Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4321/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ailəsinin maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar işə düzəlmək və qazanc əldə etmək üçün uzun müddət bir çox iş yerlərinə və şəxslərə müraciət etmişdir. Lakin işlə təmin oluna bilməmişdir. Ötən ilin əvvəlləri nəhayət işə düzəlmə imkanı olduğu halda, məlum olmuşdur ki, sistemdə iddiaçının adına qeydiyyatda olan başqa bir əmək müqaviləsi vardır. Belə ki, iddiaçının məlumatı və iştirakı olmadan xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC ilə aralarında əmək müqaviləsi bağlanmış və indi də həmin müqaviləyə əsasən sözügedən şirkətdə xadimə vəzifəsində qeydiyyatdadır. Halbuki, iddiaçı həmin MMC-nin işəgötürənini tanımır, heç vaxt MMC tərəfindən işə çağırılmamış və əmək haqqı almamışdır. İddiaçı müvafiq qanunsuzluqla bağlı dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, onlar iddiaşının müraciətini Nazirliyin yanında X4 Xidmətinə yönəltmişlər. Xidmətin Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixli məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciətinin araşdırılması üçün lazımı sənədlərin təqdim olunması Cavabdeh MMC-dən tələb olunsa da, bu tələb təmin edilmədiyindən araşdırılmanın başa çatdırılması da mümkün olmamışdır. Həmçinin X4 Xidməti bildirmişdir ki, əmək müqaviləsinin xitamı ilə bağlı həmin MMC-nin işəgötürəninə müraciət etməli, bu təmin olunmadıqda isə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Odur ki, iddiaçı Əmək Məcəlləsinin 69.1-ci maddəsini rəhbər tutaraq Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət ünvanlanmışdır. Lakin MMC tərəfindən X4 Xidmətinin müraciətinə cavab verilmədiyi kimi, iddiaçının da müraciətinə cavab verilməmişdir. İddiaçı isə qüvvədə olan həmin qanunsuz əmək müqaviləsinə görə hələ də, heç bir yerdə faktiki olaraq işə düzələ bilməmişdir. Odur ki, məsələnin başqa yolunun olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması öhdəliyi X4 Xidmətinə həvalə edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh MMC arasındakı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması öhdəliyinin X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçıiddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri hazırki məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 25 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Sizin "Lima-LM” MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Abşeron DOST Mərkəzinə ünvanladığı müraciətə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətdə qeyd olunan pozuntuların dəqiqləşdirilməsi məqsədilə İddiaçı ünvanına (AZ5021 Sumqayıt şəhəri, məhəllə 41, yataqxana 16 küçəsi) 3-17-5/2-Ə-49831/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktublar göndərilmişdir. Müraciəti ilə bağlı İddiaçı izahatını təqdim etmişdir. Araşdırmaya xx.xx.2024-cü il tarixində təqdim edilən izahatda İddiaçı "Lima-LM” MMC-də çalışmadığı və Cəmiyyətin direktoru X2 tanımadığını bildirmişdir. Bildirilmişdir ki, müraciətlə əlaqədar İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə "Lima-LM” MMC-nin ünvanlarına (AZ1018, ünvan 4830/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Tələb olunan sənədlərin təqdim olunması "Lima-LM” MMC tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Müraciətlə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektro sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən "Lima-LM” MMC tərəfindən İddiaçı aid bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alındığı və həmin əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. "Lima-LM” MMC tərəfindən müvafiq sənədlər X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaq və nəticəsi barədə məlumat veriləcəkdir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləti xaricindədir. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan İddiaçı tərəfindən "Lima-LM” MMC-yə ünvanlanmış 28 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı 28 dekabr 2024-cü il tarixdən tutduğu vəzifəsən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı "Lima-LM” MMC-də xadimə vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 288-ci maddəsinə əsasən Əmək Məcəlləsi əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həllini nizama salır. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. (Maddə 292) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir.
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci bəndi)
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi) Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göstərilən Məcəllənin 69.1 və 69.2-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”–ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC tərəfindən ona aid bağlanmış 03 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasında xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı X3 və Cavabdeh MMC-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmadığına görə iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq imkanından məhrum edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli məktubda iddiaçıya bildirilmişdir ki, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Beləliklə, cavabdeh tərəfindən əmək qanunvericiliyində işəgötürən üçün müəyyən edilmiş vəzifənin yerinə yetirilməməsi nəticəsində iddiaçı konstitusion hüququndan məhrum edilmiş, bu səbəbdən də o, başqa işəgötürənlə əmək müqaviləsi bağlaya bilməmiş, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçı ilə bağlanmış qeyd olunan əmək müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış olan 03 aprel 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması öhdəliyinin X4 Xidmətinə həvalə edilməsini xahiş etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti hazırkı mülki iş üzrə cavabdeh tərəf olmadığından, iddiaçının hüququ həmin orqan tərəfindən pozulmadığından həmin hissədə iddia tələbi təmin edilməməli, lakin qəbul ediləcək qətnamənin icrası qaydasında iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış olan 03 aprel 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında olan əmək münasibətinə (əmək müqaviləsinə) xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova