olmadığı, tərəflər arasında yaranmış mübahisənin mülki xarakter daşıması müəyyən edilmiş, göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 12000 manat ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı Şəhid ailəsi üzvüdür. Bu barədə ona ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi Publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 000183 saylı vəsiqə verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 10/4205 №-li Ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil üzrə baxış zamanı təqdim olunmuş işlərin görülməsinə sərf olunan vəsaitin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 6634 manat məbləğində olduğu müəyyən olundu. İş materiallarında olan həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı arasında 03 fevral 2023-cü il tarixdə “Xidmət göstərilməsi haqqında” 02/2023 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, cavabdeh iddiaçıya məxsus mənzili təmir etməyi, iddiaçı isə xidmətlər qarşılığında cavabdehə 14000 manat ödəməyi öz üzərinə götürmüşdür, həmin razılaşma əsasında tərəflər arasında öhdəliklər yaranmışdır, iddiaçı müqavilə üzrə cavabdehə ümumilikdə 12000 manat pul ödəmişdir, bununla belə, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq, müqavilədə nəzərdə tutulmuş qaydada mənzilin təmirini tam həyata keçirməmişdir, hazırki iddia tələbi müqavilə üzrə şərtlərin tam yerinə yetirilməməsinə görə 6634 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədədir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 6634 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın qiyməti, onun 1000 manatdan 10000 manatadək olması nəzərə alınmalı, 86,34 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6634 (altı min altı yüz otuz dörd) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 86 (səksən altı) manat 34 (otuz dörd) qəpik alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4226/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4226/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver