Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4289/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Ərizəçi, onun vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək faktının müəyyən edilməsi’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən mövcud yaşayış evinin Ərizəçi istifadəsində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ş. Səmədov küçəsi, ev 14 ünvanında yerləşən hasar daxili 0,045 ha torpaq sahəsi uzun illərdir ki, Ərizəçi istifadəsində və sahibliyindədir. Belə ki, sözügedən torpaq sahəsi Ərizəçi ilə birlikdə yaşayan mərhum atasının istifadəsində olmuş və hamin torpaq sahəsi heç bir mübahisəsiz hal-hazırkı vaxta qədər ərizəçinin istifadəsindədir. Ərizəçi tərəfindən müvafiq icra hakimiyyətinə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla istifadəsində olduğu sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində yaşayış sahəsi inşa edilmiş və ailə üzvləri ilə həmin yaşayış sahəsində uzun illərdir ki, yaşayır. Mənzil-kommunal xidmətləri barədə müqavilə əsasında yaşayış sahəsinə aid su, işıq, qaz və digər kommunal ödənişlər aparılmışdır. Xətai rayon Bələdiyyəsinin torpaq vergisi barədə qəbzindən görünür ki, ərizəçi həmin torpaq sahəsinə torpaq vegisi ödəyir. Ən əsası ərizəçi və ailə üzvləri ünvan 2 ünvanında yerləşən yaşayış evinə pasport qeydiyyatındadırlar. Bu isə onu göstərir ki, torpaq sahəsi və üzərində yerləşən yaşayış evi ərizəçiyə məxsusdur və onun istifadəsindədir. Aşağıda adları göstərilən şahidlər iş üzrə mötəbər hallar barədə məhkəməyə izahat verəcəklər. Belə ki, ünvan 1 ünvanındakı yaşayış sahəsinə yaxın ərazidə yaşayan qonşular X1, X3 və X6 məhkəmədə şahidlik edərək, sözügedən ünvanda yerləşən sahənin və yaşayış evinin uzun illərdir Ərizəçi istifadəsində və sahibliyində olması faktını təsdiq edə bilərlər. Şahidlərin imzaladığı müvafiq akt iddia ərizəsinə əlavə olunur. Məhkəmənin hazırlıq iclasında ərizəçinin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, sözügedən əmlak 10 ilə yaxındır ərizəçinin sahibliyindədir. Məhkəməyə ərizə ilə müraciət etməsinə səbəb əmlak üzərində hüquqları təsdiq etməkdir. Məhkəmə tərəfindən sahiblik faktı müəyyən edilərsə bununla bağlı aidiyyəti inzibati orqana müraciət ediləcəkdir. Şəxsin əmlakdan istifadəsinə dair şahidlər də var. O, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. O, bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə əvvəllər də hər hansı sənədləri olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciətə baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etməli olduğu halda, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında ümumi məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakla bağlı hüquqların qeydiyyatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin ərazi idarələri tərəfindən həyata keçirilir. Qanunvericilikdə məhkəmələr tərəfindən daşınmaz əmlakla bağlı hüquqların tanınaraq qeydiyyata alınması nəzərdə tutulmamışdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd edilmiş qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə üzrə icraata xitam verilməlidir və ərizəçiyə ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair sahiblik və istifadə hüququnun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263* 264 və 266-268-ci maddələrini rəhbər tutub, qəraraaldı: Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə icraata işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Ərizəçi ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair sahiblik və istifadə hüququnun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək hüququnun olması izah olunsun. Ərizəçiyə izah olunsun ki, ərizə üzrə işin icraatına xitam verilməsi eyni tərəflər arasında, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. Ərizəçi ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılsın Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4289/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4289/2023
21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver