Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4336/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A ünvanda yerləşən fərdi yaşayış evi 23 avqust 2016cı ildən iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının tanışıdır. O, hazırda iddiaçıya məxsus olan fərdi yaşayış evini zəbt edərək orada qeydiyyatsız yaşayır. Cavabdeh iddiaçıya öz evində yaşamağa icazə vermir. Evin bütü kommunal xərclərini iddiaçı ödəyir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, o, İddiaçı mübahisəli mənzilə girib-çıxarkən görmüşdür. Onun cavabdehin əri ilə tanışlığı olmuşdur. İddiaçı həmin mənzildə yaşadığı ona məlum olmuşdur. Onlarla birlikdə cavabdehin ərinin xəstə bacısı da yaşamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, o, Günayın anasıdır, iddiaçı isə onun xalası qızıdır. 6-7 ildir ki, Günay Rafiq ilə ailə qurmuşdur. Onlar əvvəl Biləcəridə yaşamışlar. Daha sonra Biləcəridəki ev satılaraq hazırkı mübahisəli ev alınmışdır. Mübahisəli evin təmiri üçün o, qızına maddi köməklik etmişdir. Sözügedən mənzilin qiyməti 28.500 manatdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, o, İddiaçı mübahisəli mənzildə görmüşdür. Sevil həmin mənzildə yaşayır. Cavabdeh əri Rafiq Hüseynov əlil olmuşdur. Rafiq Hüseynov vəfat etmiş, o, Rafiqin yasında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A ünvanda yerləşən fərdi yaşayış evinin heç bir hüquqi sənədi yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə verilmiş iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi əmlakın mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən irəli sürülən iddia tələblərinə aiddir. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli əmlakın nə mülkiyyətçisi, nə də qanuni sahibi olması faktı müəyyən edilməmişdir. İddiaçı suyun, işığın, qazın onun adına olmasını qeyd etsə də, bu hal özlüyündə mülkiyyət hüquqlarının yaranması üçün kifayət deyil. Şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alındıqdan sonra əldə edildiyindən, mübahisəli mənzil dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından onun hazırkı iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni cavabdehin mübahisəli evdən çıxarılmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, İddiaçı heç bir subyektiv hüququ olmadan cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının belə subyektiv hüquqa malik olması və onun hüququnun cavabdeh tərəfindən pozulması faktı məhkəmə tərəfindən aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşdən görünür ki, cavabdeh iddiaçının qardaşı ilə faktiki nikah münasibətlərində olmuş, mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A ünvanda yerləşən özbaşına tikiliyə 2016-cı ildə köçərək orada yaşadığından, iddiaçının mərhum qardaşı ilə birgə təsərrüfat apardığından, cavabdehin özünəməxsus evi olmadığından, mübahisəli ev cavabdehin yeganə yaşayış yeri olduğundan iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması” barədə iddia tələbi rədd edilsin. İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4336/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4336/2021
01.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver