Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-43/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evin paylarına müvafiq naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, payının əvəzi olan 130000 manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması və əldə olunan pulun paylara uyğun ikisi arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55.9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan evi kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə qeyd edilən mənzilin hərracda satılması tələbinə dair hissədə baxılmamış saxlanmasını xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-43/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia ərizəsi həmin hissədə baxılmamış saxlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kvşm yaşayış,77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla İddiaçı 9/10 və Cavabdeh 1/10 hissədə olmaqla hər birinin payı müəyyən edilmişdir, qeyd edilən mənzildə hazırda iddiaçı yaşayır, digər payçı - cavabdeh ilə iddiaçının münasibətləri normal deyildir və cavabdeh artıq uzun müddətdir başqa ünvanda yaşayır, tərəflərin bir yerdə yaşamaq imkanları yoxdur və cavabdeh qeyd edilən ev üzərində iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaratmır, ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ki, həmin mənzilin naturada bölgüsü aparılsın. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, evin dəyəri 50.000 manatdır, evə dair çıxarış vardır, 1/10 hissədə ev ona, qalan hissədə iddiaçıya məxsusdur, ilk ekspertizada özü iştirak etmiş, bu zaman qeyd olunmuşdur ki, evə iki ayrı yerdən giriş-çıxış vardır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert rəyləri ilə razı deyildirlər, belə ki, ekspertlər rəylərində əmlakın bölünməsinin mümkünsüz olduğunu bildirsələr də, istinad etdikləri normalar yanlışdır, həmin normalar artıq qüvvəsini itirmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 66 saylı MKİS tərəfində verilmiş 2109 saylı xx.xx.2020-ci il tarixi Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi ev 22-də qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* №-li Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/10 hissə, İddiaçı 9/10 hissə adlarına daşınmaz əlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 5311 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/5167 saylı xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evinin otaqlarının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında İddiaçı payının 9/10 hissə, Cavabdeh payı 1/10 hissədə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqlar (tikililər) və bu otaqlara (tikililərə) ayrıayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.02.89*-nun 2.2; 2.4; 2.9 bəndlərinin və metodik əsaslarının Məhkəmə-Tikinti Texniki Ekspertizasının Həlli metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/1889 saylı xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evinin yaşayış və yardımçı otaqların planlı yerləşməsini, 1/10 hissəyə uyğun yaşayış sahəsinin normadan az olmasını, eyni zamanda 1/10 hissə paya uyğun yaşayış sahəsinin yaşayış və yardımçı tikililərin faktiki mövcud olmamasını nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylara uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.02.89*-nun 2.2; 2.4; 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evi 9/10 hissədə paylı mülkiyyət üzrə İddiaçı, 1/10 hissədə Cavabdeh məxsusdur, həmin mənzilin naturada ayrılması barədə tərəflər arasında mübahisə mövcuddur, payın ayrılması üsulu və şərtləri haqqında məhkəmədən kənar qaydada tərəflər arasında razılıq əldə edilməmişdir. Məhkəmə, ekspert rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək qeyd edir ki, həmin rəylər sübut kimi qəbul edilməli, mənzilin paylara uyğun olaraq naturada ayrılması məsələsinin həllində ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ekspertlərin gəldiyi nəticəyə görə mənzilin texniki cəhətdən ayrılması mümkün olmadığından, iddia tələbi də təmin oluna bilməz. Həmçinin məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddiaçının öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçisi - Cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən, ...fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər..., əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evin paylarına müvafiq naturada bölünməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 150 manat məbləğində pul iddiaçıdan alınaraq (50 manat və 100 manat) dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evin paylarına müvafiq naturada bölünməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 (yüz əlli) manat pul məbləği İddiaçı alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-43/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-43/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver